"Ali-İmran” surəsi (47-48)
47. قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللّهُ يَخْلُقُ مَا يَشَاء إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ
"(Məryəm) dedi: Pərvərdigara! Mənimlə heç bir insan təmasda olmadığı halda necə övladım ola bilər?” Allah buyurdu: "Allah belədir, O, istədiyini yaradır. Bir iş görmək istədikdə yalnız ona "ol” deyir, o da (həmin an) mövcud olur.”
Mövcudların yaradılış səbəbi Allahın iradəsidir. Allah heç bir maddi vasitə olmadan da yarada bilir. O, səbəbləri yarada da bilər, onları aradan götürə də bilər. Bəzən Allah bir şeyin təsirini ondan alır. Bəzən isə bir şeyə başqa bir təsir verir. Yaranış, davam və təsirlər Allahın iradəsinə bağlıdır.
Allah Zəkəriyyanın cavabında "istədiyini edər” buyururdusa, Məryəmin cavabında "istədiyini yaradır” buyurur. Bəlkə də sirri budur ki, zövcəsiz qadının övladı olması qoca kişinin övladı olmasından daha heyrətamizdir.
1. Kökü inkar və inadkarlıq olmayan sual və təəccübün eybi yoxdur. Allahın övliyaları da Allahın iradəsinin təbii vasitələrlə həyata keçdiyinə inanırlar. Ona görə də təbii vasitələrsiz bir iş baş verdikdə bunun necə baş verməsini Allahdan soruşurlar.
2. Allahın qeyri-təbii yolla gördüyü işlər yeni bir şey deyil. Təbii amillərin özü də, hələ ki, sonadək tanınmamışdır.
3. Yaranış üçün Allahın qüdrəti sonsuzdur. İstər təbii vasitələrlə, istər qeyri-təbii şəkildə yaratmaq Allah üçün eynidir.
4. Yaranışın şərti Allahın qəti iradə və istəyidir.
48. وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ
"Allah ona Kitab, hikmət, Tövrat və İncili öyrətdi.”
Şiə və sünni təfsirlərində oxuyuruq ki, «Kitab təlimi» dedikdə yazı qaydalarının öyrədilməsi nəzərdə tutulur. «Hikmət» dedikdə mövcudların istər dünya, istər axirətə aid təsirləri, xeyir və zərəri, hərəkətlər, əxlaq və əqidə başa düşülür.
1. İlahi rəhbərliyin üsul və şərtlərindən biri zəruri agahlıqlara malik olmaqdır. Bu agahlıq elmə, hikmətə və səmavi kitablara əsaslanan agahlıqdır.
2. Hər dövrün rəhbəri keçmişin hadisə və qanunlarından da xəbərdar olmalıdır. Allah İsaya Musanın Tövratını öyrətdi.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti