Xanım Zəhranın (s.ə) Fədək xütbəsinin tərcümə və şərhi
(Silsilə 19 )
Hədəf İlahi nuru söndürməkdir
1.
ثُمَّ اَخَذْتُمْ تُورُونَ وَقْدَتَها،
Gözlənilmədən fəsad odunu alovlandırdınız və onun ətrafını tutdunuz,
2.
وَتُهَيِّجُونَ جَمْرَتَها،
Onun alovlarını elə dalğalandırdınız ki, hər tərəfi bürüdü.
3.
وَتَسْتَجيبُونَ لِهِتافِ الشَّيْطانِ الْغَوِىِّ،
Azdırıcı şeytanın səsinə müsbət cavab verdiniz və ona təslim oldunuz.
4.
وَاِطْفاءِ اَنْوارِالدّينِ الْجَلِيِّ،
Bu işlərinizlə aydın və haqq olan dinin mübarək nurlarını söndürməyə qalxdınız,
5.
وَاِخْمادِ سُنَنِ النَّبِيِّ الصَّفِيِّ،
Allahın pak və seçilmiş Peyğəmbərinin sünnətini (qayda-qanunlarını) aradan qaldırmaq üçün addım atdınız, (elə bir sünnət ki, o həzrət tərəfindən iyirmi üç il ərzində bütün şəraitlərdə bərpa olunmuşdu ki, camaat onun vasitəsi ilə Allahın razılığına yetişsinlər)
6.
تُسِرُّونَ حَسْواً فِي ارْتِغاءٍ،
Küdurətlərinizi aşkar etdiniz. Zahirdə başqa birini seçirdiniz, batində isə özünüzü düşünürdünüz.
7.
وَتَمْشُونَ لِاَهْلِهِ وَ وُلَدِهِ فِي الْخَمَر وَ الضَّرَّاءِ،
Peyğəmbərin(s) Əhlu-Beytinin və övladlarının haqlarını gizlində və aşkarda tapdalayırsınız, (çünki onları kənarlaşdırmaq üçün pusquda durmuşdunuz)
8.
وَنَصْبِرُ مِنْكُمْ عَلى مِثْلِ حَزِّ الْمُدى، وَ وَخْزِالسنانفىالحشا.
Amma biz də bu əməllərin qarşısında möhkəm iradə ilə dinin səngərini boş qoymuruqvə boğazında xəncər və ürəyində ox olan bir şəxs kimi öz səbr və dözümümüzü davam etdiririk.
9.
وَاَنْتُمُ الانَ تَزَْعُمُونَ اَنْ لا اِرْثَ لَنا؟
Təəccüblüsü də budur ki, şəriətdə bizə irs düşmədiyini düşünürsünüz.
10.
أَفَحُكْمَ الْجاهِلِيَّةِ تَبْغُونَ،
Bu səhv düşüncə cahiliyyət (nadanlıq) dövrünün xurafatlarını aşkar etmirmi? Niyə cahiliyyət dövrünün göstərişlərinə əməl edirsiniz?
11.
وَمَنْ اَحْسَنُ مِنَ اللَّهِ حُكْماً لِقَومٍ يُوقِنُونَ،
Yəqin əhlinin nəzərində Allahdan yaxşı kim hamının hüquqları barədə söz deyə bilər,
12.
أَفَلا تَعْلَمُونَ؟
Doğrudanmı siz bu məsələləri bilmirsiniz və səhvən cinayətlərə düçar olursunuz?
13.
بَلى، تَجَلَّى لَكُمْ كَالشَّمْسِ الضَّاحِيَةِ أَنّي اِبْنَتُهُ.
Xeyr!
Siz bilmədən bir iş görən deyilsiniz, əksinə, sizin hər birinizə günəşdən də daha aydındır ki, mən onun qızıyam.
Şərh:
Birinci: Hər bir batil və səhv işin mənfi nəticələri vardır, çünki insani əlaqələri kökündən kəsir və onu qızmar və qaranlıq səhrada tək qoyur. Bu səbəbdən də hamıya məsləhət görülür ki, hər bir işi görməzdən öncə onun nəticəsinin nə olacağını nəzərə alsınlar.
Həzrət Fatimə(ə) buyurur: "Siz camaat elə bir gün olmamışdır ki, başqalarının dəyirmanının suyu olmayasınız və həmişə onun-bunun xidmətində olmusunuz və varsınız. Amma niyə dininizin dəyirmanının suyu deyilsiniz? Dəyirmançını tanımırsınız? Dəyirmana şəkkiniz vardır? Bu günə kimi sizə yaxşı un verməmişdir ki, bu cür onun əksinə çıxırsınız? Niyə başqalarının fəsad alovlarının közünü gücləndirirsiniz? Xəbərdar olmadığınız və bilmədiyiniz üçün nəfsi istəklərinin əsiri olmusunuz? Yoxsa bilirsiniz və hədəfləriniz onlarla birdir? Yaxud bulanıq sudan balıq tutmaq istəyirsiniz?! Niyə bu rahatlıqla şeytanı öz rəhbəriniz seçib ona təslim olmusunuz? Niyə oyun meydanlarının topu və oyuncaqları olmusunuz?
Sual: Camaatın asanlıqla şeytanın oyuncağı olması necə olur?
Cavab:
Öz şəxsiyyət və dəyərindən xəbərsiz olmaq və ya özünü tanımamaqla;
Dünya mənfəətlərinə çatmaq, həqiqətə qarşı laqeyd olmaq və s. kimi insanı oyuncağa çevirən şəraitlərin olması ilə;
Mədəni, mə'nəvi və maddi çatışmazlıqların olması ilə;
Öz keçmiş çatışmazlıqlarını aradan qaldırmaq və gələcək ehtiyaclarını təmin etmək üçün plan çəkmək ilə.
İkinci:
وَتَسْتَجيبُونَ لِهِتافِ الشَّيْطانِ الْغَوِىِّ وَ اِطْفاءِ اَنْوارِالدّينِ الْجَلِيِّ،
Siz azdırıcı şeytana itaət etdiyiniz zaman istər-istəməz din nurunun şö'lələrini söndürdünüz, çünki əgər gözübağlı şəkildə onların ardıcılı olmasaydınız və hər şüar və səslərə cavab verməsəydiniz, Allahın dini belə zəlil olmazdı və çox əzəmətli və şərafətli insanlar belə xar olmazdılar.
Deməli, əgər bir gün haqqı müdafiə etməsən də, heç olmasa batili də müdafiə etmə; özünü kənara çək və qalmaqala tamaşa et, baxmayaraq ki, bu da dindarlıq xüsusiyyətlərindən deyildir. Amma belə olmağın zərəri zülmkar, nadan və cahil insanları adil, pak və yaxşı insanların qarşısında ucaltmaqdan və onları İslam cəmiyyətinə böyük şəxsiyyətlər kimi tanıtdırmaqdan qat-qat azdır. Lakin insafla mühakimə edin ki, İslam Peyğəmbəri (s) nə qədər zəhmət çəkdi ki, insanlar bu həqiqətləri anlasınlar və Allahın düşmənlərini gücləndirməkdən çəkinsinlər. Amma sizlərin çoxlarınızda nəfsi istəklər haqqa yeri o qədər dar etmişdir ki, Peyğəmbərin (s) bütün aşkar qanunları qısa müddətdə aradan getdi.
Üçüncü:
تُسِرُّونَ حَسْواً فِي ارْتِغاءٍ،
Hər halda bu böyük fəsadı törətməklə bizimlə olan keçmiş ədavətinizi aşkar etdiniz, İslamın əvvəl dövrlərindən ürəklərinizdə gizlətdiyiniz bütün kin-küdurətləri Peyğəmbərin (s) vəfatı günü birdən birə aşkar edib var gücünüzlə İslamla müxalifətçilik etdiniz və Peyğəmbərin(s) ailəsinə qarşı ikiüzlülük etdiniz. Əgər düşüncəli insanlar olsaydınız, şübhəsiz ki, bizimlə münasib rəftarla davranardınız. Amma var qüvvənizlə zülmü İslam adı ilə İslamın əsasına və köklərinə daxil etdiniz.
Dördüncü: Bəlkə də burada Əlinin (ə) çox böyük şəxsiyyətinə də işarə olunur ki, siz İslam Peyğəmbərinin (s) həyatı boyu Əli ibn Əbi Talibi (ə) müşahidə etdiniz və gördünüz ki, o Allahın xalis bəndəsidir, heç bir zaman ilahi ədalət, insaf və razılıqdan əl çəkməz və qorxurdunuz ki, o dövlət başında olarsa, sizin arzularınıza çatma vaxtınız uzanar. Çünki icazə verməz ki, nalayiq və günahkar şəxslər dövlət postlarında din adı ilə zəif camaata zülm etməyə başlasınlar. Elə bu səbəbdən də öz həmfikirlərinizlə birləşdiniz və ilk fürsətdə Qur'ana və din ordusunun rəhbərinə möhkəm zərbə vurdunuz. Amma ən böyük arzunuz olan İslamı məhv etmək arzusuna çata bilmədiniz. Çünki möhkəm iradəli canlı Qur'anla (həzrət Əli ilə) üzbəüz oldunuz ki, o, bütün sıxıntıların qarşısında duraraq özünü ilahi din üçün qalxan etdi. Amma dinə möhkəm zərbələr vurdunuz ki, Müaviyə, Yəzid, Vəlid və Osman kimi şəxslər İslam hökuməti adı altında müsəlmanların rəhbərləri oldular və dini öz oyuncaqlarına çevirdilər.
الْخَمَرِ)
pərdə altı mə'nasınadır. Yə'ni pərdə altından bütün xəyanətlərinizi Peyğəmbərin (s) Əhlu-Beyti ilə üzləşmək üçün istifadə etdiniz.
Beşinci:
وَنَصْبِرُ مِنْكُمْ عَلى مِثْلِ حَزِّ الْمُدى، وَ وَخْزِالسنانفىالحشا
Lüğətdə: (حَزِّ)-kəsmək, (الْمُدى)-bıçaq, xəncər, (السنان)-nizə, (الحشا)-qarın.
Həzrət(ə) buyurur: Bu şeytani hiylə və ağrılı düşmənçiliklərin nəticəsində biz Əhlul-Beyt (ə) üçün gözlənilməz vəziyyət yaratmısınız ki, boğazına xəncər və qarnına nizə batmış kimi həmişə əzab-əziyyətdədirlər. Hər halda biz bu vəziyyətdə səbr edib dözürük və hər növ qarşıdurmanın qarşısında müqavimət göstəririk. Çünki:
Özünü tanıyan insanlar müqəddəs hədəf seçdikləri üçün doğru-düzgün təhlillərlə öz proqramlarını idarə edirlər.
Onların hədəfləri zərbə almasın deyə özlərini hədəflərinə qurban verirlər.
Daimi olaraq Allaha imanı özləri üçün arxa-dayaq hesab etdikləri üçün bu ilahi yolda yorulmaq bilmirlər.
Həmişə Allahın razılığı onların diqqətindədir, bu səbəbdən də çətinliklərə asanlıqla dözürlər.
Daima doğruluq və yaxşılıq düşünürlər, çünki qeybi köməkləri vaxtı vaxtında alırlar.
Dərdləri aşkar etmək üçün iki nümunə:
Həzrət Fatimə (ə) bu misalla zamanının qorxulu vəziyyətindən xəbər verir və hər bir aqil və Əhlul-Beyti (ə) sevən insanın ürəyini kövrəldir. Çünki dərd sahibləri həmişə bilirlər ki, onları yalnız öz həmfikirləri dərk edə bilərlər. Bu dərd və qəmi o şəxslər tərcümə edə bilərlər ki, zalım hakimlərin zülmləri nəticəsində dərdi öz qəlblərinin dərinliklərində dərk etmişlər və elə bir çətin mühitdə yaşamışlar ki, hətta başqalarına salam vermə səlahiyyətlərini də onlardan almışlar və tam məhrumiyyət altında mühasirədə olmuşlar.
O həzrətin cümlələrinə diqqət yetirək:
Buyurur: Biz Əhlul-Beytin (ə) boğazında xəncər və qarnında nizə olan bir şəxs kimi dözüm və səbrdən başqa bir çarəmiz yoxdur, buna görə səbr edir və dözürük. Deməli, əgər bu qısa cümləyə diqqət etsək, həzrətin ürək ağrıdıcı dərdini hiss edərik, çünki o, mübaliğə edən və ya yersiz danışan adi bir şəxs deyildi. Əksinə, həzrət Peyğəmbərin (s) ürəyinin meyvəsi və Allah dərgahında ən əziz şəxsdir və sözləri tam həqiqətdir. İndi nə qədər əzab və əziyyət sıxıntısında olması Allaha mə'lumdur, amma bu cümlə ilə öz müsibətini çatdırır ki, insan bu şiddətli əzab altında nə hal tapar? Hər halda bu ağrılı təhlil bu yolun həqiqi davamçıları üçün mühim bir xəbərdir; onu alıb həmişə həzrət Fatimə (ə) kimi ağlayırlar.
Həzrət Əli(ə) buyurur:
صَبَرتُ وَ في العَينِ قَذی وَ في الحَلقِ شَجی
"Mən bu iyirmi beş il müddət ərzində gözünə tikan batmış və boğazında sümük qalmış birisi kimi səbr etdim.”
Bir şəxs göz ağrısına (özü də tikan batmaqla) düçar olmayana qədər həzrətin bu cümləsinin mə'nasını tam dərk edə bilməz və sümüyün boğazda qalması da asan bir şey deyil, əksinə, bu iş bir ölüm-dirim zamanıdır ki, hər bir an sıxıntı və əziyyətlə ölümü qabağa gətirir və heç bir şəxsin əli oraya çatmır ki, sümüyü götürməklə onu xilas etsin. Hər an nəfəslər və ümidlər kəsilir və qayıdır və sonra kiçik bir yol açılır və yarımçıq nəfəs alınır. Hər halda bu növ misalları dərk etmək bunların nümunəsini özləri müşahidə edən və yaxından amansız ağrı və əziyyətləri hiss edən şəxslər üçün çox ağrılı və qəmlidir. Çünki sadəcə misal deyildir, əksinə həzrət Əli (ə) Allahın höccətidir və həqiqətləri bəyan edir.
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah