"Maidə” surəsi (39-40)
39. فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللّهَ يَتُوبُ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
"Hər kəs öz zülmündən sonra tövbə etsə və (öz pisliklərini) islah etsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
İslamda cəza dəvət, tərbiyə və rəhmətlə yanaşıdır. Ötən ayədə oğrunun cəzası bəyan oldu. Burada bağışlayan Allahın dərgahına tövbəyə, çirkinliyin islahına dəvət olunur. Bu qayıdış ilahi lütfün nazil olması səbəbidir.
Əgər oğru həbs olunmamışdan qabaq tövbə etsə, oğuruladığı malı qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanar. Həbs olunduqdan sonra isə oğru cəzalandırılır və onun tövbəsi yalnız qiyamətdə təsirli olur.
Hədisdə deyilir: "Əli kəsilmiş bir oğru həzrət Peyğəmbərdən (s) soruşdu: "Mənin üçün tövbə yolu varmı?” Həzrət buyurdu:
"Bəli! Sən bu gün (cəzanı aldıqdan sonra) anadan doğulduğun gündə olduğun kimisən.”
1. Xatakar insan üçün qayıdış və islah yolu həmişə açıqdır.
2. Tövbə təkcə daxili bir peşmançılıq deyil. Tövbə edərkən keçmişdəki günahları da yumaq lazımdır.
3. Əgər insan tövbə qılsa, Allah onun tövbəsini qəbul edər.
4. Oğurluq insanın özünə, cəmiyyətə zülm, ictimai asayişə təcavüzdür.
5. Günahkarları Allahın yoluna çağırmaq və onlara ümid vermək lazımdır.
40. أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ يُعَذِّبُ مَن يَشَاء وَيَغْفِرُ لِمَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
"Yoxsa bilmirdin ki, göylərin və yerin hakimiyyəti yalnız Allahındır? O, istədiyini (hikmət əsasında) cəzalandırır, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir. (Günahkara əzab verir, tövbəkarı bağışlayır.)”
1. Varlıq aləminə hakim olan kəsin bu qanunları nizamlamaq haqqı var.
2. Günahkarlar bilsinlər ki, qaçmağa yol yoxdur və Allaha doğru dönəsidirlər.
3. Bəndələrin tövbəsinə Allahın ehtiyacı yoxdur. Çünki bütün varlıq aləmi Onundur.
4. İnsan ümid və qorxu arası bir halda olmalıdır.
5. Bağışlama və əzab hər ikisi ilahi qüdrət nümunəsidir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti