Xanım Fatimətuz-Zəhranın(s) Fədək xütbəsinin şərhi
Silsilə 6.
Peyğəmbərin (s.ə.a.v) ölümü ixtiyarla idi
1.
ثُمَّ قَبَضَهُ اللَّهُ اِلَيْهِ قَبْضَ رَأْفَةٍ وَ اخْتِيارٍ، وَ رَغْبَةٍ وَ ايثارٍ، فَمُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ و الِهِ
Bu vaxt Allah onu Özünə tərəf apardı və canını aldı. Lakin bu iş Allahın həzrət Muhəmmədə(s) olan mehribanlığı, seçimi, istəyi və şəfqətinə xatir idi.
2.
عَنْ تَعَبِ هذِهِ الدَّارِ في راحَةٍ،
Onu bu dünyanın zəhmət və çətinliyindən rahat etdi.
3.
قَدْ حُفَّ بِالْمَلائِكَةِ الْاَبْرارِ
Artıq çoxlu müqəddəs mələklər onun ətrafını tutmuşlar,
4.
وَرِضْوانِ الرَّبِّ الْغَفَّارِ وَ مُجاوَرَةِ الْمَلِكِ الْجَبَّارِ،
Bağışlayan Pərvərdigarın razılığı ona şamil olur və o qüdrətli Hökmdarın yanında yaşayır.
5.
صَلَّى اللَّهُ عَلی أَبي نَبِيِّهِ وَ اَمينِهِ عَلَی الوَحیِ،
Allahın salamı və rəhməti Onun vəhydə e'timad etdiyi atam peyğəmbərə olsun,
6.
وَصَفِيِّهِ، وَ خِيَرَتِهِ مِنَ الْخَلْقِ وَرَضِيِّهِ, وَالسَّلامُ عَلَيْهِ وَرَحْمَةُاللَّهِ وَبَرَكاتُهُ.
O, Allahın seçdiyi, yaradılanların arasında çox bəyəndiyi və razı qaldığı kəs idi. Allahın salamı, rəhməti və bərəkəti ona olsun.
ŞƏRH:
Birinci: Hər bir insanın ruhunun alınması, həzrət Əzrail(ə) adında xüsusi bir mələyin vasitəsi ilə baş verir. Onun tapşırığı Allah təalanın icazəsi və əmri ilə yerinə yetirildiyinə görə ruhun alınmasını Allaha nisbət vermək olar. Qur'anda da bu barədə ayə nazil olmuşdur. Amma həzrət Fatimə(s) İslam Peyğəmbəri həzrət Muhəmmədin(s) ruhunun alınmasını Allahın Özünə nisbət verir. Yə'ni Peyğəmbər(s) çox uca məqam sahibi olduğu üçün Allahın Özü onun ruhunu almış və Öz yanına aparmışdır. Bu işdə mehribanlıq, məhəbbət və rəğbət vardır. Çünki hədislərə görə insanların ən ağır və qorxulu vəziyyəti onların dünyalarını dəyişdikləri andır. Bu mövzuda hər kəsin əməllərinin çox tə'siri vardır. Əgər işləri gözəl və Allah bəyəndiyi kimi olarsa, ruhu alınan zaman az əzab çəkəcəkdir. Həzrət Muhəmməd(s) Allahın bəyəndiyi, razı qaldığı və e'timad etdiyi kamil bir bəndə idi. Buna görə də Allahın hədsiz məhəbbət və mehribanlığı ilə onun müqəddəs ruhunu alaraq onu Özünə qonşu etdi.
İkinci: Heç bir kəsin ölümü onun istəyi və meyli ilə baş vermir. İnsan vücuda gələrkən onun özündən icazə alınmadığı kimi, ölümü də onun ixtiyarında və öz əlində deyildir. Bu yalnız Allah təalanın Öz istəyi və iradəsi ilə baş verir.
Həzrət Fatimə(ə) belə buyurur: Həzrət Muhəmmədin(s) ruhunun alınması Allahın tam mehribanlığı, onun ixtiyarı və icazəsi ilə olmuşdur. Çünki onun məqamı və böyüklüyü Allah üçün o qədər əhəmiyyətli idi ki, onun ölümünü öz ixtiyarı və istəyi ilə yerinə yetirdi. Necə ki, Əmirul-Mu'minin(ə) barədə İmam Səccad(ə) belə buyurur:
حتَّي دَعاكَ اللهُ اِلي جَواره وَقَبَضَكَ اليه باختياره
Ey Əmirəl-Mu'minin!
Allah yanında o qədər əziz və hörmətli idin ki, səni Öz rəhmətinə tərəf çağırdı və Öz istəyi ilə sənin ruhunu aldı.
"İxtiyar” kəlməsi sevilən və bəyənilən bir şeyi seçmək mə'nasındadır. Həzrət Muhəmməd(s) və Mə'sum İmamlar(ə) Allahın istədiyini istəyir və Onun seçdiyini seçirdilər. Bu da çox uca bir məqamdır ki, təkcə onların özlərinə məxsusdur və başqalarının qüdrətindən xaricdir. Başqa sözlə desək, kamil bəndəliyi təkcə on dörd Mə'sumda(ə) tapmaq olar. Çünki onlar(ə) daim Allahın istəyinə razıdırlar.
Həzrət Fatimə(ə) yenə sözünün ardınca belə buyurur:
Atamın ruhunun alınmasının səbəbi budur ki, Allah təala onu bu dünyanın bütün dərdlərindən, əzab və əziyyətlərindən xilas etmək istəyirdi. Bu isə onun məhəbbətinin əlaməti idi.
Həzrət Fatimənin (ə) sözündəki "Allahın ixtiyarı" ifadəsi mə'şuqun öz aşiqinə olan xeyirxahlığı mə'nasında da ola bilər. Bu da bütün ləzzətlərdən daha ləzzətli və bütün izzətlərdən daha izzətlidir.
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah