“Bəqərə” surəsi (117-118)
117. بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ
"Göyləri və yeri var edən Odur. Bir şeyi vücuda gətirmək istədikdə yalnız deyər: "Ol!” O da dərhal vücuda gələr.”
O bütün mövcudların maliki olmaqdan əlavə, həm də onların xaliqidir. Bu da dərhal və əvvəlcədən plan cızmadan baş verər. Belə bir varlığın övlada nə ehticayı var? Nə vaxt bir şeyi yaratmaq istəsə "ol” deyər, o da dərhal vücuda gələr. Həzrət Rizanın (ə) təbirincə, "Allah öz işində hətta "ol” deməyə də ehtiyaclı deyil. Onun istəməsi ilə yaratması birdir.("Ənfal”, 29. )
Bu bir neçə ayədə ilahi qüdrətlə tanış olduq. "Şərq də, qərb də Onun üçündür.” "Göylər və yer Onun üçündür.” "Hamı onun qarşısında təvazökar və mütidir.” "Göyləri və yeri heçdən yaradan Odur.” "Onun fərmanı ilə hər şey vücuda gəlir.”
Allah bir anda yaratdığı kimi, bir anda da hər şeyi aradan götürə bilər. Necə ki, "İbrahim” surəsinin 19-cu ayəsində buyurulur: "Allah istəsə, sizi aradan götürüb yerinizə yeni bir xalq gətirər.” Hər şeyin varlığı və yoxluğu əlində olan bir qüdrətə iman insana fövqəladə güc verir, onu ümidsizlikdən uzaqlaşdırır.
1. Allah heçdən və misilsiz yaradır.
2. Allah bir anda bütün varlıq aləmini yarada bilir. Amma Onun hikməti tələb edir ki, işlərdə səbəb silsiləsi olsun və yaranış tədricən baş versin.
118. وَقَالَ الَّذِينَ لاَ يَعْلَمُونَ لَوْلاَ يُكَلِّمُنَا اللّهُ أَوْ تَأْتِينَا آيَةٌ كَذَلِكَ قَالَ الَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ تَشَابَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا الآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ
"Bilməyənlər dedilər: "Nə üçün Allah bizim özümüzlə danışmır? Nə üçün bizim özümüzə bir ayə və nişanə gəlmir?” Onlardan qabaq olanlar da onlar kimi danışırdılar. Onların qəlbləri oxşardır. Amma Biz yəqin əhli (həqiqəti axtaranlar) üçün aydın ayə və nişanələr qərar vermişik.”
Digər bir kafir dəstəsindən yenə də yersiz bir istək! Cahil insanlar həzrət peyğəmbərin dəvəti qarşısında belə dedilər: "Nə üçün Allah birbaşa bizim özümüzlə danışmır? Nə üçün bizim özümüzə ayə nazil olunmur?!”
Quran bu sayaq sözlərdən yaranacaq pis təsəvvürün qarşısını almaq üçün və peyğəmbərə təsəlli vermək məqsədi ilə kafirlərin istəklərini çox adi təqdim edir. Bildirilir ki, bu suallar təzə bir şey deyil. Qabaqkı kafirlər də öncəki peyğəmbərlərdən belə tələblər etmişlər. Sonra buyurulur: "Hər iki dəstənin təfəkkür tərzi bir-birinə oxşayır. Amma Biz bu sayaq istəkləri etibarlı və dəyərli saymırıq. Çünki Öz ayələrimizi haqqı axtaranlara yetərincə bəyan etmişik.”
Yersiz istəkləri doğuran ya təkəbbür ruhiyyəsidir, ya da cəhalət və nadanlıq. Cahil olmayan insan anlayır ki, vəhy mələyi hər qəlbə nazil olmaz. Hikmət sahibi olan insan qiymətli və dadlı şərbəti hər qaba tökmür. Quranda oxuyuruq: "Əgər saf qəlbli və düz əməlli olsaydınız, sizə fürqan və təmiz bir qüvvə verərdik.”("Muddəsir”, 52. )
1. Əsas, istək və umacaq yox, təlaş və ləyaqətdir. Bəziləri çalışmaq və layəqət göstərmək əvəzinə daim yersiz istəklərlə müraciət edirlər.
2. Allahın qanunu hər bəndənin nəfs istəyinə cavab vermək yox, höccətin tamamlanması və dəlillərin bəyanıdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti