“Bəqərə” surəsi (119-120)
119. إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلاَ تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ
"(Ey peyğəmbər,) Biz səni haqq olaraq göndərdik ki, müjdə verən və qorxudan olasan. Sən cəhənnəm əhli üçün məsul deyilsən.”
Ayələrdə buyurulur: "Ey peyğəmbər! Kafirlərin yersiz istəklərinə məhəl qoyma. Onlar istəyirlər ki, onlar üçün çoxsaylı vərəqlərdə ayələr nazil olsun.("Kafi”, c. 1, s. 215. ) Halbuki Biz səni xalq üçün haqq bir məntiqlə göndərdik ki, müjdə və qorxutma yolu ilə onları öz səadətləri ilə tanış edəsən. Əgər bir dəstə bəhanə axtarıb, haqqı qəbul etməkdən boyun qaçırdısa və onlara vəhy nazil olmasını umdusa, sən onların cəhənnəm əhli olmasına məsul deyilsən. Sənin öhdənə yalnız müjdə vermək və qorxutmaq düşür.
Müjdə və qorxutma insanın azad olması nişanəsidir. Quranda dəfələrlə bəyan olunmuşdur ki, Allahın işi müjdə və qorxutma ilə yanaşı, haqq məntiqlə məsum peyğəmbərlər göndərməkdir. Azad şəkildə haqqı qəbul etmək və ya boyun qaçırmaq xalqın öz öhdəsinədir.
1. Düşmən tərəfindən yaradılmış hər bir ruhi düşkünlüyün aradan qaldırılması üçün Allah tərəfindən gücləndirməyə, təsəlli və təskinliyə ehtiyac var. (Əvvəlki ayədə kafirlərin bəhanələri nəql olundu. Bu ayədə isə həzrət Peyğəmbər (s) "bil-həqq” kəlməsi ilə gücləndirilir.)
2. Müjdə və hədə tərəzinin iki gözü kimi tarazlaşdırılmalıdır. Əks təqdirdə, qürur və ümidsizliklə üzləşəsiyik.
120. وَلَن تَرْضَى عَنكَ الْيَهُودُ وَلاَ النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم بَعْدَ الَّذِي جَاءكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ
"(Ey peyğəmbər!) Yəhudi və məsihilərin ayinlərinə tabe olanadək onlar səndən razı qalmayacaqlar. De ki, hidayət yalnız Allahın hidayətidir. Sənə elm gəldikdən sonra onların nəfs istəklərinə tabe olsan sənin üçün Allah tərəfindən heç bir yardımçı olmayacaq.”
Qiblə dəyişdikdən sonra yəhudilərin müsəlmanlara münasibətdəki narahatlıqları daha da artdı. Bəzi müsəlmanlar da yəhudilərlə mehriban münasibət qurmaq üçün Beytül-Müqəddəsin qiblə qalmasını istəyirdilər. Onlar anlamırdılar ki, əvvəlki qiblədə qalmaqla yəhudiləri razı sala bilməyəcəklər. Yəhudilər müsəlmanların təkcə qiblə məsələsində yox, bütün ayinlərdə onlara tabe olmasını istəyirdilər.
Bu ayədə İslam peyğəmbəri ilə yanaşı bütün müsəlmanlara xitab olunur. Yəhudilər onlara təslim olmayıb, ilahi dəyərlərdən üz döndərməyən müsəlmanlardan tarix boyu razı olmamışlar və bundan sonra da olmayacaqlar. Biz müsəlmanlar onlara qəti şəkildə rədd cavabı verib bilməliyik ki, səadət yolu yəhudilərə itaət yox, ilahi vəhy yoludur.
1. Düşmən aza qane deyil. Onu yalnız sizin tam süqutunuz, məktəbinizin məhvi, məqsədlərinizin puça çıxması razı sala bilər.
2. Əgər müsəlmanlar görsələr ki, kafirlər onların dinindən razıdır, öz dindarlıqlarına şübhə etməlidirlər. Kafirin bəyəndiyi dindarlıq özü küfrdür.
3. İlahi vəhy və hidayətdən savay bütün yollar yanlışdır.
4. Alimin məsuliyyəti cahilin məsuliyyətindən daha çoxdur.
5. Kitab əhli ilə rabitələr dindən əl çəkmək bahasına başa gəlməməlidir. Başqalarını cəzb etmək yaxşıdır, üsuldan geri çəkilmək isə heç vaxt!
6. Xalqın nəfs istəklərinə təbeçilik insanı ilahi lütfdən məhrum edir. Ya Allahın lütfünü seçməliyik, ya da xalqın nəfs istəklərini.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti