"Ənam” surəsi (9-10)
9. وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ
"Əgər (peyğəmbəri) mələk qərar verərdiksə, hökmən onu bir kişi surətində gətirərdik. (Yenə də deyərdilər ki, bu bizim özümüzdəndir və öz şübhələrini təkrarlayardılar.) Həmin işi onlar üçün şübhəli (seçimli) etdik, necə ki, onlar (öz iradları ilə ) işi başqaları üçün şübhəli etmişdilər.”
"Ləbs” sözü pərdələmək, dolaşıq salmaq mənalarını bildirir. "Lubs” sözü isə libas geymək mənasındadır.
Əgər insanlar üçün peyğəmbər və nümunə mələk olsa, bu mələk nəfs istəkləri tufanında çabalayan insanlara necə rəhbərlik edə bilər?
Ayə belə mənalandırıla bilər: Əgər peyğəmbər mələk olsa, bir kişi surətində zahir olmalıdır. Bu halda o, gözə görünər. Belə bir vəziyyətdə xalq təyin edə bilməz ki, o, insandır, yoxsa mələk.
1. İlahi sünnələr, qanunlar hikmətə əsaslanır. Kiminsə istəyi ilə onlar dəyişilmir. "(Ləv”) belə bir məna verir ki, biz öz işimizi görürük və yersiz istəklərlə işimiz yoxdur.)
2. Xalqın tərbiyə və dəvəti üçün insan seçilməlidir ki, o bütün işlərdə nümunə və öncül olsun.
3. Peyğəmbərlər xalqın arasından seçilir.
10. وَلَقَدِ اسْتُهْزِىءَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ
"Şübhəsiz, peyğəmbərlərə səndən qabaq da istehza etdilər, istehza etdikləri əzab məsxərə edənlərə nazil oldu.”
Bu ayə İslam peyğəmbərinə bir təskinlikdir. Əvvəla, əvvəlki peyğəmbərlərə də istehza edilmişdir. İkincisi, istehza edənləri təkcə axirət əzabı yox, həm də dünyəvi əzab gözləyir.
1. Başqalarının çətinlikləri barədə düşünmək insanın səbrini artırır. Müxaliflərin istehzaları din təbliğatçısını sarsıtmamalıdır.
2. Rəhbərlərin ruhiyyəsini zəiflətməkdə düşmənin psixoloji müharibələrindən biri də istehzadır. Düşmənlərin istehzasına müqavimət göstərilməlidir.
3. Məsxərə edənlər sonra zəlil olar və istehzaları onları öz ağuşuna alar.
4. Dinə istehza kəbirə günahlardan biridir. Bu günah müqabilində əzab vəd olunmuşdur.
5. Allah peyğəmbərlərin himayəçisidir və istehza edənləri məhv edir.
6. İstehza kafirlərin daimi üslubudur.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti