"Ali-İmran” surəsi (141-142)
141. وَلِيُمَحِّصَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَمْحَقَ الْكَافِرِينَ
"(Döyüşdəki irəliləmə-geriləmələr ona görədir ki,) Allah mömin fərdləri pak və xalis, kafirləri isə (tədricən) məhv etsin.”
Ayədəki "təmhis” sözü hər cür eybdən pak etmək mənasını bildirir. "Məhəq” isə tədricən azalmaq deməkdir.
Sanki Allah Ühüddə müsəlmanların zəif nöqtələrini onlara bildirmək istəmişdir. Onlar öz zəif nöqtələrini bildikdən sonra islah fikrinə düşə bilər və bu yolla da növbəti hərəkətlərə hazırlaşardılar. Bəzən insanı qəflətdən oyadan məğlubiyyət onu yuxuya verən qələbədən faydalı olur.
1. Döyüş pak insanları napak insanlardan seçmək üçün bir mizandır.
2. İman əhli üçün məğlubiyyət də, qələbə də səadətdir. Çünki onlar ya şəhadət vasitəsi ilə uca məqama çatır, ya da düşmənə qələbə çalırlar.
3. İmanın çiçəklənməsi və küfrün məhv olması zamanın gedişində əldə olunur.
4. Tarix küfrün məhvinə doğru addımlayır.
5. Bugünkü məğlubiyyət mühüm deyil. Əsas işin sonudur.
142. أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ
"Yoxsa güman edirsiniz ki, Allah aranızdakı mücahidləri və səbir edənləri müəyyənləşdirməmiş ("imanlıyam” deməklə) behiştə daxil olacaqsınız?!”
Ayədə möminlərin cihadına, səbir və müqavimətinə işarə olunur. Çünki behiştin yolu səbir və cihaddan keçir. Quran buyurur: "Səbir və müqavimətinizə görə sizə salam olsun, ey behişt əhli!”("Rəd”, 24. ) Göründüyü kimi, salam yalnız hacılara, oruc tutanlara, xums və zəkat ödəyənlərə yox, səbir və dözüm əhlinə verilir ki, bütün əməllərdə səbrə ehtiyac vardır.
1. Batil ümid və arzulardan əl çəkin.
2. Təkcə qəlb imanı kifayət deyil, əməl meydanında da çalışmaq lazımdır. Behişt bəhanəyə yox, bahasını ödəyənə verilir.
3. Behiştin açarı səbir və cihaddır. Müsibət və günah qarşısındakı səbir, ibadətdəki dözüm, kiçik və böyük cihad cəbhələrində iştirak behiştin açarlarıdır.
4. Səbir və müqavimətlə yanaşı, cihad da lazımdır. Çünki döyüşün başlanması, davamı, müharibədən sonrakı ağrılar, bir sözlə, hər bir addım səbir və dözümə ehtiyaclıdır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti