"Məfateh” "iftəh” sözünün cəm forması olub "xəzinə”, ya da "miftah” sözünün cəm forması olub "açar” mənasını daşıyır. Amma birinci məna daha münasib görünür.
"Yaş və quru” təbiri hər şeyin nəzərdə tutulduğunu bildirir. Ölüm və həyat, sağlamlıq və xəstəlik, fəqirlik və var-dövlət, yaxşı və pis, mücərrəd və maddi təbirləri də yuxarıdakı təbirin oxşarıdır. Bu məsələ digər ayələrdə də bəyan olmuşdur.
Yarpaqların düşməsi dedikdə eniş, dənlərin torpaqda inkişafı dedikdə yüksəliş hərəkəti nəzərdə tutula bilər.
1. Kafirlərin istədiyi əzabın dərhal gəlməməsi səbəbi Allahın varlıq sirlərindən xəbərdarlığıdır.
2. İlahi hökmlər Allahın qeyb və gerçəkdən agahlığına əsaslanır.
3. Qeyb elmi adi elmlərdən qat-qat genişdir. (Çünki Quran qeyb elminə münasibətdə xüsusi təbirlər işlədir.)
4. Bəzilərinin iddiasının əksinə olaraq, Allah elmlərdən yalnız külli şəkildə yox, varlığın bütün xırdalıqlarından da xəbərdardır. O səbəbdən də əməllərimizə diqqətli olaq.
5. Allahdan savay kimsə öz-özündən qeyb elminə xəbərdar deyil.
6. Dünyada məlumat üçün bir mərkəz mövcuddur.
7. Varlıq aləmi əvvəlcədən müəyyənləşmiş proqram əsasında qurulmuşdur.
60. وَهُوَ الَّذِي يَتَوَفَّاكُم بِاللَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِالنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَى أَجَلٌ مُّسَمًّى ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
"O bir kəsdir ki, sizi (ruhunuzu) gecə yatdığınız vaxt alır, gündüz gördüyünüz işlərdən xəbər tutur, sonra ömrünüzdən müəyyən müddətin keçməsi üçün sizi yuxudan qaldırır. Sonra dönəcəyiniz Ona doğrudur. O sizə gördüyünüz işlərdən xəbər verər.”
"Cərəhtum” iş və kəsbə yarıyan üzvə, həm də işin özünə deyilir.
Allah yuxu zamanı insanın ruhunu götürsə də, "sizi götürürük” buyurur. Məlum olur ki, insanın bütün mahiyyəti elə onun ruhudur.
1. Yuxu gerçək bir ölüm, oyanış isə bir növ qiyamətdir.
2. Təbiət qanununa əsasən gecə yuxu, gündüz iş üçündür.
3. Ömrün hər günü bir fürsət, yeni bir besətdir.
4. Həyatımızın müəyyən bir tarixi, proqramı və müddəti vardır.
5. Özümüzü qiyamət sorğusuna hazırlayaq.
6. Allah bizim pis işlərimizdən xəbərdar olsa da, yenə bizə möhlət verir, çıxarılmış ruhu cismə qaytarır.
7. Qiyamət əməllərin mahiyyətinin açıqlandığı gündür.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti