“Bəqərə” surəsi (145-146)
145. وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ بِكُلِّ آيَةٍ مَّا تَبِعُواْ قِبْلَتَكَ وَمَا أَنتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُم بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم مِّن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذَاً لَّمِنَ الظَّالِمِينَ
"(Ey peyğəmbər,) Kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən, sənin qiblənə itaət etməyəcəklər. Sən də onların qibləsinə tabe deyilsən. (Necə ki onlardan bəziləri digər qibləyə tabe deyildirlər. Sənə elm (vəhy) çatdıqdan sonra onların həvəslərinə itaət etsən, şühbəsiz ki, sitəmkarlardan olacaqsan.”
Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqəti bilərəkdən qəbul etmirlər.
Quranın peyğəmbərə xəbərdarlıqları övliyalar haqqında yersiz düşüncələrin inkişafının qarşısını almaq məqsədi güdür. Necə ki, başqa dinlərdə xalq İsanı Allahın oğlu, mələkləri isə Allahın qızları bilirdi.
1. İnadkarlıq və təəssüb düşüncəyə, məntiqə, haqqı görməyə mane olur. Onlar təkcə İslama münasibətdə təəssüb göstərmirlər. Onlar öz aralarında da inadkar və təəssübkeşdirlər.
2. Müxaliflərin hay-küyü qarşısında təslim olmaq olmaz. Düşməni məyus etmək üçün qətiyyət lazımdır.
3. Yəhudilərin və məsihilərin hər birinin öz qibləsi vardır.
4. Alimlərin azğınlığı çox təhlükəlidir.
5. Doğru yolu tapmaq üçün elm kifayət etmir. Belə bir məqamda haqqı qəbul etmək ruhiyyəsi mühümdür. Yəhudilər kitab sahibi idilər. Amma təəssüb çəkdiklərindən malik olduqları elmdən faydalana bilmirdilər.
6. Xalqın istəkləri əsasında peyğəmbər ilahi qanunları dəyişə bilməz.
7. İslam ayinləri gerçək elm çeşməsindəndir.
8. Nəfs istəklərinə əsaslanmayan, elmi bünövrəyə malik qanunlar qəbul olunmağa və itaətə layiqdir.
9. Qanun hamı üçün birdir. Məsələn peyğəmbər də nəfs istəkləri ardınca getsə cəzalandırılacaq.
10. İlahi qanun olan yerdə xalqın istəklərinə tabeçilik zülmdür.
146. الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمْ وَإِنَّ فَرِيقاً مِّنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ
"(Yəhudilər və məsihilər) o kəslərdir ki, onlara (səmavi) kitab vermişik, onu (İslam peyğəmbərini) öz oğlanları kimi tanıyırlar. Həqiqətən, onlardan bir dəstəsi haqqı bilməklərinə baxmayaraq onu gizlədirlər.”
Quranda bu həqiqət dəfələrlə təkrarlanmışdır ki, kitab əhli Tövrat və İncilin verdiyi müjdəyə görə İslam peyğəmbərinin zühurunu gözləyirdilər. Son peyğəmbərin xüsusiyyətləri onlara elə açıqlanmışdır ki, onu öz övladları tək tanıyırdılar. Amma bütün bunlara baxmayaraq, onlardan bir dəstəsi həqiqəti gizləyirdi. Quranın digər bir yerində buyurulur: "Onlar nəinki peyğəmbərlərdən, hətta onun təşkil etdiyi cəmiyyət və yardımçılarından da xəbərdar idilər. Ayədə oxuyuruq: "Məhəmməd Allahın rəsuludur və onunla olanlar kafirlər qarşısında sərt, öz aralarında mehribandırlar. Onları daim rüku və səcdə halında görərsən. Onlar daim Allahın fəzlini və razılığını istəyirlər. Onların əlaməti üzlərindəki səcdə əsərindən görünür. Bu onların Tövrat və İncildəki vəsfləridir.("Ənbiya”, 90. )
Quran kitab əhlinin İslam peyğəmbərini tanımasını atanın öz oğlunu tanımasına bənzədir. Atanın öz oğlu ilə tanışlığı isə ən üstün tanışlıqlarıdır. Çünki bu tanışlıq təvəllüd zamanından, hətta ondan da qabaq formalaşır. Bu tanışlıq intizarla müşayiət olunur. Bu tanışlıqda şəkkə yer yoxdur.
Elmi gizlətmək ən böyük günahdır. Quran elmi gizlədənlər haqqında buyurur: "Allah və bütün mələklər, ins və cin, hər bir şüurlu varlıq həmişəlik onlara lənət və nifrin oxuyur.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 139. ) Bəli, həqiqəti gizləmək öz övladını gizləmək kimidir. Əlbəttə ki, dünya ləzzətlərinə xatir atanın öz övladını inkar etməsi böyük namərdlikdir!
1. İnsanda həqiqətpərəstlik ruhiyyəsi olmasa, elm təklikdə kifayət etmir. Yəhudilər Allahın rəsulunu dərindən tanıdıqları halda yenə də onu qəbul etmədilər.
2. Hətta düşmənlərə münasibətdə də insafı gözləyək. Quran bütün kitab əhlini həqiqəti pərdələyən kimi tanıtdırmır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti