"Ənam” surəsi (21-22)
21. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ
"Allaha iftira yaxan və ilahi ayələri təkzib edəndən də zalım olan kimdir? Həqiqətən, zalımlar nicat tapmazlar.”
Quranda "kimdir daha zalım?” təbiri on beş dəfə işlədilmişdir. Belə bir müraciət Allaha iftira yaxanlara, xalqı məsciddən uzaqlaşdıranlara, şəhadət və haqqı gizlədənlərə ünvanlanmışdır. Aydın olur ki, əqidə zülmü, xalqı təkamüldən uzaqlaşdırmaq cəmiyyətə ən böyük zülmdür.
1. Daha əziz və daha müqəddəs bir şeyə qarşı zülm daha ağır zülmdür. Ona görə də Allaha zülm, Onun müqəddəs zatına iftira zülmlərin ən böyüyü sayılır.
2. İnsanların düşüncə və mədəniyyətinə zülm ən pis zülmlərdəndir. Bu sayaq zülmə nümunə olaraq Allaha şərik qoşulmasını, Allaha iftira yaxılmasını, yalandan peyğəmbərlik iddiasını, bidəti, rəy əsasında təfsiri göstərmək olar.
22. وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ أَيْنَ شُرَكَآؤُكُمُ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ
"Bir gün onları birlikdə hüzura gətirər (məhşur edər), sonra şərik qoşanlara deyərik: "Özünüz üçün (Allah) zənn etdiyiniz şərikləriniz haradadır?”
Müşriklərin qiyamət günü zəlilcəsinə dil çıxararaq yalvarması onların məhrumluq nişanəsidir. Bu məhrumiyyətə əvvəlki ayədə işarə olunmuşdur.
Ayədə şirk nəzərdə tutulsa da, Allahın övliyalarından qeyrilərini rəhbərliyə seçənlər və məsum övliyalarla müxalifətə qalxanlar da bir növ müşrik sayılırlar. Bu məsələyə "camieyi-kəbirə” ziyarətində də toxunulur. Hədisdə deyilir: "Bizim sözümüzü və yolumuzu inkar edənlər Allahın sözünü inkar edənlər kimidir və belə bir şəxs müşrik yerindədir.”
1. Qiyamət mühakiməsi açıq-aşkardır.
2. Hər bir əqidə, eşq və pərəstişdən qabaq qiyamət gününün sorğusuna hazır olaq.
3. Qiyamət günü hətta müşriklər üçün də tövhidin haqq olaraq zühur günüdür.
4. Şirk puç xəyaldan başqa bir şey deyildir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti