Təzəkkür və nəsihət
Əmr be mərufun digər qisminə dəlalət edən növlərindən biri də, moizə və nəsihət etməkdir. Bu qismin bir neçə forması vardır və onun nümunələri bir-birindən fərqlənir. Məsələn, siz təsadüfən bir nəfərin bilərəkdən, lakin xəlvətdə günah etdiyindən xəbər tutursunuz. Həmin adam əslində heç kəsin onun nə kimi günah iş gördüyündən xəbərdar olmasını istəmir. Hətta əgər onun işindən xəbər tutmanızı bilsə, narahat olub utanar. Belə yerdə siz ona əmr be məruf və nəhy əz münkər etməlisiniz. Amma bu iş elə aparılmalıdır ki, o xəcalət çəkməsin. Çünki, başqasına xəcalət vermək, həmin adama əziyyət etmək kimi bir şeydir və möminə də əziyyət vermək haramdır. Onunla elə rəftar edilməlidir ki, o, sizin onun günahından xəbərdar olduğunuzu bilməsin. Məsələn, ümumi şəkildə danışmaqla ona nəsihət edə bilərsiniz. Lakin siz qətiyyən, əsla onun etdiyi pis əməli başqalarının yanında aşkar etməməlisiniz. Başqasının günahlarını faş edib yaymağın özü böyük günahdır. Və ya onu başqalarının yanında əmr be mərufa dəvət etməklə digərlərini də etdiyi günahdan agah edirsiniz. Bu təqdirdə həmin adam xəcalət çəkəcək ki, bunun özü də digər bir günahdır. İkincisi, başqalarını da onun günahından agah etdiyiniz üçün daha böyük bir günaha batmış olursunuz. Mümkündür ki, o sadə bir günaha batmışdı, amma siz vacib təklifə əməl etmək adı ilə iki böyük günaha mürtəkib oldunuz.
Deməli, əgər bir kəs xəlvətdə günah etmiş olsa, hətta böyük günah olsa belə, əvvəla sizin haqqınız yoxdur onun sirrini faş edib, başqasına deyəsiniz. Hətta sizin haqqınız yoxdur ki, onun sirrini atasına və anasına deyəsiniz. Çünki, həmin adam xəcalət çəkəcək, abır-həyası gedəcəkdir. Möminin abrını aparmaq haramdır. Bu məsələdə ancaq bir istisnai hal ola bilər. O da budur ki, həmin günahkar şəxsin islah yolu, düzəlməsinin çarəsi ancaq başqasına deyilməklə mümkün olsun. Yəni, heç bir yolla günahından əl çəkmək istəməsə və onu bu işdən çəkindirmək başqasının əli ilə mümkün olsa, deyə bilərsiniz, o da aram-aram günahkar şəxsin islahı ilə məşğul olsun. Ancaq bu yerdə bir kəsin günahı başqası üçün açıqlana bilər. Ancaq mümkün qədər səbr edib, özünüz onun islahı ilə məşğul olmalı, onu tutduğu əyri yoldan çəkindirməlisiniz. Amma onun islahına elə məharətlə çalışmalısınız ki, sizin vəziyyətdən xəbərdar olduğunuzu bilməsin. Bununla siz onun abır-həyasını qorumuş olursunuz. Allah-taala «Səttar-əl-uyub»dur (eyibləri örtəndir). Və razı olmaz ki, möminin sirri başqasının yanında faş olsun.
Əksəriyyətin bu məsələdən xəbəri yoxdur. Elə bilirlər ki, bir kəs günaha batmışsa, həmin saat ifşa olunmalıdır. Tez gedib əlaqədar orqanlara xəbər verməli, ya da günahına görə yerindəcə məhkum olunmalıdır. Və ya şəriətdə nəzərdə tutulan qanunlarla cəzalanmalı, tutduğu işə görə xalq arasında məhkum olunmalıdır. Məlum məsələdir ki, fiziki cəzalara səbəb olan günahı bu sadəliklə ifşa etmək caiz deyildir. Bunun üçün həmin günahı dörd nəfər şəxsin bir yerdə görməsi lazımlı şərtlərdən sayılır. Bu halda həmin dörd nəfərin əhvalatı səlahiyyətli orqanlara bildirməyə haqqı çatır. Amma əgər üç nəfər mömin bilsələr ki, bir nəfər günah işi görübdür və bu işə görə də cəza düşür, gedib məhkəmədə məsələni açıqlayıb şəhadət versələr, əgər bunların sözünü təsdiqləyən dördüncü şəxs olmazsa, qazi həmin üç nəfərin özünü cəzalandırmalıdır. İslam bu dərəcədə xalqın sirrinin faş olmasına diqqət yetirir. Əlbəttə, əgər rüsvayçılıq o həddə çatmış olsa ki, günahı dörd nəfər adil şəxs birlikdə görmüş olsalar, özü də elə bir halda ki, dörd nəfərin heç birində azacıq da olsa, şübhə yeri qalmasın, belə olan surətdə günahkar tərəfə ilahi hədd icra olunmalıdır. İlahi hədd və cəza icra edilməlidir.
Əmr be məruf və nəhy əz münkərin başqa bir növü də budur ki, günahkar şəxs ipə-sapa yatmaz bir adamdır. Düzdür ki, indi günahı xəlvətdə edir, amma əgər başqaları da onun işindən xəbər tutsalar, nə həya edər və nə də xəcalət çəkər. Belə adamın haqqında öz günahından xəcalət çəkən adamda olduğu kimi sirri saxlamaq lazım deyil. Amma yenə də onu tutduğu pis işdən elə çəkindirmək lazımdır ki, xəbəri olmayanlar bu işdən agah olmasınlar. Onunla xüsusi şəkildə söhbət edilməlidir. Hay-küy salıb, xəbəri hər tərəfə yaymaq lazım deyil. Düzdür ki, onu belə işlər narahat etmir, amma siz yenə də xəbəri yaymaqdan çəkinməlisiniz. Əvvəlki məsələdə günahkar başqalarının onun tutduğu işdən agah olmasını istəmirdisə və açıqca günaha yol vermirdisə, siz də çalışıb onun sirrini gizli saxlamalısınız. Ehtiramını gözləmək şərti ilə ona nəsihət edib doğru yola yönəltməlisiniz. Məsələn, hədis söyləməklə, əxlaqi məclislərə dəvət etməklə onu tutduğu işin pis bir əməl olmasından agah etməlisiniz.
Amma bir nəfər utanmadan, açıqcasına camaatın gözü qarşısında günah edirsə, belə adam barəsində nəzərdə tutulan əmr be məruf daha kəskin şəkildə qoyulmalıdır. Bununla belə onunla necə rəftar etməyin də müəyyən mərhələləri vardır. Bu yerdə artıq sirrin qorunması əsas məsələ sayılmır. Sözünüzü ona xəlvətdə deməyiniz və ya sizin də onun tutduğu günahı bilməyinizi gizləməniz lazım deyil. Çünki o, günahını aşkar edir, ictimai yerlərdə yaramaz işlər görür; özü öz həyasını aparır. O camaatın hüzürunda günah etməkdən çəkinmir. Burada da əmr be məruf işini mərhələli şəkildə aparmanızı nəzərdən qaçırmamalısınız. Əvvəl mülayimliklə, ehtiramla ona nəsihət edib, tutduğu günahı tərk etməsinə çalışmalısınız. Tutduğu əməlin dünya və axirət təsirlərini ona aydınlatmaqla, aqibətinə diqqət yetirməklə, təşviq vasitəsilə günahının tərkinə səy edilməlidir. Hətta dillə edilən təşviqdən əlavə, əməli yollarla da onu doğru yola cəzb etmək olar. Əlbəttə, bu, hər kəsin bacara biləcəyi iş deyil. Amma bəzi imkanlı şəxslər həmin adama maddi köməklik göstərməklə, müxtəlif əməli təsirlərlə, onu əyri yoldan döndərə bilərlər. Məsələn, qonaq çağırıb könlünü almaqla, səfərə aparmaqla və s.
Bu kimi təşviqlərin özü də ayrı-ayrı şəxslərin hansı növ günaha və məlumata sahib olmalarından asılıdır. Bu tip adamların əmr be məruf və nəhy əz münkər edilməsi birinci mərhələdə çox aram, yumşaqlıqla, ədəbli və təşviqlə yanaşı aparılır.
Əgər birinci mərhələ təsir etməzsə, ikinci mərhələdə nisbətən sərt üsuldan istifadə edilir. Yəni, bu mərhələdə qaş-qabaqlı davranıb, qarşı tərəfə nisbətən sərt etirazını bildirirsən. Əvvəldə qeyd etdiyimiz rəvayətdə oxuduğumuz "ləm yətəməər vəchuhu ğəyzən li qəttu” cümləsi məhz bu kimi şərait üçün nəzərdə tutulur.
Elə ki, gördünüz yumşaq dillə qəbul etmir, qaş-qabaqlı və acıqlı tərzdə ondan tələb edin. Bu kimi yerlərdə günahkar şəxsin qarşısında kəskin mövqe tutmaq lazımdır. Məsələni onlara amiranə şəkildə deməlisiniz. Deyin ki, bu işi etməməlisən! Əgər görsəniz sizin amiranə sözünüz də ona təsir etmir, onu, əməlindən əl götürməzsə, səlahiyyətli orqanlara müraciət edəcəyinizlə hədələyə bilərsiniz. Amma günahı gördüyünüz ilk addımda gedib şikayət etmək lazım deyil. Əvvəl xoş dillə, sonra sərt danlamaqla, daha sonra isə təhdid etməklə xəbərdarlıq edin. Bu tədbirlər nəticə verməsə, onda gedib lazımi yerlərə şikayət edə bilərsiniz. Yəni, əmr be məruf və nəhy əz münkər işində mərhələləri gözləmək lazımdır. Yersiz heç kəsi danlayıb, təhqir etmək olmaz.
Əlbəttdə, işinizdə ifrat və təfritə yol verməməyi yaddan çıxarmamalısınız. Bizim əksər problemlərimiz bu iki məsələyə düzgün əməl edə bilməməyimizdən doğur. Hərdən bəziləri ifrata, başqa bir tərəfdən isə bəziləri təfritə varırlar. Əksər hallarda hadisələr başqa işlərin əks-reaksiyasından yaranır. Buna görə də hərdən birinin ləngiməyi, digərinin sürətli hərəkətinə səbəb olur. Və ya bəzilərinin yersiz rəftarı, qarşı tərəfi vacib sayılan islami əməlin inkarına gətirib çıxarır. Lakin İslam hər şeyi öz həddində qərar vermişdir. Mümkün olduğu qədər sülhlə davranılmalıdır. Amma bu o demək deyil ki, bir nəfər islah olunmaq niyyətində olmayan günahkara görə cəmiyyətin asayişi pozulmalıdır. Cəmiyyətin məsləhət bilinən nizam-intizamı hər şeydən və hər kəsdən üstündür. İslam cəmiyyətində müqəddəs qayda-qanunlar qorunmalıdır. İslam cəmiyyəti elə olmalıdır ki, bu cəmiyyətdə günah iş tutan şəxs xəcalət çəksin. Əgər bu dəyərlərə əməl edilməzsə, İslam cəmiyyətində başqa problemlər ortaya çıxacaqdır. Hər halda söylədiklərimiz təqribən moizə və nəsihətin nümunələridir.
Moizə, bir kəsi dillə yaxşı işlərə dəvət və təşviq etməkdir. Yaxşı işin nəticəsi olaraq, faydası və ya tərk edildiyi surətdə insana verdiyi zərərlərini bəyan etməkdir. Eləcə də, bir çox günah işlərin sonda insanı bədbəxtliyə sürüklədiyini tutarlı dəlillərlə izah etməkdir.
Lakin əmr - təhrik etmək, o şəxsi məcbur etmək mənasına gəlir. Bütün müsəlmanlar xətakar şəxsə əmr verməlidirlər. Bu məsələdə onunla söhbət etməyin, ona moizə oxumağın yeri deyil. Bəlkə bir cümlədə konkret olaraq ona deməlisən ki, bu işi tərk etməlisən. Bu əmr be məruf və nəhy əz münkərin aşkar nümunəsidir. Burada «üluvv» və «istila» şərtdir. «Üluvv» və «istila» yuxarıdan, uca məqamdan, yüksəkdən aşağıya doğru əmr etmək deməkdir. Bu mərhələ başa çatarsa və günahkar şəxs yenə də öz işindən əl götürməzsə, onda məxsus şərtləri olan başqa bir mərhələ başlanır.
Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi