Xanım Fatimənin (s.ə) Fədək xütbəsinin tərcümə və şərhi (Silsilə 21)
Quranda irs övladın haqqıdır
1.
وَزَعَمْتُمْ اَنْ لا حَظْوَةَ لي، وَ لا اَرِثُ مِنْ اَبي؟ وَ لا رَحِمَ بَيْنَنا؟
Siz belə düşünürsünüz ki, mənə heç bir pay düşmür və mən atamdan irs aparmamalıyam, bizim aramızda qohumluq əlaqəsi yoxdur?
2.
اَفَخَصَّكُمُ اللَّهُ بِايَةٍ اَخْرَجَ مِنْها اَبي؟
Allah təala atamı bu ümumi irs qanunundan istisna etmək üçün sizə xüsusi bir ayə göndərmişdirmi?
3.
اَمْ هَلْ تَقُولُونَ: اِنَّ اَهْلَ مِلَّتَيْنِ لا يَتَوارَثانِ؟ اَوَ لَسْتُ اَنَا وَ اَبي مِنْ اَهْلِ مِلَّةٍ واحِدَةٍ؟
Yoxsa deyirsiniz: iki dinin davamçıları bir birilərindən irs aparmırlar, sizin nəzərinizcə mən və atam bir dindən deyilik?
4.
اَمْ اَنْتُمْ اَعْلَمُ بِخُصُوصِ الْقُرْانِ وَعُمُومِهِ مِنْ اَبي وَابْنِ عَمّي؟
Ya siz özünüzü Qur'anın ümumi və xüsusi mə'nalarına atam və əmim oğlundan (Əli ibn Əbi Talibdən) daha elmli hesab edirsiniz?
5.
فَدُونَكَها مَخْطُومَةً مَرْحُولَةً تَلْقاكَ يَوْمَ حَشْرِكَ.
İndi ki belədir, alın, bu siz, bu da Fədək ki, ram olunmuş və yüklənmiş dəvə kimi sizin ixtiyarınızdadır. Amma özünü Qiyamət günü mənım sorğu-sualım altında görəcəksən. (Bunu da bil ki, bu zülm Qiyamət günü sənin üçün necə ağrılı bir vəziyyət hazırlayacaqdır)
6.
فَنِعْمَ الْحَكَمُ اللَّهُ، وَ الزَّعيمُ مُحَمَّدٌ، وَ الْمَوْعِدُ الْقِيامَةُ،
Allah təala ən yaxşı hakim, həzrət Muhəmməd(s) ən yaxşı rəhbər və Qiyamət günü ən yaxşı və'də günüdür.
7.
وَعِنْدَ السَّاعَةِما تَخْسِرُون وَلا يَنْفَعُكُمْ اِذْ تَنْدِمُونَ،
Ziyankarlıqlarınız Qiyamət günü yaxşıcasına aşkar olacaqdır və o zaman peşmançılığınızın sizə heç bir faydası olmayacaqdır.
8.
وَلِكُلِّ نَبَأٍ مُسْتَقَرٌّ، وَ لَسَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتيهِ عَذابٌ يُخْزيهِ، وَ يَحِلُّ عَلَيْهِ عَذابٌ مُقيمٌ.
Necə ki, Qur'an buyurur: "Hər bir hadisənin öz yeri vardır və tezliklə görəcəyik ki, kimlərə alçaldıcı əzab gələcək və davamlı işkəncələr onu tutacaqdır.”
Şərh:
Birinci: Hər bir mətləbin qəbul və ya rədd olunması üçün əqli və nəqli dəlillər lazımdır ki, hər kəs batil yolla öz nəfsi və şeytani istəkləri ilə haqqı batil və batili haqq göstərməsin. Bu qanun ümumi şəkildə insanın bütün məsələlərinə şamil olur və təkcə elmi məsələləri yox, həyatın bütün məsələlərini öz əhatəsinə alır. Amma əgər həyatın müxtəlif sahələrində - me'marlıq, sürücülük, bənnalıq, idarəçilik və s.-də yaxşını, pisi, haqqı, batili, əyrini və düzü göstərən me'yarlar olmasa, heç bir zaman insanın yaşayışı əminamanlıq tapmayacaqdır. Çünki hər bir şəxs öz zövq və istəklərinə əsasən mühakimə yürüdəcək və özünün xoşuna gələnləri yaxşı və haqq, xoşuna gəlməyənləri isə pis və batil olaraq qələmə verəcəkdir. Bu növ hərəkətlər yaxşı və pisin və ya haqq və batilin tə'yin olunması üçün nümunə ola biləz, bu səbəbdən Əhlul-Beyt(ə) məktəbi tənqid yolunu bağlamır, əksinə insanları daima sorğu-suala həvəsləndirmiş və aydıncasına buyurmuşlar:
Hətta əgər bizim sözlərimizi də yaxşı düşünməsəniz, özümüzə qaytarın (Bizə müraciət edin) ki, mövzunu sizin üçün aydınlaşdıraq.
İkinci: Əhlul-Beyt (ə) insanların tərbiyə və inkişafı üçün necə çalışırdı?
Cavab: Mə'sum İmamlar Qur'an ayələrinə əsasən ilahi ismət sahibi və hər cür pisliklərdən pakdırlar. Çünki aşkarda və gizlində, zahirdə və batində tam şəkildə öz Rəbblərinə təslimdirlər və Allahın yer üzərindəki nur və höccətləridirlər.
Əqli və nəqli (Qur'an və hədis) dəlillər yolu ilə sübut olunmuşdur ki, hökm verərkən birbaşa, yaxud vasitə ilə Mə'sum insana istinad olunmasa, onda xəta və səhv ehtimalı vardır; hətta hökm verən alim, mütəxəssis və bilikli bir şəxs olsa belə. Buna əsasən də insanlar o zaman əmin ola bilərlər ki, yaşayışın bütün sahələrində özlərini və başqalarını ilahi höccətlərlə uyğunluqda ölçsünlər. Ona yaxın olan şeylər məqbul və bəyəniləndir, çünki Allahın razılığı bundadır və bu, haqla batilin yaxşı ilə pisin müəyyən olunması üçün yoldur. Bununla belə, bir şəxs "Siffeyn” müharibəsində Həzrət İmam Əlinin(ə) hüzuruna gəldi və dedi: Sizi bu cəmiyyətin arasında müşahidə edirik və bu dəstənin haqq olmsına inam tapırıq və Müaviyəni o tərəfdə görürük və onların batil olmasına inam tapırıq, bu seçimimiz düzdür? Həzrət buyurdu:
"ان الحق والباطل لا يعرفان باقدار الرجال اعرف الحق تعرف اهل واعرف الباطل تعرف اهله"
"Haqq və batil, şəxsiyyətlərlə tanınmır, sən əvvəl haqqın özünü tanı, əgər onu tanısan, şübhəsiz haqq əhlini də tanıyacaqsan və əvvəl batili tanı ki, batil əhlini də doğru tanıyasan.”
Mühim məsələ:
Hərçənd həzrət Əlinin vücudu həqiqətin özüdür, necə ki, Peyğəmbər (s) buyurmuşdur:
"علي مع الحق والحق مع علي”
Əli haqq ilə, haqq da Əli ilədir”,
hərçənd o, mə'sum, Allahın höccəti və danışan Qur'andır amma imamətdə olan gözəlliyə və saflığa bax ki, öz ardıcıllarını necə tərbiyə etmişlər. İnsan azadlığına o qədər hörmət edirlər ki, onları düşüncə və şüur yoluna çəkib haqla batili düzgün müəyyən etməkdə yol göstərsinlər.
Üçüncü: Hansı şəxslər bütün zamanlarda Qur'anın həqiqətini və sirlərini tam şəkildə bilirlər?
Cavab: Həzrət Fatimə (ə) buyurur: Peyğəmbər (s), Əli (ə) və Mə'sum İmamlar (ə) hər bir dövrdə Allahın Öz məxluqlarına höccətidirlər, canlı Qur'andırlar və Qur'anın bütün sirlərindən tam xəbərdardırlar. Necə ki, Qur'an özü bunu təsdiq edir, "و من عِندَهُ عِلمُ الکِتابِ”
"Və o şəxs ki, kitabın bütün elmləri onun yanındadır". Sünni və şiələrdən nəql olunmuş çoxlu hədislərə əsasən bu ayə həzrət Əliyə(ə) aiddir. Ondan sonra On bir mə'sum İmamlara da şamil olur.
Həzrət Fatimə (ə) bir dəstə zülmkarlara üzünü tutaraq buyurdu:
Mənimlə atam arasında qohumluq əlaqəsi yoxdur? Qur'anın hamıya şamil olan irs ayələrinin qarşısında sizə atamı ümumi irs qanunundan istisna edən yeni bir ayəmi nazil olmuşdur?
Siz Qur'anın həqiqət və sirlərini, ümumi və xüsusi hökmlərini Peyğəmbər (s) və əmim oğlu Əmirul-Mu'minindən (ə) daha yaxşımı bilirsiniz?!
Əgər bu məsələ aydıncasına araşdırılsa, mə'lum olar ki, onlarda çoxlu həqiqətlər yatır.
Siz hansı bir din və əqidəyə maliksiniz ki, o din övladla ata arasında olan əlaqəni kəsir?
Necə hökümət qurmusunuz ki, fitri, qəti və aşkar hüquqları asanlıqla müsadirə edir?
Hansı din və məzhəbə inamınız vardır ki, sizə yalandan Allahı, Qur'anı və Peyğəmbəri öz nəfsani istəkləriniz üçün alətə çevirməyə cür'ət verir.
Və hansı ilahi dindir ki, öz davamçılarını göstərişlərinin əksinə əməl etməyə də'vət edir?
Dördüncü: Fədəkin müsadirə olunması bir bəhanədir.
Həzrət Fatimə (ə) özünün pak, nurani və Qur'ani kəlamlarını çox gözəl və məntiqi bir şəkildə bəyan etdi ki, hər bir şəxs onları rahatlıqla başa düşüb Peyğəmbərin (s) vəfatından sonrakı hadisələr barədə yaxşıca düşünsün və bunun nə məsələ olması, niyə baş verməsi, bu işdə hədəfin nə olduğundan xəbərdar ola bilsin? Mühakimə zamanı lazımi materiallar dəyişdirilmədən hakimə çatdırılarsa və hakim psixi cəhətdən sağlam olarsa, şübhəsiz ki, düzgün hökm verəcəkdir.
Həzrət Fatimə (ə) dəlilləri aşkar şəkildə hamının ixtiyarında qoymuşdur və hər bir şəxs hər bir dövrdə onları nəzərdən keçirə və bu iş barədə hökm verə bilər.
Mənim, sizin və başqalarının mühakimə etməsinin mə'nası bu deyildir ki, uca səslə "Həzrət Fatimə (ə) məzlum olmuşdur” deyək, əksinə, onun nəticəsi budur ki, ürəklərimizi haqqa doğru yönəldək, mə'sum və pak Əhlul-Beytə (ə) tam şəkildə itaət edək və onların nurani və əzəmətli şəxsiyyələrinə çoxlu inam tapaq.
Çünki bu çox böyük fitnə, qorxulu hədəfləri izləyirdi və o da imamət və vilayət ailəsinin ilahi nurunu söndürmək idi. Necə ki, Əmirul-Mu'minin (ə) buyurur:
حاول القوم اطفاءَ نور الله من مصباحه و سد فواره من ينبوعه
Bu dəstə Allahın çırağından parlayan ilahi nuru söndürmək və coşub qaynayan ilahi bulağın axarını çeşməsində bağlamaq qərarına gəldi.
Bu cümlələrdən əvvəl buyurur:
اما الاسْتِبْدادُ عَلَيْنَا بهذا المْقام ... فانّها کانت أَثرَةً شُحَّتَ عَلَيْهَا نُفُوسَ قوم، وَ سَخَتْ عَنْهَا نُفُوسَ آخَرِينَ...
O zaman ki, həzrətin köməkçilərindən biri soruşdu; Ey Əmirəl-Mu'minin! Siz ki, bu məqama tam layiq olduğunuz halda bu qrup bu məqamı sizdən necə aldı?
Həzrət öz xüsusiyyətlərindən bir qisminə işarə etdikdən sonra buyurdu: Xəlifələrin bu məsələdə Bizə qarşı çıxmaları bu cəhətdən idi ki, bir qrupun bu zahiri məqama görə paxıllıqları tuturdu (və ləyaqətləri olmadan ona sahib çıxdılar). Çünki belə düşünürdülər ki, məqam və vəzifə ilə ürəkləri razı salmaq və istəklərə çatmaq olar. Başqa bir qrup olan Biz Əhlul-Beyt isə dünya məqamlarına heç bir marağımız olmadığı üçün Allahla ünsiyyətdəyik. Bu səbəbdən də səxavətlə xilafətdən üz çevirdik.
Yə'ni İslamın məsləhətini bunda gördük ki, məsələyə əhəmiyyət verməyək və işi Allaha tapşıraq. Çünki Bizim Allahdan başqa kömək və himayəçimiz yoxdur və Ondan başqa heç bir kəs bu böyüklükdə zülmün məsələsinə baxa bilməz.
Həzrət Fatimənin (ə) və həzrət Əlinin (ə) kəlamlarında bu cümlə gəlmişdir
"فنعم الحکم الله...”
yə'ni Allah necə də gözəl hakimdir.
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah