Xanım Zəhranın (s.ə) Fədək xütbəsinin tərcümə və şərhi
(Silsilə 11)
Özünün şəxsiyyəti barədə
1.
ثُمَّ قَالَتْ: أَيُّهَاالنَّاس! اِعْلَمُواأَنِّي فَاطِمَةُ,وَأَبِي مُحَمَّدٌ (ص)
Allahın qanunlarının fəlsəfəsini açıqlayandan sonra belə buyurdu:
Ey camaat! Bilin ki, mən Fatiməyəm və atam həzrət Muhəmməddir(Allahın rəhməti və bərəkəti ona və onun ailəsinə olsun).
2.
اَقُولُ عَوْداً وَ بَدْءاً
Ölçülüb biçilmiş, dəqiq və başlanğıcı, sonu olan sözlər deyirəm, (yəni sizinlə danışan adi bir şəxs yox, seçilmiş bir insan, Allahın sevimli bəndəsi və hər növ xəta və səhvlərdən mə'sum olan bir şəxsdir və Allahın istəklərini və sözlərini açıqlamaqdan məqsədi vardır.)
3.
وَ لا اَقُولُ ما اَقُولُ غَلَطاً، وَ لا اَفْعَلُ ما اَفْعَلُ شَطَطاً
Heç vaxt dilimdə səhv və əbəs sözlər işlənmir və haqdan uzaq bir iş yerinə yetirmərəm.
4.
لَقَََدْ جَاءَكُمْ رَسُولٌ مِنْ اَنْفُسِكُمْ عَزيزٌ عَلَيْهِ ما عَنِتُّمْ حَريصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنينَ رَؤُوفٌ رَحيمٌ
(Burada Qur'anın ayəsinə işarə edir ki, Allah belə buyurub:)
Həqiqətən sizə özünüzdən olan bir peyğəmbər seçildi və sizə tərəf gəldi. Sizin zəhmətə və əziyyətə düşməyiniz ona çox çətin və ağır gəlir. O, sizin xoşbəxtliyinizi çox istəyir və möminlərə şəfqətli və mərhəmətlidir.
5.
فَاِنْ تَعْزُوهُ وَتَعْرِفُوهُ تَجِدُوهُ اَبي دُونَ نِسائِكُمْ
Əgər bu ayədə işarə olunan bu ilahi şəxsiyyətin nəsəbini bilmək və tanımaq istəsəniz, şübhəsiz ki, onun sizin qadınlarınızın atası yox, mənim atam olduğunu görəcəksiniz.
6.
وَ اَخَا ابْنِ عَمّي دُونَ رِجالِكُمْ
Atam, sizin kişilərinizin yox, əmim oğlu Əli ibn Əbi Talibin(ə) qardaşıdır.
7.
وَلَنِعْمَ الْمَعْزِىُّ اِلَيْه(ص)
Nə qədər də gözəl və fəxr olunmalıdır ki, bir kəs yer üzündə belə bir şəxsiyyətə mənsub olub onun ən yaxın ailəsindən sayılsın. Allahın salamı və rəhməti ona və onun ailəsinə olsun.
Şərh
Birinci: Həzrət Fatimə(ə) bu sözlərdən sonra, əsas mövzuya başladı ki, camaata öz dəyərli sözlərindən məqsədin nə olduğunu anlatsın. Bu həqiqəti də yaddan çıxarmamalıyıq ki, xütbə zamanı onun sözləri məscid əhlinə aid olmasına baxmayaraq həzrət Fatimə(ə) yüksək məqamı ilə Allahın sözlərini tarix boyu bütün bəşəriyyətə söyləyən və çatdırmaq istəyən bir xanımdır. O hər əsrdə hidayət məqsədilə olunan mühakimələr üçün aşkar əqli və nəqli dəlillərlə aydın bir sənəd hazırlamaq istəmişdir. Bu nurani xütbə çox əhəmiyyətli olduğu üçün Əbu Talib nəslində və şiələrinin arasında hər kəsin öz ailəsində onu əzbərləməyə həvəsləndirməsi adət şəklini almışdı ki, zamanın ötməsi ilə toz-torpaq onun üzərini örtməsin və yaddaşlardan silinməsin, həmçinin məntiqsiz düşmənlər tərəfindən sual altına alınmasın.
İkinci:
ثُمَّ قَالَتْ: أَيُّهَاالنَّاس!إِعْلَمُواأَنِّي فَاطِمَةُ
Sonra buyurdu: Ey camaat, bilin ki, mən Fatiməyəm və atam Muhəmməddir(s). اَقُولُ عَوْداً وَ بَدْءاً – Düşünülmüş, dəqiq, başlanğıcı və sonu olan sözlər deyirəm. Yə'ni bu sözləri deməkdə məqsədim və hədəfim var.
وَ لا اَقُولُ ما اَقُولُ غَلَطا
ً Mən, heç vaxt mə'nasız və savabı olmayan söz danışmıram. Yerinə yetirdiyim şeylərin hamısı düzgün və doğrudur. Yəni sözlərimi əql, nəql və insan məntiqi ilə ölçün. Sizlər ağıl sahiblərisiniz. Haqqı və həqiqəti qəbul etməkdən boyun qaçırmayın və onu gözəlliyi ilə birgə qəbul edin. Əks təqdirdə özünüzdən başqa heç bir kəs ziyan görməyəcək.
Qur'anın söylədiyinə əsasən zəhmətə və əziyyətə düşməyiniz sizin içinizdən seçilmiş olan bir Peyğəmbərə çox çətin və ağır gəlirdi. O, sizi çox sevirdi və mö'minlərə qarşı şəfqətli və mərhəmətli idi. Əgər onu tanımaq istəyirsinizsə, bilin və inanın ki, o mənim atamdır. Onunla sizin qadınlarınızın belə bir nisbəti yoxdur. O, əmim oğlu Əli ibn Əbi Talibin(ə) qardaşıdır və siz kişilərdən heç biri ilə belə qardaşlıq əqdi yoxdur.
Üçüncü:
وَلَنِعْمَ الْمَعْزِىُّ اِلَيْهِ
Belə bir şəxsə (yə'ni Peyğəmbərə) mənsub olmaq və onun Əhlu-Beytindən olmaq necə də fəxr olunasıdır. Allahın salamı və rəhməti ona və onun ailəsinə olsun.
Bu cümlə həzrət Peyğəmbərin(s) böyük üstünlüyünü açıqlamaqla yanaşı ona mənsub olanların ləyaqət sahibi olmasından da xəbər verir. Çünki bu üstünlük qadınlar arasında həzrət Fatiməyə(ə), kişilər içində isə həzrət Əliyə(ə) məxsusdur. Buna heç kəsin şübhəsi yoxdur.
Belə olduğu halda sözlər daha da nuraniləşir və gözəlləşməyə başlayır. Əgər eşidənlərdə və görənlərdə azacıq da belə ləyaqət olsa asanlıqla haqq onlar üçün aydın və sübut olacaqdır.
Dördüncü: Bütün üstünlüklərin, dəyərlərin və fəzilətlərin mehvəri müqəddəs İslam Peyğəmbəridir(s). Buna heç kəsin şübhəsi yoxdur. Əgər müsəlmanlar bu həqiqət əsasında insanların ləyaqətlərini araşdırıb dəyərləndirməklə Peyğəmbərin xəlifəsi olmağa kimin layiq olduğunu müəyyənləşdirmək və Peyğəmbərə(s) itaət etdikləri kimi ona da itaət etməyi özlərinə vacib bilmək istəsələr, hansı me'yarla məsələni həll etməlidirlər ki, haqq yolundan və Allahın razılığından azmasınlar?
Qur'ani-Kərim aşkar şəkildə bu me'yarı müəyyən etmiş və buyurmuşdur ki:
﴿ إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ﴾
"Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər (onun zamanında onun məktəbinə və dininə vəfalı idilər), və bu Peyğəmbər (Muhəmməd) (s) və ona iman gətirənlərdir. Allah mö’minlərin dostudur!”
Həmçinin başqa bir ayədə də belə buyurmuşdur:
﴿قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ﴾
"(Ya Rasulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"
Buna görə də həzrət Fatimə(ə) "Mən Fatiməyəm, həzrət Muhəmməd(s) mənim atamdır və Əli ibn Əbi Talibin(ə) qardaşıdır”- deməklə üstünlüyü tə'yin etməkdən məqsədini açıqlayır ki, Allahın sevimli bəndələri bizik. Çünki Peyğəmbərə(s) tam şəkildə itaət edirik və Allahın sevdiyi bəndələrindən müsəlmanların ayrı düşməsi və şeytanlara itaət etməsi düzgün deyildir.
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah