102. قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُواْ بِهَا كَافِرِينَ
"Həqiqətən, qədimdəkilərdən olan bir qrup da (bu sayaq suallar) soruşurdu. (Əməl gücü olmadığından) ona münasibətdə inkarçı və kafir oldular.”
İslam peyğəmbəri xalqla həcc haqqında danışırdı. Bir şəxs soruşdu: "Həcc hər il vacibdir, yoxsa ömür boyu bircə dəfə?” Həzrət Peyğəmbər (s) cavab vermədi. Həmin şəxs yenə həmin sualla müraciət etdi. Həzrət Peyğəmbər (s) buyurdu: "Bir bu qədər israr nə üçündür? Əgər desəm hər il, işiniz çətin olar. Bir mövzunu açıqlamamış siz də soruşmayın. Ötən ümmətlərin həlak olması səbəblərindən biri onların yersiz sualları idi.!
Bilmədiyimizi bilənlərdən soruşmalı olsaq da bəzi sualların cavabı aydınlaşdıqda fərd və cəmiyyətin zərərinə olur. Məsələn, başqalarının eybləri, hərbi sirlər haqqında verilən suallar bu qəbildəndir.
–Məsullar bəzi məsələləri cəmiyyətə açıqlamamalıdırlar. Məsələn, taxıl qıtlığı kimi iqtisadi məsələlər...
–Düzgün məlumat yaxşıdır, amma hər yerdə faydalı olmur.
–Xəbər və məlumatlar qruplaşdırılmalıdır. (Cabiri-Cöfi imam Baqirdən (ə) minlərlə hədis bilsə də bu hədisləri xalqa açmaq ixtiyarına malik deyildi.
–Bəzi xəbərlər kütləvi informasiya vasitələrində yayılmamalıdır. Çünki xəbərlər arasında xalqın zərərinə səbəb olanları da var. (Bəzi hallarda susmaq daha faydalıdır.)
–Müəllimlər və natiqlər danışarkən dinləyicilərin tutumunu nəzərə almalıdır.
–Bəzi hallarda təqiyyə yolu ilə əqidəni gizlətmək və bəzi sualları cavabsız buraxmaq lazımdır.
–İnsana xalqın sirrini və hərbi sirləri açmaq haqqı verilməyib.
1. Hər şeyi bilmək nə zəruridir, nə də faydalı. İnsan yalnız faydalı biliklər ardınca getməlidir. (İnsandakı maraq orta həddə olmalıdır. Kin-küdurət yaradan, ortaya problemlər çıxaran, cəmiyyətin əmin-amanlığını pozan məlumatlar ardınca gedilməməlidir.)
2. Bəzi hökmlərin xalqa vacib edilməsi ilahi əfv və bağışlama nişanəsidir.
3. Allah öz bəndələrinə tövbə möhləti verir.
4. Xalqın tutumundan üstün həqiqətlərin bəyanı onları küfrə aparır.
103. مَا جَعَلَ اللّهُ مِن بَحِيرَةٍ وَلاَ سَآئِبَةٍ وَلاَ وَصِيلَةٍ وَلاَ حَامٍ وَلَـكِنَّ الَّذِينَ كَفَرُواْ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ وَأَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ
"Allah heç bir bəhirə (qulağı çərtilmiş heyvan), saibə (çox doğub törədiyindən azad buraxılmış heyvan), vəsilə (dişi ilə birlikdə ekiz doğulmuş heyvan), ham (cütləşmə üçün on dəfə istifadə olunmuş dəvə) haqqında hökm verməmişdir. (Və sizə onlardan istifadəni qadağan etməmişdir.) Amma kafirlər Allaha iftira yaxırlar və onların çoxu düşüncə əhli deyil.”
Allaha düzgün və ağılabatan yolla yaxınlaşmaq lazımdır. Qeyri-ilahi yolla Allaha yaxınlaşmaq olmaz.
Cahil xalq elə düşünürdü ki, yuxarıda adı sadalanan heyvanları azad buraxmaqla bütlərə yaxınlaşacaq. Belə bir münasibətlə indi də Hindistanda rastlaşmaq olur. Bəziləri inəyə xüsusi hörmət bəsləyir.
Rəvayətdə bildirilir ki, "bəhirə” beş dəfə doğmuş və beşinci balası dişi olduğundan qulağı çərtilmiş dəvəyə deyilir. Cahil xalq belə dəvənin ətini haram sayırdı.
İmam Sadiq (ə) buyurmuşdur: "Cahiliyyət dövründə dəvə ekiz doğulanda ona "vəsilə” deyirdilər. Onu kəsməyi, ətini yeməyi "haram” sayırdılar. Dəvə on dəfə balaladıqda onu "saibə” adlandırırdılar. Belə bir heyvana minməyi, onun ətini yeməyi haram bilirdilər. Cütləşmə üçün istifadə olunan dəvəni "ham” adlandırır və onun da kəsilməsini haram bilirdilər.
1. Dini xurafat və bidətlərdən təmizləmək lazımdır.
2. Nə qədər ki, bir heyvan haqqında haram hökmü verilməyib, o, halal sayılmalıdır.
3. Malı tələf etmək və ya heyvanı başına buraxmaq Allaha qarşı iftira və haramdır. (Heyvanı azad buraxmaq və ya istifadəsini qadağan etmək caiz deyil. Belə bir halda insanın başlı-başına buraxılmasından danışmağa belə dəyməz.)
4. Dində bidət küfrdür. Yalnız Allahı inkar edən yox, Allaha iftira yaxanlar da kafirdirlər.
5. İlahi hökmlərin kökü gerçək ehtiyaclardır. Xurafat isə cəhalət və düşüncəsizlikdən doğur.
6. Əgər cəmiyyətin əksəriyyəti düşüncə əhli olsa, bidətlər inkişaf etməz.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti