1. Don geyindirmək, haqqı gizlətmək möminləri yoldan çıxartmaq üçün düşmənin iki güclü alətidir. Əvvəlki iki ayədə azdırmaqdan danışılırdısa, bu ayədə haqqın gizlədilməsinə işarə olunur.
2. Haqqı gizlətmək haramdır və onun bəyanı vacibdir.
72. وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُواْ بِالَّذِي أُنزِلَ عَلَى الَّذِينَ آمَنُواْ وَجْهَ النَّهَارِ وَاكْفُرُواْ آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ
"Kitab əhlindən bir dəstəsi dedi: "Möminlərə nazil olana günün əvvəlində iman gətirin, günün axırında isə kafir olun. Bəlkə (bu hiylə ilə onlar İslamdan) dönələr.”
Yəhudi alimlərindən on iki nəfəri qərara gəldilər ki, müsəlmanlarda şəkk-şübhə yaratmaq üçün səhərlər həzrət Peyğəmbərin (s) yanına gəlib iman gətirdiklərini bildirsinlər, axşamlar isə İslama arxa çevirib desinlər: «Biz Məhəmməd (s) və onun ayinini gördük. Amma onun dedikləri Tövratda və İncildə bəyan olunanlara uyğun deyil.» Onlar bu mahiranə planla öz həmdinlərinə qəbul etdirmək istəyirdilər ki, İslam yaxşı məktəb olsaydı, elm və kitab əhli ondan əl çəkməzdi. Onlar bu yolla həm müsəlmanlarda şəkk-şübhə yaratmağa, həm də digər yəhudiləri müsəlman olmaq qərarından çəkindirməyə çalışırdılar. Allah bu ayəni nazil etməklə onların planlarını alt-üst etdi.
Bir rəvayətdə İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: "İslam peyğəmbəri qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişdiyini bildirən fərmanı günorta namazında bəyan etdi. Yəhudilər dedilər: "Günün əvvəlində deyilənlərə iman gətirin, amma günün axırındakılara (qiblənin dəyişməsinə) yox! «Onlar bu yolla müsəlmanları Kəbədən dönüb Beytül-Müqəddəsə doğru namaz qılmağa sövq etdirmək istəyirdilər("Müstədrək”, c. 3, səh. 169. )»
1. Düşmənlər müsəlmanları doğru yoldan çəkindirmək üçün daim plan çızırlar. Altmış doqquzuncu ayədə oxuduq ki, kitab əhli sizi azdırmaq arzusundadır. Bu ayədə isə onların uyğun məqsədə çatmaq üçün cızdıqları plandan danışılır.
2. Ola bilər ki, bir dəstə düşmən müsəlman adı ilə sıralarımıza nüfuz edib arxadan zərbə endirmək istəsin. Ona görə də ayıq olmalıyıq.
3. Müsəlman sadəlövh və tez inanan olmamalı, hər "iman gətirdim” deyənə etimad göstərməməlidir.
4. Allah həssas mərhələlərdə düşmənin sirləri və hiylələri üzərindən pərdəni götürür.
5. İmanda elə bir mərhələyə çatmalıyıq ki, bəzi müsəlmanların dindən çıxması bizi süstləşdirməsin.
6. Düşmənin siyasətlərindən biri əvvəlcə rabitə yaradıb, sonradan bu rabitəni qırmaqdır. Onlar bu vasitə ilə müsəlman cəmiyyətində qarışıqlıq salmaq istəyirlər.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti