“Bəqərə” surəsi (201-202)
201. وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ
"(Amma) insanların bəziləri deyirlər: "Pərvərdigara! Bizə dünyada da, axirətdə də yaxşılıq mərhəmət buyur və bizi odun əzabından qoru.”
Xalqı tanımaq yollarından biri onların arzuları və duaları ilə tanışlıqdır. Əvvəlki ayədə bir qrup şəxsin istəyi dünyaya aid idi; onlar bunun xeyrini-şərini düşünmürdülər. Bu ayədə isə ikinci qrupun istəyi "həsənədir”. Allahdan həm dünya, həm də axirətdə "həsənə” istənilir. Birinci dəstənin nəzərində əsas dünyadır. İkinci dəstə isə "həsənə” olan və axirətlə sonuclanan dünyanı dəyərli sayır.
Rəvayətlərdə dünya və axirət xeyirlərinin müxtəlif nümunələri sadalanmışdır.("Təfsiri-Əhsənul-hədis”, c. 1, s. 376. )Həsənə isə bir neçə nümunə ilə məhdudlaşır.
Qurani-məciddə 115 dəfə "dünya”, 115 dəfə "axirət” sözləri işlədilmişdir. Bu bir təsadüf deyil. Əlbəttə, belə bir nəticə də çıxarmaq olmaz ki, dünya və axirətin əhəmiyyəti eynidir.
Dualarda ümumi məsələlər bəyan olunur. Nə əta etmək isə Allahın öhdəsinə qalır. Biz Allahdan həsənə və səxavət istəyirik. Çünki tərəqqimizin və xeyrimizin nədə olduğunu bilmirik. Bunu Allahın ixtiyarında qoyuruq. İnsan elmi məhdudiyyətlərə, agahlığının olmamasına görə xoşbəxt həyat üçün nəyə ehtiyaclı olduğunu bilmir. Ona görə də tövsiyə olunur ki, Allahdan vasitə yox, işin özünü istəyək. Çünki Allah həmin istəyimizi ağlımıza gəlməyən vasitələrlə gerçəkləşdirə bilər. Məsələn, Allahdan həcc ziyarətinə getmək tövfiqi istəyin. Amma deməyin ki, Pərvərdigara, mənə mal-pul ver ki, Məkkəyə gedim. Allah ağlımıza gəlməyən yollarla bizi məqsədimizə çatdıra bilər.
1. Dünya və axirət bir-birinə zidd deyil. Bir şərtlə ki, insan həsənə, yaxşılıq ardınca getsin.
2. Hər cürə rifah pislənilmir. Əksinə, gözəl bir həyat bəyənilmişdir.
3. Cəhənnəmin xüsusi hesabı var. Allahdan axirət xeyri istənilsə də, atəşdən nicat tapmaq üçün ayrıca dua edilir. (Məsələn, "Mücir” duasında yetmiş dəfəyə yaxın deyilir: "Pərvərdigara! Bizə cəhənnəm atəşindən nicat ver.”
202. أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ
"Onların öz kəsbindən (duasından) bəhrəsi və qisməti var. Allah sürətlə hər kəsin hesabına yetişər.”
Bəhrəyə ayədə "nəsib” deyilmişdir. Sanki insan üçün pay ayrılmışdır. Möminlər təkcə "Rəbbəna atina” duasından faydalanmırlar. Onlar öz təlaş və kəsblərindən də bəhrələnirlər. Bu bizə xəbərdarlıq edir ki, Allahın lütfü dua ilə yanaşı, çalışıb səy göstərənlərə aiddir.
1. İnsan qiyamətdə yalnız bəzi işlərindən faydalanır. İnsan bir çox işləri Allaha yaxınlıq məqsədi ilə, xalis niyyətlə görmədiyindən qiyamətdə həmin işlərdən bəhrələnmir.
2. Səy və təlaşsız heç bir bəhrə yoxdur.
3. Dərhal verilən mükafat bir imtiyazdır. (Həzrət Əli (ə) buyurmuşdur: "Allah bütün xalqın hesabına birdəfəyə yetişər. Necə ki, bütün xalqa birdəfəyə ruzi verir.”)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti