"Ali-İmran” surəsi (149-150)
149. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِن تُطِيعُواْ الَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمْ عَلَى أَعْقَابِكُمْ فَتَنقَلِبُواْ خَاسِرِينَ
"Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi keçmişdəkilərinizin kafir ayinlərinə qaytararlar. Siz də yenidən ziyankarlığa qayıdarsınız.”
Bu ayənin nazil olma şənində bildirilir ki, Ühüd döyüşündə müsəlmanlar məğlub olduqları vaxt münafiqlərin rəhbəri Abdullah ibn Ubəyy fəryad çəkib dedi: "Öz müşrik qardaşlarınıza qoşulun və əvvəlki bütpərəstliyi davam etdirin.”("Təfsire-Nurus-səqəleyn”. )
1. Dindən çıxma və azğınlıq təhlükəsi möminlərə qarşı pusqudadır.
2. Eniş-yoxuşlarda düşmən təbliğatlarından və vəsvəsələrindən ehtiyatlı olun. Məbada tədricən onlara meyl edəsiniz.
3. İman gətirdikdən sonra küfrə uğrama irtica və süqutdur.
4. Əsl zərər iman və düşüncə sərmayəsini əldən vermək, behişti əldən buraxıb, cəhənnəmi götürməkdir.
5. Döyüş meydanında məğlubiyyət ziyan deyil. Etiqad məğlubiyyəti yetərincə böyük ziyandır.
150. بَلِ اللّهُ مَوْلاَكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ
"(Sizi dost bilməyənlərə itaət etməyin.) Əslində Allah sizin himayədarınızdır və Odur yardımçıların ən yaxşısı.”
Əvvəlki ayədə kafirlərə itaətdən danışıldı. Bu ayədə isə belə buyurulur: "Allahdır sizin himayəçiniz.” Məlum olur ki, kafirlərə itaət edən kəs əslində onları özünə hami seçmişdir.
Şöhrət və qüdrət qazanmaq istəyi insanı kafirlərə itaətə, dindən çıxmağa vadar edir. Quran bu və bunun oxşarı olan ayələrdə uyğun puç xəyalı rədd edir və buyurur: "Özlərinə zülm edənlərin qarşıdakı əzabdan xəbərləri olsaydı, bütün qüvvə və qüdrətin Allaha məxsus olduğunu bilərdilər.”("Bəqərə”, 165. ) Qüvvə və izzət bütünlüklə yalnız Allaha məxsusdur.”(Yunus”, 65. )
1. Vilayət və itaət yalnız Allaha aiddir.
2. Allahı hami götürmək qələbə səbəbidir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti