"Ali-İmran” surəsi (69-70)
69. وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ
"Kitab əhlindən bir dəstə sizi azdırmaq istəyindədirlər. Amma yalnız özlərini azdırırlar və (bunu) anlamırlar.”
Bu və bundan sonrakı üç ayədə düşmənin ideoloji hücumlarının, müsəlmanları dindən çıxarmaq üçün qurduğu qurğuların simasını görürük. Bu ayə onların məktəb düşmənçiliyindən, növbəti ayə onların inadkarlıq və küfründən, yetmiş birinci ayə onların haqqı ört-basdır etməsindən, yetmiş ikinci ayə onların aldadıcı üslublarından danışır. Zülmətdən baş qaldırmış ideoloji bir hücum haqqı gizlətmə, xalqın əqidəsini sual altına alıb onu süstləşdirmə üsullarından qaynaqlanır.
1. Allah din düşmənlərinin planlarını ifşa və rüsvay edir.
2. Düşməni və onun proqramını tanıma onun zərərlərindən amanda qalmaq üçün şərtdir.
3. Əqidə və ideoloji hücumun təhlükəsi ciddidir.
4. Müxaliflərin ikiüzlü bəyanatlarına etimad göstərməyin. Onlar qəlbən sizi azdırmaq fikrindədirlər.
5. Mühakimə yürüdərkən insafı yaddan çıxartmayın. Kitab əhlinin hamısı yox, bir qrupu uyğun arzudadır.
6. Elə bir iş görməlisiniz ki, düşmənin arzusu gözündə qalsın. "Ləv” sözü bir iş mümkünsüz olduqda işlədilir.
7. Başqalarını azdırmaq fikrində olanlar ilk öncə özləri hiylə, nifaq, kin, böhtan və qurğuya düçar olurlar.
8. Başqalarının azğınlığı istəyində olmaq özü böyük bir əxlaqi nöqsandır.
70. يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَأَنتُمْ تَشْهَدُونَ
"Ey kitab əhli, nə üçün Allahın ayələrinə (onun rəsulunun nübuvvət nişanələrinə) küfr edirsiniz? Halbuki özünüz (Onun düzlüyünə) şahidsiniz!”
Zahirən bu ayədə Tövratda və İncildə kitab əhlinə həzrət Məhəmməd (s) haqqında verilmiş müjdə nəzərdə tutulur. Onlar öz ictimai mövqeləri və maddi mənafelərinin hifzi üçün bütün bu ilahi nişanələri görməməzliyə vurdular.
1. İnsanın öz vicdanına müraciəti ən yaxşı dəvət yoludur.
2. Bilmək kifayət deyil, qəbul etmək lazımdır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti