“Bəqərə” surəsi (191-192)
191. وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلاَ تُقَاتِلُوهُمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِن قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاء الْكَافِرِينَ
"Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız öldürün. Və sizi çıxardıqları yerdən (Məkkədən) onları çıxarın. Fitnə (şirk və işkəncə) qətldən pisdir. Məscidül-həramın yanında onlarla vuruşmayın. Bir şərtlə ki, onlar həmin yerdə sizinlə savaşmayalar. Əgər sizinlə savaşsalar, onları (həmin yerdə) qətlə yetirin. Kafirlərin cəzası belədir.”
Bu ayədə Məkkə müşriklərinin qətl və ixrac əmri verilir, eləcə də, bu işə dəlil olaraq bildirilir ki, onlar illər boyu müsəlmanlara işkəncə vermiş, yurd-yuvalarından didərgin salmışlar. Bu isə qətldən də ağır işkəncədir. Belə ki, müsəlmanlar müşriklərlə mübarizə və savaşda süstlük göstərməməlidirlər.
Sual: Nə üçün işkəncə qətldən ağır sayılır?
Cavab: Qətlə yetirilmiş insan dünya həyatından ayrılıb axirətə qovuşur. İşkəncəyə məruz qalan insan nə axirətə yetişir, nə də dünyadan kam ala bilir.
1. Müəyyən məqamlarda düşmənə onun özü kimi cavab vermək və sərtlik göstərmək lazımdır.
2. Ədalətli müdafiə təkcə cəbhə və savaş deyil.
3. Dinlər insanın vətən haqqına malik olmasını qəbul edir.
4. Fitnəkar insan müharibə aparan insan kimidir. Onunla sərt şəkildə rəftar edilməlidir.
5. Hərəm və Məscidül-Həram müqəddəsdir. Müsəlmanların qanı isə daha müqəddəsdir. Burada "əhəmm” və "mühümm” məsələləri bəyan olunmuşdur.
6. Savaşda qabağa düşməli olmadığımız kimi, müqəddəslikləri sındırmaqda da qabağa düşməməlisiniz.
192. فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
"Əgər əl çəksələr, həqiqətən, Allah bağışlayan və mehribandır.”
Müşriklər bağışlanmaq üçün nələri tərk etməlidirlər? İki ehtimal var: Savaş və fitnədən əl çəksinlər (əvvəlki ayəyə əsasən) və küfrdən əl götürsünlər. (Möminlərə məxsus ilahi bağışlanmanın əldə olunması dəlilinə əsasən.)
1. Müsəlmanlar öz düşmənlərinin həqiqi atəşkəs təklifini qəbul etməlidirlər.
2. İslam qayıdış yolunu hətta kafirlər üçün də açıq qoymuşdur.
3. Əgər kafirlər fitnədən, savaşdan əl çəkib iman gətirsələr, onları keçmiş işlərinə görə məzəmmət etməyin.
4. İnsan özü ilahi mərhəmət üçün zəmin yaratmalıdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti