"Maidə” surəsi (52-53)
52. فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ فَعَسَى اللّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِ فَيُصْبِحُواْ عَلَى مَا أَسَرُّواْ فِي أَنْفُسِهِمْ نَادِمِينَ
"(Bir bu qədər xəbərdarlığa baxmayaraq) qəlbi xəstə olanları kafirlərlə dostluğa tələsən görürsən. (Onlar öz işlərinə don geyindirib) deyirlər: "Qorxuruq ki, pis bir hadisə ilə üzləşək (onların köməyinə möhtac olaq).” Ümid var ki, Allah Öz tərəfindən bir qələbə və ya müsəlmanların xeyrinə) bir iş önə çıxarsın və həmin vaxt onlar qəlblərində gizlətdiklərinə görə peşman olsunlar.”
53. وَيَقُولُ الَّذِينَ آمَنُواْ أَهَـؤُلاء الَّذِينَ أَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ إِنَّهُمْ لَمَعَكُمْ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُواْ خَاسِرِينَ
"O kəslər ki, iman gətirdilər (müsəlmanların qələbəsi, münafiqlərin rüsvayçılığı zamanı təəccüblə bir-birlərinə ) deyərlər: "Bunlar təkidlə "biz sizinləyik” deyə and içən kəslərdirmi? (Nə üçün işləri bu yerə gəlib çıxdı?) Əməlləri puç oldu, ziyana uğradılar.”
Qəlbi xəstə olanlar İslam peyğəmbərinin doğruçuluğuna və ya bəzi dini həqiqətlərə şəkk edən zəif imanlı kəslərdir.
Ayənin mənası haqqında üç ehtimal var:
a) Müsəlmanlar qalib gəlib, münafiqlər rüsvay olan vaxt möminlər təəccüblə deyirlər: "Sizə möminlərə yardım edəcəkləri haqqında ciddi and içənlər o yəhudi və məsihilər idimi?”
b) Həqiqi möminlərdən bəziləri qələbədən sonra bir-birlərinə deyirlər: "And içərək bizimlə olduqlarını deyən və bizimlə olmadıqlarını gördüyünüz kəslər qəlbi xəstə olanlarmı idi?”
v) "Biz yəhudi və məsihilərə kömək edəcəyik - deyə and içən xəstə qəlblilər siz kitab əhlinə kömək edə bildilərmi?”
Bildirişlər
1. İslam peyğəmbəri zəif imanlı şəxslərin aşkar və tələsərək yəhudi və məsihilərə üz tutduğuna şahid idi.
2. İlahi hidayətdən məhrum olanların aşkar nümunəsi qəlbi xəstə olanlardır. Onlar kafirlərə qoşulmaq üçün tələsirlər. ("Fa” hərfi bu ayədəki xəstə qəlblilərin ötən ayədəki zalımlardan olmasına işarədir.)
3. Zəif imanlı xəstə qəlblilər kafir düşmənlərlə dostluğa tələsirlər.
4. Süst imanlı və münafiq fərdlər kafirlərə qatılmaq arzusundadırlar.
5. Allahın aşkar göstərişi olan yerdə yol axtarmağa dəyməz.
6. Dünya güclülərinin hakimiyyətinə tabeçiliyin səbəbi zəif iman və Allahdan qeyrilərindən qorxudur.
7. Müsəlmanlar İslamın qələbə və fəthinə, eləcə də, münafiqlərin ifşasına ümidvar olsunlar.
8. Siyasi üstünlük, iqtisadi qüdrət, hərbi güc hər biri Allah tərəfindəndir və Onun əlindədir.
9. Kafirlərə tabe olmayın ki, Allahın qeybi yardımları nəsibiniz olsun.
10. Kafirlərə bağlılıq və onlara infaqın sonu rüsvayçılıqdır.
11. Anda aldanmayın. Hər and sədaqət nişanəsi deyil.
12. Biganələrə bağlılıq möminlər tərəfindən məzəmmət olunur.
13. İnsanın ziyankarlıq nişanəsi yaxşı işlərin puça çıxmasıdır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti