"Ali-İmran” surəsi (59-60)
59. إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ
"Həqiqətən, Allah üçün İsanın (yaranış) tərzi Adəmin (yaranış) tərzi kimidir. Allah onu torpaqdan yaratdı və sonra buyurdu: "Ol!” O da mövcud oldu.”
Məsihilərdən bir dəstəsi Mədinəyə gəlib peyğəmbərin hüzuruna yetişdilər. Onlar peyğəmbərlə söhbətdə İsanın dünyaya atasız gəlməsini onun ilahilik nişanəsi kimi təqdim etdilər. Bu ayə nazil oldu və məsihilərə belə cavab verildi: «Əgər atasız anadan olma Allahlıq və ya Allahın övladı olmağa dəlildirsə, bu işdə Adəm İsadan da qabaqda gəlir. Çünki onun nə atası, nə də anası olmuşdur. Bəs nə üçün Adəmi Allah və ya Allahın övladı saymırsınız?!»
1. Müxalifləri qəbul etdikləri yolla haqqa çağıraq. Məsihilər qəbul edirdilər ki, Adəm Allahın məxluqudur. Halbuki Adəmin ata-anası yoxdur.
2. Tarixə, keçmişin tərcüməsinə istinad, eləcə də, qeybi nümunələrin bəyanı ən yaxşı dəvət yoludur.
3. Yaranış aləmində Allahın qüdrəti qeyri-məhduddur.
60. الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُن مِّن الْمُمْتَرِينَ
"Həqiqət sənin Rəbbin tərəfindən olandır. Belə isə, şübhə edənlərdən olma.”
"Mumtərin” sözü "miryə” sözündən olub, şəkk-şübhə deməkdir. Bu ayə eynən "Bəqərə” surəsində də (ayə 147) buyurulmuşdur. Ayədən aydın olur ki, yalnız haqq və sabit olan Allah tərəfindən deyilən söz haqq və möhkəmdir, nəfs istəkləri tufanında daim dəyişən insanlardan isə möhkəm qanun və söz gözləmək olmaz.
1. Haqqın bəyanı rübubiyyət və tərbiyə rəmzidir.
2. Sabitlik və həqiqət yalnız Allahın yolunda, Allahın kəlamında və Allahın qanunundadır.
3. Müxaliflərin çoxluğu, səyləri, sərvət və təbliğatları əqidəmizə təsir göstərməməlidir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti