"Ali-İmran” surəsi (31-32)
31. قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ
"(Ey peyğəmbər,) de ki, əgər Allahı sevirsinizsə, mənə itaət edin, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır.”
Peyğəmbərin məqamı və ona itaətin zəruriliyi haqqında Quranda oxuyuruq: "Hər kəs peyğəmbərə itaət etsə, Allaha itaət etmişdir.” ("Nisa”, 80) Digər bir ayədə buyurulur: "Ona beyət, Allaha beyətdir.” ("Fəth”, 10)
Bir şəxs imam Sadiqə (ə) ərz etdi: "Canım sənə fəda olsun, biz övladlarımıza sizin və ata-babalarınızın adını qoyuruq. Bunun bizim üçün bir faydası varmı?” Həzrət buyurdu: "Məgər din məhəbbət deyilmi?!” Sonra imam Allahın bir buyruğunu dəlil gətirmişdir.(bax: "Təfsire-Əyyaşi”, c. 1, s. 167. )
1. Hər bir iddia əməl vasitəsi ilə sübuta yetir.
2. Allahın övliyalarına itaət Allaha iman şərtidir.
3. Əməldə süst olan insanın əslində məhəbbət sütunları süstdür.
4. Cəmiyyətin islahında mərhəmət hisslərindən faydalanaq.
5. Həzrət peyğəmbərin əməli, sözü və sükutu höccətdir və itaət ediləsidir.
6. Peyğəmbər məsumdur. Qeyri-məsuma nə üçün-niyəsiz itaət əsassızdır.
7. Allah sevgisinə ehtiyac duyursunuzsa, Onun rəsulunun sünnətinə əməl etməlisiniz.
8. İnsan elə bir məqama çata bilər ki, onun razılığı Allahın razılığı olsun, ona itaət Allaha itaət olsun.
9. İlahi dinin bəşər qanunlarından üstünlüyü ondakı məhəbbət ünsürləri, əməl nümunələri və qanunçuluq səlahiyyətidir.
10. Ən üstün mükafat mənəvi mükafatdır. Möminlər üçün ən üstün mükafat Allahın sevgisi və Onun mərhəmətinə layiq olmaqdır.
11. Pisliklərin üzərinə pərdə çəkib, mərhəmətlə rəftar etmək dostluq nişanəsidir.
12. Yaxşı işlər günahların bağışlanması səbəbidir.
13. Peyğəmbərə itaət ilahi əfvə çatmaq səbəbidir.
32. قُلْ أَطِيعُواْ اللّهَ وَالرَّسُولَ فإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ لاَ يُحِبُّ الْكَافِرِينَ
"De ki, Allaha və Onun rəsuluna itaət edin. Əgər boyun qaçırsanız, bilin ki, həqiqətən, Allah kafirləri sevmir.”
Həzrət Peyğəmbərin (s) ilahi ayələrindən əlavə, hökumət göstərişləri vardı. Bu göstərişlər zamandan, məkandan, fərdlərdən və şəraitdən asılı olaraq dəyişirdi. Əlbəttə ki, bu qanunlar da ilahi vəhyə əsaslanırdı. Allaha itaət əmri ilə yanaşı Onun rəsuluna itaət əmri Quranda bəyan olunmamış qanunlara əməl edilməsini zərurətə çevirirdi.
1. Peyğəmbərin rəftarı, sözləri və əməlləri bir dəlildir. Çünki peyğəmbərə itaət Allaha itaətlə yanaşıdır.
2. Allah qarşısında məhbubluq və ya mənfurluq öz əlimizdədir.
3. Peyğəmbərin göstərişlərindən boyun qaçırmaq küfrə bərabərdir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti