"Maidə" surəsi (76-77)
76. قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَكُمْ ضَرًّا وَلاَ نَفْعًا وَاللّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
"(Ey peyğəmbər! Xalqa) de ki, sizin üçün heç bir faydası və zərəri olmayan, Allahdan qeyrisinəmi pərəstiş edirsiniz? Halbuki Allah eşidən və biləndir.”
Bu ayədə məsihilərdən bir dəstəsi həzrət İsaya münasibətdə şirk və düşmənçiliyə görə məzəmmət olunmuşdur.
1. Şirk yolunun tanınması üçün ağıl və vicdanınıza müraciət edin.
2. Pərəstişin mehvəri və kökü mənfəət qazanmaq və ya zərəri uzaqlaşdırmaqdır. Allahdan qeyri kimsə nə zərəri uzaqlaşdıra bilər, nə də mənfəət gətirər.
3. Yalnız Allah istəkləri eşidir, insanların xeyir və zərərindən xəbərdardır. Məbud seçilmiş başqaları bu sahədə fəaliyyətsizdir.
77. قُلْ يَا أَهْلَ الْكِتَابِ لاَ تَغْلُواْ فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلاَ تَتَّبِعُواْ أَهْوَاء قَوْمٍ قَدْ ضَلُّواْ مِن قَبْلُ وَأَضَلُّواْ كَثِيرًا وَضَلُّواْ عَن سَوَاء السَّبِيلِ
"(Ey peyğəmbər,) de ki, ey kitab əhli! Öz dininizdə nahaqdan həddi aşmayın. Bundan qabaq yolunu azmış və bir çoxlarını azdırmış, (indi isə) haqq yoldan uzaq düşmüş qövmün həvəslərinə tabe olmayın.”
Bu ayədən belə bir nəticə çıxarıla bilər ki, həzrət İsanın Allah sayılması keçmişdəki cəmiyyətlərin həddi aşması, şirkə batma növüdür. Çünki "Tövbə” surəsinin 30-cu ayəsində oxuyuruq: "Yəhudilər dedilər: "Üzeyir Allahın oğludur.” Məsihilər dedilər” "Məsih Allahın oğludur.” Bu azğın və əsassız sözlər keçmişdəki kafirlərin sözlərinə oxşayır.”
1. Bütün dinlərdə düşüncə və əqidə sərhədləri qorunmalıdır. Şəxsiyyətlərə münasibətdə həddi aşmaq qadağandır.
2. İlahi rəhbərlərə münasibətdə həddi aşmaq dində həddi aşmaqdır. (İsanın Allah sayılması haqda məlumat verən ötən ayəyə əsasən.)
3. Əgər Allahın dini və ilahi övliyalara münasibətdə həddi aşmaq qadağandırsa, başqalarına münasibətdə də mübaliğə rəva deyil.
4. Kor-koranə təqlid qadağandır.
5. İnsanlar yalnız İsaya münasibətdə həddi aşmamışdılar. Bəzi yəhudilər Üzeyir haqqında da ifrata varmış və onu Allahın oğlu saymışdılar.
6. Qədim elm və mədəniyyətlərin dəyəri var. Amma əcdadların öz nəfs istəklərinə əsaslanan əqidələri puçdur. Bu dəyərsiz, batil əqidələrə tabe olmamalıyıq.
7. Azğınlığın mərhələləri var: İlk öncə insan özü yolunu azır. Sonra o başqalarını da doğru yoldan çəkindirir. Yavaş-yavaş o, haqqa hidayətdən həmişəlik ayrı düşür.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti