"Ənam” surəsi (33-34)
33. قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ فَإِنَّهُمْ لاَ يُكَذِّبُونَكَ وَلَكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللّهِ يَجْحَدُونَ
"Əlbəttə, Biz deyilənlərin səni qəmləndirdiyini bilirik. (Amma qüssə yemə və bil ki,) onlar (əslində) səni yox, Allahın ayələrini inkar edirlər.”
Ayənin nazilolma şəni haqqında deyilir: Peyğəmbərin düşmənləri də onu əmanətdar və sədaqətli sayırdılar. Amma deyirdilər: "Əgər onun dediklərini təsdiq etsək, qəbiləmiz və mövqelərimiz alçaldılmış olar.” Bəzən isə belə deyirdilər: "O, sədaqətlidir, amma düşünür ki, ona vəhy gəlib.” Belə bir gümanla onlar ilahi ayələri təkzib edirdilər.
İmam Sadiq (ə) "səni təkzib etmirlər” təbiri haqqında buyurmuşdur: "Yəni onlar sənin dediklərini və müddəalarını batil edə bilməzlər.”
1. Müxaliflərin təkzibi rəhbəri pərişan etməməlidir. Bu səbəbdən də Allah Öz peyğəmbərinə təsəlli verib, onu himayə edir.
2. Allah insanın daxili ruhiyyəsinə agahdır.
3. Peyğəmbərin təkzib olunması Allahın təkzib olunmasıdır. Eləcə də, peyğəmbərə beyət Allahla beyətdir.
4. Başqalarının daha böyük çətinliklərini, təkzib olunmaqlarını nəzərə alaraq öz çətinliyimizi asan sayaq.
5. Peyğəmbərlərin müxalifləri hansısa bir şəxslə yox, əqidə məktəbi ilə müxalifdirlər.
6. İlahi ayələrin təkzibi insanın həm özünə, həm peyğəmbərə, həm əqidə məktəbinə, həm də gələcək nəsillərə zülmdür.
34. وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُواْ عَلَى مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّى أَتَاهُمْ نَصْرُنَا وَلاَ مُبَدِّلَ لِكَلِمَاتِ اللّهِ وَلَقدْ جَاءكَ مِن نَّبَإِ الْمُرْسَلِينَ
"Həqiqətən, səndən qabaq da peyğəmbərlər təkzib olundular. Amma onlar bu təkzib və əzab-əziyyət qarşısında səbir etdilər. Nəhayət, Bizim yardımımız onlara çatdı. (Sən də belə ol, çünki) Allahın kəlmələrini (sünnələrini) dəyişən yoxdur. Şübhəsiz, peyğəmbərlərin xəbərlərindən sənin üçün gəlmişdir. (Onların tarixi ilə tanışsan.)”
«Kəlmələr» dedikdə ilahi sünnələr nəzərdə tutulur.
Tarix hadisələri tanımaq üçün qəbul olunmuş qaynaq və mənbədir. Əvvəlki peyğəmbərlərin səbrindən, Hud, Saleh, Lut qövmünün həlak olmasından ibrət götürülməlidir. Allahın sünnə və qanunu budur ki, xalqa seçim azadlığı verilsin və peyğəmbərlər göndərilsin. Allah kafirləri cəzalarına çatdırır, peyğəmbərlərə öz dəvətlərində yardım göstərir.
Quranın müxtəlif ayələrində Allah-təala səbirli rəhbərlərə və möminlərə yardım göstərəcəyini Özünə vacib bilmişdir.
1. Haqq yol heç vaxt hamar olmamışdır. Peyğəmbər amallarının araşdırılması daim çətinliklərlə müşayiət olunmuşdur.
2. Çətinliklərə sinə gəlməkdə ən üstün vasitə ilahi yardımların bəyanıdır.
3. Rəhbərlər hamıdan itaət gözləməməlidirlər.
4. Qələbənin əsas şərti səbirdir. (Allah səbirlilərə qələbə ümidi verir.)
5. Düşmənlər haqqa qarşı döyüşdə heç nədən çəkinmirlər. Onlar həm təkzib edir, həm də əzab-əziyyət verirlər.
6. Ardıcıl səbir ilahi yardıma çatma zəminəsidir.
7. Haqq qalibdir.
8. İlahi sünnələr, qanunlar dəyişməzdir. Allah Öz vədinə vəfalıdır.
9. Hər kəs tarixdən öz oxşarını tapmalıdır.
10. Keçmiş nəslin zəhmətlərini xatırlamaq və dəyərləndirmək lazımdır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti