"Ali-İmran” surəsi (23-24)
23. أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوْتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ
"Səmavi kitabdan bəhrə verilmiş kəsləri görmədinmi ki, aralarında hökm etmək üçün ilahi kitaba dəvət olunduqda onlardan bir dəstəsi (elm və agahlıqla) etiraz edərək üz döndərirlər?”
Təfsirdə deyilir ki, bir yəhudi qadınla bir yəhudi kişi ayrı-ayrı nikahda olduqları halda zinaya yol vermişdilər. Tövrat qanunlarına əsasən onlar daşqalaq edilməli idilər. Amma bu adamlar yuxarı təbəqədən olduqları üçün Tövratın göstərişlərini yerinə yetirməmək məqsədləri vardı. Onlar İslam peyğəmbərinin yanına gəldilər ki, həzrət bu məsələ ilə bağlı hökm versin. Həzrət də daşqalaq hökmü verib buyurdu: "İslamın da qanunları Tövratın qanunları kimidir.” Onlar Tövratın hökmlərini inkar etdilər.
Yəhudi alimlərindən olan İbn Sürəyya Fədəkdən Mədinəyə çağırıldı. Ondan Tövrat oxuması tələb edildi. İbn-Sürəyya məsələdən xəbərdar olduğu üçün daşqalaq ayələrinə çatdıqda bu ayələrin görünməməsi üçün əlini onların üstünə qoydu. Həmin vaxt yəhudi alimlərindən olan Abdullah ibn Salam həmin məclisdə idi və əhvalatdan xəbər tutub məsələni aşkarladı.(Tövrat, "Sifre-Təsniyə”, b. 22, "Sifre-Laviyan”, b. 20. )
Bu ayə müsəlmanlara bir xəbərdarlıqdır. Onların nəzərinə çatdırılır ki, məbada onlar da yəhudilər tək Quran qanunlarının və ilahi göstərişlərin icrasından boyun qaçırıb, xalq arasında fərq qoyalar.
1. Qanun, mühakimə və hökm kitabı səmavi kitabdır.
2. İslam insaf və başqalarına ehtiram dinidir. Başqa din alimlərindən istənilir ki, öz kitabları ilə mühakimə etsinlər.
3. Kitab əhli alimlərinin heç də hamısı pis olmayıb.
4. Üz döndərməkdən də təhlükəlisi höcətkeşlik və inadkarlıqdır.
5. Qanun kimsəyə fərq qoyulmadan eyni şəkildə icra olunmalıdır.
24. ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّامًا مَّعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِم مَّا كَانُواْ يَفْتَرُونَ
"Bunun (asiliklərin) səbəbi o idi ki, kitab əhli deyirdi: Cəhənnəm odu bir neçə gündən çox bizi yandırmaz... Bu iftiraları onları dinlərində aldadılmış etdi.”
Quranda yəhudilərin puç şüarları və batil xəyallarına dəfələrlə işarə olunmuşdur. Onlar deyirdilər: "Biz üstün irqik, Allahın əzizləriyik və qiyamətdə babalarımızın buzova pərəstiş etdiyi qırx gündən artıq əzab görmərik.” Bu puç xəyallar onlarda qürur doğurur, onları azğınlığa aparır. Bu günkü israillilər də özlərini üstün irq sayır və bu istiqamətdə heç bir zülmdən çəkinmirlər.
1. Dönüklüyün səbəbi xürafi və əsassız əqidələrdir.
2. İnsanın özünü istər din, istər soy baxımından üstün tutması qadağandır.
3. İnsanın özünü cəzadan amanda bilməsi azğınlıq səbəbidir.
4. Yəhudilər qiyamət və cəhənnəmi qəbul edir, öz günahlarını etiraf edirdilər.
5. Allah məhkəməsində bütün xalqlar eynidir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti