Səffan ibni Səlim, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edir:
«Sizə insanın bədəninə ən az zəhmət verən, ən sadə ibadəti tanıtdırımmı? Biri sükut, digəri isə yaxşı xüsusiyyət.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-194.)
Bura ibni Azəb nəql edir: Ərəblərdən birisi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib dedi: Mənə elə bir əməl öyrət ki, Behiştə gedim. Həzrət buyurdu: Ac müsəlmanı doydur! Susuza su ver! Yaxşı işlərə dəvət və pis işlərdən çəkindir. Əgər qüdrətin olmasa, dilini xeyir olmayan işlərdən qoru!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-195.)
Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
«Möminin dili, onun qəlbinin arxasındadır. Söz demək istədikdə, əvvəlcə sözü qəlbə nişan verir. Belə ki, əgər qəlb imzalasa və icazə versə, söz danışır. Əgər icazə verməsə, ağzını yumur. Münafiq, möminin əksinədir!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-198. )
Həmçinin, nəql olunur ki, bir dəstə, Müaviyənin sarayında söhbətlə məşğul idilər. Əhnəf ibni Qeys də kənarda oturub ağzını açmırdı. Ona dedilər: Ey Əbu Bəhr! Nə üçün danışmırsan? Belə cavab verir: Əgər yalan desəm, Allahdan qorxuram! Əgər doğrusunu desəm, sizdən qorxuram! Bəs nə yaxşı olar ki, heç danışmayım! "
Söylədiyimiz bütün rəvayətlərdən, sakitliyin əhəmiyyəti aydın oldu. İnsan susarkən, günahların xətərli təsirindən amandadır. Aqil insan öz sözünü ağlın və vicdanın qəzavətinə nişan verər. Əgər danışmağa icazə verməsə, susar. İnsanı susmağa təşviq edən rəvayətlər, onun yersiz danışıqların acı nəticəsindən qorunmasına işarədir. Yoxsa, qeyd edildiyi kimi danışıq hər bir fərdin və cəmiyyətin təkamül və inkişaf amilidir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi