"Ali-İmran” surəsi (17-18)
17. الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالأَسْحَارِ
"(Təqvalılar) səbirlilər, doğru danışanlar, təvazö ilə itaət edənlər, infaq edənlər, səhərlər tövbə qılanlardır.”
Təqvalı insanlarda aşağıdakı xüsusiyyətlər var:
1. Çətinliklər, günahların tərki və ibadətlərin yerinə yetirilməsi zamanı səbir.
2. Danışıq və rəftarda düzlük.
3. Göstərişlərin icrasında qürura yol verməmək, özünü üstün bilməmək, xüzu və sadəlik.
4. Allahın ruzi etdiyi şeylərdən infaq.
5. Səhər münacatları və Allahdan bağışlanma istəyi. Bəli! Sübh dua üçün ən münasib vaxtdır. İmam Sadiq (ə) buyurmuşdur: "Səhər vaxtının istiğfarı dedikdə, sübh namazı nəzərdə tutulur.”("Təfsire-Məcməul-bəyan”. )
Bəzi rəvayətlərdə nəql olunmuşdur: "Bir şəxs bir il müddətində gecə namazının qunutunda yetmiş dəfə istiğfar etsə, bu ayə ona aid olar.(Təhzibul-əhkam”, c. 1, s. 309. )
Əbu-Bəsir imam Sadiqdən (ə) səhər istiğfarı haqqında soruşduqda imam buyurdu: "Həzrət peyğəmbər vətr namazında yetmiş dəfə istiğfar edərdi.”("Təhzibul-əhkam”, c.2, s. 120. )
Müfəzzəl ibn Ömər imam Sadiqə (ə) deyir: "Gecə namazını qıla bilmədiyimdən sübh namazından sonra onu qəza edə bilərəmmi?” Həzrət buyurur: "Eybi yoxdur. Amma bunu ailənə bildirmə. Yoxsa bunu bir sünnət, qayda kimi qəbul edərlər. Belə olsa, Allahın sübh istiğfarı haqqındakı buyuruğu diqqətdən yayınar.”(Mustədrək”, h. 3259. )
1. Həm xalqa əl tutmaq, həm də Xaliqə ibadət etmək lazımdır.
2. Təqva guşənişinlik, dünyadan xəbərsizlik deyil. Təqvalı insanda bütün kamilliklər cəm olmalıdır.
18. شَهِدَ اللّهُ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُواْ الْعِلْمِ قَآئِمَاً بِالْقِسْطِ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
"Daim ədalətə istinad edən Allah şəhadət verib ki, Ondan başqa məbud yoxdur. Mələklər və elm sahibləri (də Onun yeganəliyinə şəhadət vermişlər). İqtidar və hikmət sahibi olan Allahdan başqa məbud yoxdur.”
Allah varlıq aləmində vahid nizam yaratmaqla Öz zatının yeganəliyinə şəhadət verir. Yəni varlıq aləmindəki həmahənglik və nizam bütünlüklə Onun yeganə qüdrətinin hakimiyyətinə şəhadət verir.
Əgər günəş üçün dəlil istəsən,
Ayın çöhrəsinə nəzər yetir sən.
İmam Baqir (ə) buyurmuşdur: "Ayədəki "ulul-ilm” təbiri peyğəmbər və peyğəmbər canişinlərinə aiddir.("Təfsire-Nurus-Səqəleyn”. )
Məhdudiyyət say, çoxluq olan yerdədir. Hədsiz-hesabsız ev birdən çox ola bilməz. Əgər "filan çırağın işığı nəhayətsizdir” desək, ikinci çıraq üçün yer qalmır. Allah nəhayətsizdir. Əgər nəhayəti olsa, yoxluqla üzləşər. Heç bir nəhayətsizlik saya gəlmir. Ona görə də nəhayətsiz Allah vahiddir.
1. Əməli şəhadət ən üstün şəhadətdir. Bütün yaranmışlar arasındakı həmahənglik və nizam Allahın birliyinə şəhadətin ən üstün nümunəsidir.
2. Allaha iman yolu elmdir. Həqiqi elm insanı varlıq aləminin həqiqi qaynağı ilə tanış edir.
3. Alimlər mələklərlə yanaşı durur.
4. İlahi ədalət tövhidlə yanaşı bəyan olunur. Özünü rəqibsiz gördükdə zorakılıq edən başqa qüdrətlilərdən fərqli olaraq, bir olan Allah ədaləti bərpa edir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti