Əl açdı göylərə peyğəmbərimiz!
Tanrıdan bir övlad payı dilədi.
Beləcə güləydi hər diləyimiz,
Allah bu arzuya onu yetirdi.
Əl açdı göylərə peyğəmbərimiz!
Nur parçası kimin bir oğlu oldu,
Sevinci sığmadı göylərə yerə.
Ancaq birdən birə pərişan oldu,
Amirdir oğlunu o, qurban verə.
Əl açdı göylərə peyğəmbərimiz!
Qurban verəcəyəm demişdi onu,
Allaha dediyi düşdü yadına.
Gərək qurbanlığa kəssin oğlunu,
Necə yalan çıxsın o, Allahına?
Əl açdı göylərə peyğəmbərimiz!
Açdı urəyini oğluna bir gün:
Allahdan mən səni dilədim oğlum!
Versə,qurban dedim Rəbbimə səni,
İndi necə qalxsın de,sənə qolum?
Əl açdı göylərə peyğəmbərimiz!
İsmayıl üz tutub dedi ataya:
Rəbbim yaradandır, Allah quluyuq.
Ağ olmaq olarmı, Uca Allaha?
Ondadır hər höküm,hər bir buyuruq.
Əl açdı göylərə peyğəmbərimiz!
İbrahim peyğəmbər bağrına basdı,
Duz kimin yaladı,öpdü oğlunu.
Sonra daş üstünə qoydu başını
Kəsmək üçün Allaha qurban oğlunu.
Əl açdı göylərə peyğəmbərimiz!
Nə qədər qılıncı endirdisə də,
Qılınc daşa dəydi kəsə bilmədi.
Naümüd üz tutdu uca göylərə:
Rəbbim,bu nə işdi, nə möcüzədi?
Əl açdı göylərə peyğəmbərimiz!
Bu zaman Rəbbimiz bir qoç göndərdi:
İbrahim, qurbanın bu qoç olsun, -dedi
Sənin imanına, sədaqətinə,
Pay verdim oğlunu al, o, sənindi!
Əl açdı göylərə peyğəmbərimiz!
Qıymadı,insana qıymadı Allah!
Bizə bir bayram da etdi ərmağan.
Açdı üzümüzə bütün yolları,
Dedi: Ey insalıq,yaşa hər zaman!
Əl açdı göylərə peyğəmbərimiz!
Müqəddəs bayramdır,Qurban bayramı!
Ellər!Bayramınız mübarək olsun!
Allah işığına yığışsın hamı,
Süfrədə duz-çörək,düz-çörək olsun!
Əl açdı göylərə peyğəmbərimiz!
Saflığa açılsın qoy pəncərəmiz,
Tanrıya üz tutsun hər an qəlbimiz.
Daim sevgilərlə bəzənsin dünya,
Qəm-kədər görməsin ürəklərimiz!
Əl açdı göylərə peyğəmbərimiz!