72. لَقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُواْ اللّهَ رَبِّي وَرَبَّكُمْ إِنَّهُ مَن يُشْرِكْ بِاللّهِ فَقَدْ حَرَّمَ اللّهُ عَلَيهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ
"Həqiqətən, "Allah həmin Məryəm oğlu Məsihdir” deyənlər qəti kafir oldular. (Nə üçün belə deyirlər,) halbuki Məsih özü deyirdi: "Ey Bəni-İsrail, Allaha pərəstiş edin, O mənim və sizin Allahınızdır. Şübhəsiz, Allah Ona şərik qoşan kəsə behişti haram etmişdir və onun yeri cəhənnəmdir. Sitəmkarların heç bir yardımçısı yoxdur.”
"Məcməül-bəyan” təfsirində deyilir: "Məsihilərdən olan «Yəqubiyyə» firqəsi elə düşünür ki, Allah Məsihlə zatən birləşdi və onlar bir varlıq oldular.
Bu ayə bəzi məsihilərin əqidəsini bəyan edir. Onlar Allahı Məsih kimi tanıyırlar. Sonra ayə digər bir qrupun əqidəsini bəyan edir. Onlar üç uqnum əqidəsindədirlər. Qeyd etməliyik ki, Merqis İncilində (on ikinci bab, ayə 29) İsa xalqı tövhidə dəvət etmiş və buyurmuşdur: "Bizim Allahımız vahid Allahdır.” Mətta İncilində isə (altıncı bab, ayə 24) belə bəyan olunur: "İnsanın iki ağa və iki məhbuba malik olması qeyri-mümkündür. İnsan həm Allaha, həm də bir başqasına xidmət edə bilməz.”
İmam Sadiq (ə) kəbirə günahlar haqqında danışarkən buyurmuşdur: "Kəbirə günahların ən böyüyü Allaha şərik qoşulmasıdır.” Sonra həzrət bu ayəni oxumuşdur.
1. Böyük çaşqınlıqlar qarşısında qətiyyət göstərilməlidir.
2. Allahın fərdlərdə zühur etməsinə inam küfrdür.
3. Anadan doğulan insan Allah ola bilərmi?!
4. Allahın övliyaları, paklar və salehlər haqqında ifrata varmayaq. İsa özü allahpərəstliyə dəvət etdiyi zaman, onu Allah saymaq nəyə əsaslanır?!
5. Allaha şərik qoşanlar, müşriklər heç vaxt behiştə daxil olmaz.
6. Həzrət İsanı Allah sayanlar kafir, müşrik, zalımdırlar və behiştdən məhrum edilmişlər.
7. Allaha şərik qoşmaq zülmdür.
8. Qiyamətdə şəfaət var. Amma bu şəfaət müşriklərə aid deyil.
73. لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ ثَالِثُ ثَلاَثَةٍ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ إِلَـهٌ وَاحِدٌ وَإِن لَّمْ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
"Həqiqətən, Allah üçdən biridir” deyənlər kafir oldular. Bir Allahdan savay Allah yoxdur. Əgər dediklərindən əl götürməsələr, kitab əhlinin kafirlərinə, şübhəsiz, dərdli əzab yetişəcək.”
Əvvəlki ayə Allahın Məsihdə zahir olması etiqadını rədd etdi. Bu ayədə isə üçlüyə etiqad əqidəsi haqqında danışılır, hər iki əqidənin şirk olduğu bildirilir və onlarla mübarizə zəruri sayılır.
Üç uqnum əqidəsində Allah, Məsih və Ruhul-qüds - hər üçü Allah sayılır. Amma son dövr məsihi alimlərindən bir qrupu belə deyir: "Üçlüyə etiqadın elmi əsası yoxdur.”
1. İslam başqa din ardıcıllarının çaşqınlığına biganə deyil.
2. Şirk və çoxallahlılıq küfrdür.
3. Üçlüyə inanan bütün fərdlər ilahi əzaba düçar olacaq. (Belə deyə bilərik ki, üçlük əqidəsində qalanlar və Quranın dəvətindən sonra tövhidə dönməyənlər əzabda olacaqlar.)
4. Əzabdan qabaq xəbərdarlıq zəruridir.
5. Küfr və şirkin sonu əzabdır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti