“Bəqərə” surəsi (219-220)
219. يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ
"Səndən şərab və qumar haqqında soruşurlar. De ki, bunlar iki böyük günahdır, (maddi) mənafeləri də var. (Amma) onların günahı faydalarından daha böyükdür. (Eləcə də) səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, əfvi (ehtiyacınızdan artığını). Allah Öz ayələrini sizin üçün bu sayaq aydınlaşdırır ki, bəlkə düşünəsiniz.”
"İsm” sözü insanı xeyir iş görməkdə süstləşdirən işə deyilir.
Xalqın ilk sualı şərab və qumarın hökmü haqqındadır. "Xəmr” örtük mənasını verir. Ona görə də qadınların başlarına bağladıqları örtük "Ximar” adlanır. Şərab insanın tanıma qüvvəsini aldığı üçün onu "Xəmr” adlandırmışlar. Yəni şərab bir növ insanın ağlını örtür.
"Məysir” sözü asan mənasını verən "yəsr” sözündəndir. Çünki qumarda tərəflər bir-birlərinin pulunu asan yolla ələ keçirmək istəyirlər.
Ayədə bu adamlara belə cavab verilir: Şərab və qumar böyük günahlardandır. Onlarda hansısa fayda ola bilər. Necə ki, bəziləri üzüm əkmək, bəziləri şərab düzəltmək və satmaq, bəziləri qumarxana açmaq yolu ilə pul əldə edirlər. Amma bu iki işin zərəri onun faydası ilə müqayisəyə gəlməyəcək dərəcədə böyükdür. Elmi və əxlaqi kitablarda şərab və qumarın mənfi təsirləri haqqında ətraflı şəkildə danışılmışdır. "Təfsiri-nümunə”də şərab və qumarın mənfi təsirləri sadalanmışdır. Həmin qeydləri nəzərinizə çatdırırıq:
1. Şərab və qumar ömrü qısaldır.
2. Körpələrə mənfi təsir edir. Cinsi yaxınlıq sərxoş halda baş verdikdə bu mənfi təsir daha böyük olur.
3. Əxlaqi fəsadlar genişlənir, cinayətlərin sayı artır. Oğurluq, qətl, ağır xəsarət, zorlamalar, yol qəza hadisələri bu günahların səbəbi kimi göstərilə bilər. Alimlərdən biri bildirir ki, əgər dövlətlər şərab istehsalı və satışını ikidə bir qədər azaltsalar, biz də xəstəxanaların yarısını bağlayarıq.
Qumar insanda ciddi həyəcanlar yaradır, əsəb xəstəliklərinə səbəb olur, qumar səbəbindən beyin və ürək zərbəyə məruz qalır, qəlb döyüntüləri artır, iştahasızlıq yaranır. Aparılan sorğulardan belə bir nəticə əldə olunur ki, dünyada baş vermiş cinayətlərin otuz faizi qumarın payına düşür. Qumar insanlarda halal zəhmətə olan marağı öldürür, işdən duyulan sevinci onların əlindən alır. Bir çox qeyri-İslami ölkələrdə qumar qadağan olunmuşdur. Məsələn, İngiltərədə 1953-cü, keçmiş Sovetlər İttifaqında 1954-cü, Almaniyada 1973-cü ildə qadağan edilmişdir.
Ayədə verilən növbəti sual infaq haqqında idi. Soruşulurdu ki, nədən infaq etmək lazımdır? Ayədə suala belə cavab verilir: "Əfvi!” "Əfv” lüğətdə bağışlanma mənasından əlavə, orta həddə bağışlama, artıq miqdar, malın ən yaxşı hissəsi mənalarını da bildirir. Bu mənaların istənilən biri hazırkı ayəyə tətbiq oluna bilər. Ayədə "əfv” təbirinin bütün bu mənaları daşıması mümkündür. Yəni infaq etmək istədiyiniz vaxt həm orta həddi gözləyin, həm olanınızı bütünlüklə infaq etməyin, həm də malınızın yaxşısını infaq edin. Necə ki, Quranda buyurulur: "Sevdiyiniz şeylərdən infaq etməyincə yaxşılığa çatmayacaqsınız.”("Nisa”, 43.)
Təfsirdə bildirilir ki, şərab tədricən qadağan edilmişdir. Çünki ərəblər sərxoşluğa çox meylli idilər. Ona görə də Quran şərabı pilləli mərhələdə haram buyurmuşdur. Əvvəlcə bu ayə nazil olmuşdur: Üzümdən həm məstedici içki, həm də yaxşı ruzi əldə olunur.”(Maidə”, 90. )Yəni şərab yaxşı ruzi deyil. Sonra isə bu ayə nazil olmuşdur: "Şərab və qumarın zərəri onların faydasından çoxdur.” Daha sonra şərab haqqında belə buyurulur: "Namaz vaxtı məst olmamalısınız.”(Mərhum Qumşeyinin tərcüməsi. ) Nəhayətdə isə şərab qəti və daimi şəkildə haram buyurulur: "Şərab və qumar... murdardır və şeytan əməllərindəndir.”(Təfsiri-Əl-Mizan”. )
1. Həm şərab, həm də qumar fiziki və ruhi sağlamlığa ziddir və qəflət doğurur. Ona görə də bu iki şeyin adı Quranda yanaşı çəkilir.
2. Düşüncənizi və əmin-amanlığınızı qoruyun. Şərabı qadağan etməklə ağıl və düşüncənizi, qumarı qadağan etməklə ruhi sağlamlığınızı və iqtisadi dayaqlarınızı hifz edin.
3. Rəftarlarınızda insaflı olun. Başqalarının pisliyini gördüyünüz kimi yaxşılığını da görün. Ayədə şərab və qumarın faydalarına göz yumulmur. Mövzu elə bir şəkildə bəyan olunur ki, insan bu məsələlərə sağlam düşüncə ilə yanaşa bilsin.
4. Haram şeylərdə hansısa faydalar da ola bilər.
5. Dini qanunlara münasibətdə "əhəmm” və mühüm” məsələlərinə diqqətli olun.
6. İlahi hökmlər verilərkən həm xeyir, həm də şər nəzərə alınmışdır.
7. Dini hökmlərin fəlsəfəsi ilə tanışlıq onların qəbuluna doğru bir addımdır.
8. Günahlar kəbirə və səğirə (böyük və kiçik) olur.
220. فِي الدُّنْيَا وَالآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلاَحٌ لَّهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاء اللّهُ لأعْنَتَكُمْ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ
"(Düşünün) dünya və axirət haqqında. Səndən yetimlər haqqında soruşarlar. De ki, onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatından ayırmasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah əhlini fəsad əhlindən ayırd edir. Allah istəsəydi sizi zəhmətə salardı. (Göstəriş verərdi ki, yetimlərə himayədarlıq edərkən onların malını öz malınıza qatmayasınız. Amma Allah belə etmir.) Həqiqətən, O, əziz və həkimdir.”
"Fiddünya vəl axirət” cümləsi iki şeydən birinə işarədir. Bu cümlə infaq məsələsinə aid ola bilər. Bu barədə əvvəlki ayədə danışılmışdır. Yəni sizin infaqınız dünya və axirət asayişiniz üçün olsun. Bütün malınızı xərcləməyin ki, dünyada əziyyətə düşəsiniz. Xəsislik də etməyin ki, axirət savabından məhrum olasınız.("Tövrat”, səfəre-laviyan, 19-21-ci cümlələr. ) Bu cümlə əvvəlki ayənin sonunda işarə olunmuş təfəkkürə də aid ola bilər. Yəni insan dünya və axirət məsələləri haqqında düşünsün və axirəti üçün bu dünyadan bir şey qazansın. İnsan yaranış, varlıq aləminin sirləri, hakim qanunlar haqqında düşünməli, məsələləri bacardığı qədər əql və düşüncə əsasında qəbul etməlidir. Hərçənd bir əqidənin qəbulu üçün bütün sirlərdən xəbərdar olmaq şərt deyil.("Vəsail”, c. 2, s. 567; Təfsiri-Nurus-səqəleyn, c.1, s. 178.)
Təfsirlərdə bildirilir: "Nisa” surəsinin onuncu ayəsi nazil olanda və yetimin malının yeyilməsi od yeyilməsi ilə bir tutulanda, evində yetim olanlar narahat oldular. Bəziləri yetimləri evlərindən çıxardılar, bəziləri isə onların qab-qacağını ayırdılar. Belə ki, yetimlər və onlara himayədarlıq edənlər üçün çətinlik yarandı. Belələri həzrət Peyğəmbərin (s) hüzuruna gəlib yetimlərlə rəftar haqqında soruşurdular. Həzrət Peyğəmbər (s) onların suallarını belə cavablandırırdı: "Yetimlərin işlərini yoluna qoymaq onları uzaqlaşdırmaqdan üstündür. Malınızın onların malına qatılmaması üçün onları özünüzdən uzaqlaşdırıb, bu məsuliyyəti çiyninizdən atmamalısınız. Onlar sizin din qardaşlarınızdır. Onların malına tamah olmayan yerdə öz malınızı həmin mala qatmağın eybi yoxdur. Bilin ki, Allah fəsad əhlini islah əhlindən seçir.”
1. Dünya və axirətə diqqətsiz olmayın, onlar haqqında düşünün.
2. Yetimlərdən uzaqlaşmaq məsləhət deyil. Əksinə, xeyir və tamahsız bir niyyətlə onlarla yaxınlıq məsləhətdir.
3. Yetimlərə istənilən cür kömək dəyərlidir. Ayədə islah sözü ümumi şəkildə işlədilmişdir. Burada həm maddi, həm elmi, həm əməli, həm tərbiyəvi, həm də dini islah nəzərdə tutulur.
4. Yetimlər bizim nə qulumuzdur, nə övladımız. Onlar bizim kiçik qardaşlarımızdır və bizim özümüzdəndir.
5. Bu işdə nə ifrat, nə də təfritə yol verin. İslah adı ilə yetimlərin malını yeməyin, fəsad qorxusundan onlardan uzaqlaşmayın. Allah islah əhlini fəsad əhlindən seçir.
6. Allahın bizim düşüncə və niyyətlərimizdən xəbərdar olduğunu bilsək, fəsad və xilafa yol vermərik.
7. İslamda gücdən yuxarı vəzifə yoxdur.
8. Göstərişlərdəki asanlıq hikmətə əsaslanır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti