"Ənam” surəsi (71-72)
71. قُلْ أَنَدْعُو مِن دُونِ اللّهِ مَا لاَ يَنفَعُنَا وَلاَ يَضُرُّنَا وَنُرَدُّ عَلَى أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَىَ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ
"De ki, Allah bizi hidayət etdikdən sonra bizə heç bir faydası və zərəri olmayan Allahdan qeyrisinimi çağıraq?! Geriyəmi (küfrəmi) qayıdaq?! Şeytanların yerdə yoldan çıxarıb azdırdığı kəs kimimi?! Hansı ki, onun yardımçıları var, onu hidayətə dəvət edib (deyirlər,) yanımıza gəl (haqqı qəbul et... Amma o dinləməz.) De ki, Allah tərəfindən gələn hidayət həqiqidir və bizə aləmlərin Rəbbi qarşısında təslim olmaq əmr edilib.”
72. وَأَنْ أَقِيمُواْ الصَّلاةَ وَاتَّقُوهُ وَهُوَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ
"(Bizə əmr olunub ki,) namazı bərpa edək, Ondan (Allahdan) qorxaq. Hüzurunda hamının məhşur olacağı Odur.”
Yetmiş ikinci ayədə dini vəzifələr arasından namaza və əqidələr arasından məada işarə olunmuşdur. Bu, namaz və məadın əhəmiyyətini göstərir.
Bir olan Allaha pərəstişdə aramlıq və təmərküz var. Şirk və çoxallahlıq isə insanda mövqesizlik, giclik yaradır. Hər hansı bir vicdanlı şəxs etiraf edər ki, bir olan Allah növbənöv tanrılardan üstündür. Allah həm təkdir, həm də razılığında yubanmır. Yalançı məbudlar isə çoxdur, onların hər birinin öz tələbi var və asanlıqla razılaşmırlar.
1. Suallar ünvanlamaqla vicdanları hərəkətə gətirək.
2. İnsanın pərəstişdə məqsədi fayda qazanmaq, zərəri dəf etməkdir. Bütlərdə isə belə bir qüdrət yoxdur. Bu baxımdan şirk qeyri-məntiqidir.
3. Xalqın mənfəət meylindən onların təbliğ və tərbiyəsində istifadə edək.
4. Şirk bir növ geriyə addım və etiqadi irticadır.
5. Şirk avaralıq və mövqesizlik səbəbidir.
6. Çaşqınlıqlar qarşısında qəti və aşkar mövqe tutulmalıdır.
7. Allaha təslimçilik öz inkişafımız üçün faydalıdır.
8. Namaz təqva ilə müşayiət olunduqda səmərə verir.
9. Məad və qiyamətə iman insanda təqvanın yaranması amilidir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti