“Bəqərə” surəsi (153-154)
153. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ
"Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir.
Bu ilahi kəlamın oxşarını bu surənin qırx beşinci ayəsində oxuduq. Allah Bəni-İsrailə buyurdu: "Çətinliklər qarşısında səbr və namazdan kömək alın.” Bu ayədə isə müsəlmanlara göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir.
Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyri-məhdud ilahi qüvvədən yardım almasa, məhv olub gedir. Allaha bağlı insan keşməkeşlər qoynunda özünü itirmir. Çətinliklər ona böyük görünmür. Namazı qəlbin iştirakı və diqqətlə qılan kəs meraca gedir. Mənəvi pərvaz yüksək olduqca dünya çətinlikləri, eləcə də dünya ləzzətləri kiçik görünür.
İnsan nemətə qərq olduqda və çətinliyə düşdükdə uyğun ayənin göstərişlərinə əməl etməlidir.
Allah buyurmur ki, O, namaz qılanlarladır. Buyurur ki, O, səbirlilərlədir. Ona görə də elə namazın özü səbir və sabitliyə ehtiyaclıdır.("Təfsiri-Ətyabul-bəyan”, c. 2, s. 258. )
Rəvayətdə oxuyuruq ki, Həzrət Əlinin (ə) qarşısına çətinlik çıxdıqda, o, iki rəkət namaz qılardı.("Təfsiri-Rahnüma”.) Bu üsula Əbu Əli Sina da əməl etmişdir.
Səbir bütün kamilliklərin anasıdır. Döyüşdə şücaət mayası səbirdir. Günah qarşısında səbir təqva vasitəsidir. Dünya qarşısında səbir zöhd nişanəsidir. Şəhvət zamanı səbir iffət səbəbidir. İbadətdəki səbir itaət, şübhələr zamanı səbir təqva mayasıdır.("Hədid”, 4. )
1. İman əməl, təvəkkül, səbir və ibadətlə müşayiət olunarsa, faydası daha artıq olar. ("Təfsiri-bəyan”. )
2. Namaz lingdir, yük deyildir.
3. Səbir və namaz ilahi himayələrin cazibə vasitəsidir.
4. Allah hər yerdə, hər kəslə olsa da,("Nəhcül-bəlağə”, xütbə. 143. ) Onun səbirlilərlə yaxınlığının xüsusi mənası var. Bu yaxınlıq Allahın səbirlilərə məhəbbət və yardım lütfüdür.
154. وَلاَ تَقُولُواْ لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاء وَلَكِن لاَّ تَشْعُرُونَ
"Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər, amma siz anlamırsınız.”
Bədr döyüşündə müsəlmanlardan on dörd nəfəri şəhadətə çatdı. Onlardan altısı mühacirlərdən, səkkizi ənsardan idi. Adamların bəzisi "filankəs öldü” deyirdi. Bu ayə nazil oldu və onlara bu cür danışmağı qadağan etdi.("Cinn”, 16. ) Şəhidlərin nəinki adları və əməlləri diridir, onlar hətta bərzəxdə gerçək bir həyat yaşayırlar. Elə bir həyat ki, həmin həyatda ruzi, şadlıq və müjdə var. Allahın mərhəməti civarındakı bu həyatda qəm-qüssə və qorxu yoxdur. Bu həyatın xüsusiyyətləri haqqında "Ali-İmran” surəsində danışılacaqdır, inşallah!
Düşmənlə döyüş meydanındakı ölüm, onun terror vasitəsi ilə ölümü, istənilən bir məkan və zamanda can, namus və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir.
1.Məhdud dünya baxışlarını Allaha iman və Onun buyuruqları vasitəsi ilə kamilləşdirib islah etməliyik.
2. Çətin vəzifə etiqadi köməyə və zərərlərin aradan qaldırılmasına ehtiyaclıdır. Bəli, diriliyini bilən insan şəhadətə üz tutur.
3. Şəhadət yalnız Allah yolunda olduqda dəyərlidir.
4. Din yolunda savaş Allah hüzurunda ən üstün dəyərlərdəndir.
5. Ölümdən sonra ruh diridir. Cisim çürüyüb getsə də, ruh yerindədir.
6. Bir çox təhlillərin səbəbi həqiqətdən xəbərsizlikdir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti