“Bəqərə” surəsi (199-200)
199. ثُمَّ أَفِيضُواْ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُواْ اللّهَ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
"Sonra xalqın köçdüyü yerdən köçün. Allahdan bağışlanmaq istəyin ki, Allah bağışlayan və mehribandır.”
Bu ayədə xalqın birlikdə hərəkətinə göstəriş verildikdən sonra Məkkə əhalisinə xatırladılır ki, Hərəm əhli və ya qüreyşli olmaları onları fərqli hərəkətə sövq etdirməməlidir. Onlara özlərini böyük tutmamaq və ümumi xalq kimi olmaq göstərişi verilir.
Əslində həccin təsir və fəlsəfələrindən biri də puç imtiyazların kənara qoyulmasıdır. Orada insan geyimindən, ev-eşiyindən, ailəsindən keçib damla olur və dəryaya qatılır.
Bu ayədə iki dəfə, ötən ayədə bir dəfə "ifazə” sözü işlədilmişdir. Bu söz birlikdə hərəkət mənasını verir. Ayələrdəki təkrarlardan görünür ki, birlikdə hərəkət ibadətlərin icrasından dəyərlidir.
İstiğfar və zikr Ərəfat və Məşərin ən üstün əməlidir. Bu məkanlarda yalnız dayanmaq vacib olsa da, uyğun ayələrdə Allah-təala bizi Öz zikrinə, keçmiş günahların yada salınmasına və ötən günahlara görə bağışlanmaq üçün duaya çağırır. Axı Allah övliyalarının göz yaşı axıtdığı bir yerdə necə biganə olasan?
1. İstənilən bir adla imtiyaz tələb etmək qadağandır.
2. Toplum halda hərəkət dəyərlidir.
3. Heç vaxt ümidsiz olmayaq. Keçmişimiz hər nədirsə, tövbə ilə ona çarə qılmaq mümkündür. Çünki Allah bağışlayan və mehribandır.
200. فَإِذَا قَضَيْتُم مَّنَاسِكَكُمْ فَاذْكُرُواْ اللّهَ كَذِكْرِكُمْ آبَاءكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ
"Elə ki, öz həcc mərasimlərinizi yerinə yetirdiniz, Allahı yad edin. Necə ki, öz atalarınızı yad edirsiniz. Bəlkə daha artıq və daha yaxşı! İnsanlardan bəziləri belə deyirlər: "Pərvərdigara! Bizə dünyada əta et!” Onların axirətdə bəhrələri yoxdur.”
Məkkə əhlindən bir dəstəsi həcc mərasimi başa çatdıqdan sonra bir məhəldə toplaşıb öz ata-babalarını xatırlayır və qürrələnirdilər. Quran göstəriş verir ki, ata-babalarınızla fəxr etmək əvəzinə Allahı yad edin.("Həcc”, 41. ) Əmr olunur ki, Allahın nemətlərini və yardımlarını dilə gətirin və bu işdə ciddi olun.
Bir şeyin xatırlanması onun insan düşüncəsinə hakim olması nişanəsidir. Ata-babalarını xatırlayıb onlarla iftixar edən kəs onların düşüncə və əqidəsini qəbul etmişdir. Bu cür xatırlamalar cəmiyyətdə cahil bir mədəniyyəti, əqidəni hakim edə bilər. Ona görə də həzrət Musa (ə) buyurmuşdur: "Mən Samirinin qızıl və dəyərli buzovunu yandırar, külünü dəryaya tökərəm. Çünki onlara tamaşa etmək şirk düşüncəsini insanlarda canlandırır.”
1. Boş vaxtı proqramlaşdırmaq tərbiyəçinin vəzifələrindəndir.
2. Allahın zikri kəmiyyət baxımından çox, keyfiyyət baxımından aşiqanə və xalisanə olmalıdır.
3. Məsələlərə səthi yanaşmayaq. Bəziləri ən üstün zaman və məkanda yalnız maddi nemətlərə çatmaq üçün dua edirlər.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti