"Ənam” surəsi (69-70)
69. وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَلَـكِن ذِكْرَى لَعَلَّهُمْ يَتَّقُونَ
"Təqva yolunu seçənlər onların (sitəmkarların) günahına görə sorğuya çəkilməyəcəklər. Amma onlara nəsihət verməlidirlər ki, bəlkə təqvalılardan olalar.”
Pis danışanlar və məsxərəyə qoyanlarla yoldaşlığı qadağan edən ayə nazil olduqda bir dəstə dedi: "Demək, Məscidül-hərama da getməməli, təvaf etməməliyik. Çünki istehza edənlərin əli oraya uzanmışdır.” Ayə nazil oldu ki, gücləri qədərində xatırladan təqvalı müsəlmanların hesabı ayrıdır. Onlar Məscidül-həramı tərk etməsinlər.”
Nəhy əz münkər və doğru yola çağırış məqsədi ilə günah əhlinin məclisində iştirak etməyin eybi yoxdur. Əlbəttə ki, bu istisna təqvalı və təsirə düşməyən insanlara aiddir. Çoxları isə boğulanı qurtarmaq istədikdə özləri qərq olurlar.
Su çəkmək istərkən çaydan bir qulam,
Çay alıb qulamı apardı lapdan.
1. Məsələlərdə "əhəmm” və "mühüm” (əhəmiyyətli və daha əhəmiyyətli) prinsipinə riayət edilməsi əqli və islami üsullardandır. Azğınları qurtarmaq və ya pis sözə cavab vermək məqsədi ilə müvəqqəti olaraq haqsızlığı dinləmək caizdir.
2. Təqva insanı günahdan qoruyan vasitədir. (Yanğın söndürənləri oddan qoruyan xüsusi libas kimi.)
3. Haqsız danışanlarla yoldaşlıqdan çəkinək və onların sözünü dinləməyək. Amma özümüzdən asılı olmayaraq bir söz eşitsək, bunun eybi yoxdur.
4. Özümüz təqvalı olmaqla yanaşı başqalarının da təqvalı olmalarına çalışaq.
70. وَذَرِ الَّذِينَ اتَّخَذُواْ دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَذَكِّرْ بِهِ أَن تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ اللّهِ وَلِيٌّ وَلاَ شَفِيعٌ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لاَّ يُؤْخَذْ مِنْهَا أُوْلَـئِكَ الَّذِينَ أُبْسِلُواْ بِمَا كَسَبُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُواْ يَكْفُرُونَ
"Dinlərini oyun-oyuncağa çevirənlərdən, dünya həyatının məğlub etdiyi kəslərdən əl götür. Quran vasitəsi ilə onlara öyüd ver. Məbada, kəsb etdiklərinin cəzası ilə məhv olsunlar. Halbuki Allahdan savay heç bir yardımçıları və şəfaətçiləri yoxdur!Əgər (həmin gün insan cəzasına görə) istənilən cür əvəz ödəsə, ondan qəbul olunmaz. Onlar o kəslərdir ki, kəsb etdiklərinin cəzası olaraq fəlakətə düşdülər. Onlar üçün küfrlərinin cəzası olaraq yanar sudan şərab və dərdli əzab olacaq.”
Ayədə azğınlardan əl götürülməsi dedikdə, onlara nifrətin izharı və rabitələrin kəsilməsi nəzərdə tutulur. Bəzən bu, müxaliflərlə döyüşlə sona çatır. Şübhəsiz ki, təkcə müxaliflərlə cihadın tərk olunması nəzərdə tutulmur.
"Tubsəl” dedikdə yaxşılıqlardan məhrum olub fəlakətə çatmaq nəzərdə tutulur.
Dinin oyuncağa çevrilməsi hər dönəmdə müəyyən bir formada təzahür etmişdir. Bəzən xurafi əqidələr izhar edilmiş, bəzən hökmlərin icrası mümkünsüz sayılmış, bəzən günahlara don geyindirilmiş, bəzən bidətə əl atılmış, bəzən rəy əsasında təfsir verilmiş və mütəşabeh ayələr əsas götürülmüşdür.
1. Dini qeyrət cəmiyyətdə dinsizlərin və əqidə müxaliflərinin rədd edilməsinə səbəb olur. Digər ayələrdə də bu məsələyə toxunulmuşdur.
2. Dünyaya bağlılıq və aldanış dinin oyuncağa çevrilməsi üçün zəmindir.
3. Xatırlatma və moizə ilahi qəhr-qəzəbdən qurtuluş səbəbidir.
4. Xatırlatma zamanı Qurandan bəhrələnməliyik.
5. Dünya ilə qürrələnməyək. Qiyamətdə Allahdan savay köməyimiz yoxdur.
6. İnsanın bədbəxtlik amili onun özü və əməlləridir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti