39. وَالَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ مَن يَشَإِ اللّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
«Bizim ayələrimizi təkzib edənlər qaranlıqlardakı kar və lal kəslərdir. Allah istədiyini (layiq olduqda) azdırar, istədiyi kəsi (layiq bilsə) doğru yolda qərar verər.»
Hidayət və zəlalət Allahın əlində olsa da, Allah insana ixtiyar vermiş və Öz işini hikmət əsasında qurmuşdur. Məsələn, insanın Allah yolunda cihadı onun İlahi hidayəti üçün zəminədir. Eləcə də, insanın ətrafdakılara zülm etməsi onun azğınlığına səbəb olur. İlahi ayələrin təkzibi isə Allah tərəfindən azdırılma ilə nəticələnir.
1. Küfr və inad insanı tanıma vasitələrindən məhrum edən zülmətdir.
2. Haqqın təkzibi və onun gizlədilməsi lallıq, haqqı eşitməmək isə karlıqdır.
3. İlahi ayələrin təkzibinin nəticəsi zəlalət və ilahi qəhrdir.
4. Doğru yolda hərəkət üçün eşidən qulağa, haqq danışan dilə və daxili nura ehtiyac vardır.
40. قُلْ أَرَأَيْتُكُم إِنْ أَتَاكُمْ عَذَابُ اللّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللّهِ تَدْعُونَ إِن كُنتُمْ صَادِقِينَ
"De ki, əgər doğru deyirsinizsə, Allahın əzabı dünya və axirətdə sizə gəlib çatdıqda nə edəcəksiniz? Yoxsa Allahdan qeyrisinimi çağırarsınız?”
İnsan, adətən, rifah və rahatlıq içində yaşadıqda qafil, diqqətsiz olur. Amma qarşıya çıxan çətinliklər qəflət pərdəsini qaldırır və insandakı allahpərəstlik fitrəti oyanır.
1. Təbliğ və tərbiyə üsullarından biri qarşı tərəfə ünvanlanan sualdır.
2. Təcrübə göstərir ki, bütün insanlarda (zahirdə küfr etsələr də) allahpərəstlik fitrəti var. Hadisələr və bəlalar zamanı bu fitrət üzə çıxır. İslam peyğəmbərinin vəzifəsi insanların diqqətini onların yatmış fitrətinə yönəltməkdir.
3. Hadisələr və çətinliklər zamanı bütün qəflət pərdələri qaldırılır və insan yalnız Allaha üz tutur. Həmin vaxt başqa məbudlara diqqətsizlik onların puç olması dəlilidir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti