"Maidə" surəsi (74-75)
74. أَفَلاَ يَتُوبُونَ إِلَى اللّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ
"Məgər tövbə edib, Ondan bağışlanma diləməzlərmi? Halbuki Allah bağışlayan və mehribandır.”
Bildirişlər
1. Azğın əqidələrdən tövbə edilməlidir.
2. Azğınları əfv və ilahi rəhmət haqqında danışmaqla doğru yola dəvət edin.
3. Tövbə və tövhidə etiqadla hətta küfr və şirk də bağışlanır.
4. Allah həm keçmişi bağışlayır, həm də rəhmətini nazil edir.
5. Ötən ayədə əzab haqqında danışmaqla yanaşı tövbə edənlərə münasibətdə rəhmət də yada salındı.
75. مَّا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ كَانَا يَأْكُلاَنِ الطَّعَامَ انظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الآيَاتِ ثُمَّ انظُرْ أَنَّى يُؤْفَكُونَ
"Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir, ondan qabaq da peyğəmbərlər olmuşdur. Onun anası çox doğruçu və əməlisaleh idi. O iki nəfər (başqa insanlar kimi) çörək yeyirdilər. (Demək, heç biri Allah deyildir.) Gör ki, ayələri xalq üçün necə bəyan edirik? Gör ki, bu xalq (haqdan) necə üz döndərir?”
Bu ayədə Allah-təala İsanın tanrı olmamasına üç dəlil gətirir: O, anadan doğulmuşdur və Məryəmin oğludur; onun kimi peyğəmbərlər olmuşdur və o oxşarsız deyil; o da başqaları kimi qidalanmış, gücünü qidadan almışdır. (Demək, onun Allah olmaq qüdrəti yoxdur.) Bəli, yeməyə ehtiyacı olan kəs xaliq ola bilməz. Bunlar Quranın aşkar, ümumi və hamı tərəfindən dərk olunan bəyanlarıdır.”
"Siddiq” çox düzdanışan insana deyilir. Belə bir insan öz düz əməli ilə doğruçuluğunu sübuta yetirir.
Digər bir ayədə həzrət Məryəmin "Siddiqə” olması ilahi kəlmələri təsdiq etməsi ilə əsaslandırılır. Bildirilir ki, Məryəm abidlərdən idi.
1. Bəzi imtiyazlara və istisna işlərə malik olmaq ilahi dəlil deyil. Həzrət Adəm də ata-anasız vücuda gəlmişdi. Amma kimsə onu Allah saymadı.
2. Məryəm Allahın övliyalarındandır. Quran onu uca tutur və "siddiqə” adı ilə xatırlayır.
3. Bütün peyğəmbərlərin ölümü qətidir. İsa ölümdən amanda deyil və Allah sayılmamalıdır.
4. Əgər ortada inadkarlıq varsa, ən aydın dəlillərdən də səmərə olmayacaq.
5. Qadın ən üstün mənəvi dərəcəyə çata bilər. Beləsi haqqında Allah xoş sözlər buyurar.
6. Keçmişdəkilərin tarixi ilə tanışlıq və baş vermiş hadisələrin səbəbini araşdırmaq gələcəkdəkilər üçün faydalıdır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti