Kəbənin təmiri
Qur’ani–kərimdən bildiyimiz tək,
Allahın əmrinə əməl edərək.
Həzrəti İbrahim oğlu İsmail,
Kə’bəni tikməyə oldular nail.
Ziyarətgah kimi tikilən zaman,
Bu evin üstündə yox idi tavan.
Üstünə illərlə yağış tökülmüş,
Divarlar bir neçə yerdən sökülmü.
Odur ki, yığılıb qureyşilərdən,
Kə’bəni yenidən tə’mir edərkən.
Divarlar hörülüb möhkəm tikildi,
Üstünə taxtadan tavan çəkildi.
Qara daşı qoymaq vaxtı çatanda,
Böyük mübahisə oldu bu anda.
Bu müqəddəs daşı ilk kim alacaq,
Yerinə qoymağa nail olacaq.
Odur bu ixtilaf çıxdı davaya,
Qanla dolu çanaq gəldi araya.
Əllərini qana bir–bir saldılar,
Ölüb öldürməyə hazır qaldılar.
Bir ağsaqqal dedi: – Dayanın bir az,
Bu işi qan ilə həll etmək olmaz.
Mən təklif edirəm bu məscidə kim,
Birinci gələrsə o olsun hakim.
Hamı razılığa gəldi bu zaman,
Həzrəti gördülər girdi qapıdan.
Dedilər: – "əl əmin” Mühəmməddi bu!
Məsələdən agah etdilər onu.
Yerə səriləcək parça gətirtdi
Alıb səliqəylə tez yerə sərdi,
Həcərül–əsvədi o yavaş–yavaş.
Parçanın üstünə qoyanda birbaş,
Hamısı heyrətlə baxırdı ona.
Dedi ki: – Dörd nəfər gəlsin yaxına,
Hər bir qəbilədən tutdu bir nəfər.
Qoyulduğu yerə bir gətirdilər,
Həzrət daşı alıb yerinə qoydu
Hamı sakit olub hirsi soyudu.
Kə’bəni tə’mirə başlayan zaman,
Mühüm bir hadisə baş verdi bu an.
Abbas Həzrət ilə daş daşıyarkən,
Dedi: – Ehramını çiyninə sal sən.
O zaman çiyninə düşməz əziyyət,
Məsləhətə qulaq asaraq Həzrət.
Ehramın çiyninə alıb çəkərkən,
Bədəni açıldı getdi özündən.
Bu hal keçən kimi ehramın aldı,
Bədənin örtərək üstünə saldı.
Əbu Talib sordu maraqlanaraq,
Əmisinə cavab verdi bu sayaq:
– Ehramı çiynimə qoyduğum zaman.
Bir səs qulağıma gəldi uzaqdan,
Ört öz vücudunu söylədi mənə.
Sən ki Peyğəmbərsən yaraşmaz sənə,
Eşitcək bu səsi itdi taqətim.
Qorxudan yayındı bir an diqqətim,
Həzrətin qorxusu deyildi əbəs.
Qeybdən gəlmişdi ilk nida ilk səs!