Xanım Zəhranın (s.ə) Fədək xütbəsinin tərcümə və şərhi
(Silsilə 18 )
Quran olduğu halda azğınlıq niyə?
1.
فَهَيْهاتَ مِنْكُمْ
(Yolunuzdan azmaq) sizə yaraşmayan bir iş idi,
2.
وَكَيْفَ بِكُم؟ْ وَ اَنَّى تُؤْفَكُونَ
Bu işləri görməkdə məqsədiniz nədir və hara gedirsiniz?
3.
وَكِتابُ اللَّهِ بَيْنَ اَظْهُرِكُمْ
Halbuki, Allahın kitabı (Qur'an) sizin qarşınızdadır.
4.
اُمُورُهُ زاهِرَةٌ، ظاهِرَةٌ، وَ اَعْلامُهُ باهِرَةٌ
Məsələləri çox aydın və parlaq, nişanələri isə ucadır.
5.
وزَواجِرُهُ لائِحَة
Qur'anın qadağan etdiyi şeylər mə'lum və aşkardır.
6.
وَاَوامِرُهُ واضِحَةٌ
Əmr etdiyi hər bir şey açıq-aşkardır.
7.
وَقَدْ خَلَّفْتُمُوهُ وَراءَ ظُهُورِكُمْ
Ancaq siz onu arxanıza atdınız və ona göz yumdunuz.
8.
أَرَغْبَةً عَنْهُ تُريدُونَ؟ اَمْ بِغَيْرِهِ تَحْكُمُونَ؟
Görəsən, ondan tamamilə əl çəkməyi qərara almısınız? Yaxud Qur'anın hökmündən başqa bir hökm vermək istəyirsiniz?
9.
بِئْسَ لِلظَّالمينَ بَدَلاً
Ah, zalımlar Qur'anı pis bir şeylə dəyişdilər.
10.
وَمَنْ يَبْتَغِ غَيْرَ الْاِسْلامِ ديناً فَلَنْ يُقْبَلَ مِنْهُ، وَ هُوَ فِي الْاخِرَةِ مِنَ الْخاسِرينِ
Qur'an isə açıq şəkildə buyurur:
"Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs Axirətdə ziyana uğrayanlardan olar!”
11.
ثُمَّ لَمْ تَلْبَثُوا اِلا رَيْثَ(الی ريث) اَنْ تَسْكُنَ نَفْرَتَها، وَ يَسْلَسَ قِيادها،
Bəli, xilafət dəvəsini öz ixtiyarınıza keçirdiniz. Lakin onun ram olmasını gözləmədiniz.
Şərh:
Birinci: Lazımi şəraitə riayət etməklə hər hansı bir qərara gəlmək heç vaxt peşmançılıq gətirməz. Çünki insanın işləri heç vaxt hədəfsiz deyildir. Lakin əsas məsələ bundadır ki, insan özü bu hədəfi seçir, yoxsa başqası onun üçün bu hədəfi tə'yin edir?!
Əgər hədəfi özü seçərsə, şübhəsiz ki, onun yolunu və qaydalarını da özü müəyyən etməlidir. Çünki başqalarının ona olan köməyi onun bu hədəfə çatmağının qarşısını ala bilər.
Əgər başqaları onun hədəfini seçirlərsə, belə olan halda yol və onun qayda-qanunlarını onlar müəyyən edirlər. O da iradəsiz, gözübağlı şəkildə onların seçdiklərinin icraçısı olur. Nə hədəfdən, nə işin yerinə yetirilməsindən, nə onun qayda-qanunundan və nə də ki, onların nəticələrindən heç bir xəbəri olmur. Bir (iradəsiz) maşın kimi öz sürücüsünün ixtiyarındadır.
İlahi din belə bir vəziyyəti tə'kidlə pisləməklə yanaşı, nə insanların bu işi yerinə yetirməsini, nə bir kəsi və ya bir dəstəni özünə qul etməsini və nə də özlərinin insanlığa zidd olan belə bir işə addım atmalarını istəmir. Bu yalnız bə'zi hallarda ağlabatan, məntiqli və qanuna uyğun olar; birinin çox bilikli olmasına və üstünlüyünə güvəndiyiniz halda. Məsələn, İmam Sahibuz-Zamana(ə.f) tam inanırsınız və onun bütün seçimlərini təvəlla və təbərra olaraq ibadətdə, vacibatın yerinə yetirilməsində, müharibədə, cihadda və digər hər bir işdə özünüzə yol və məslək bilirsiniz və o həzrətin(ə.f) özü kimi olmağa çalışırsınız. Çünki onun Allahın höccəti olduğuna, heç bir xətanın ondan baş verməməsinə, hər sahədə hamıdan çox elmli və ən kamil insan olduğuna, onun bütün işlərindən Allahın razı olduğuna yəqininiz vardır. Elə bu yəqin əsasında da ona itaət etməyi özünüzə vacib bilirsiniz və Allah da bunu hamıya vacib etmişdir. Necə ki, xəstə, özünü həkimin ixtiyarında qoyur. Çünki onun biliyinə və mütəxəssis olmasına inamı vardır. Bu iş çox məntiqi və bəyənilən işdir.
İkinci: "Heyhat" kəlməsi o vaxt işlənir ki, bir kəs dəyərləri və üstünlükləri qoyub zillət və bədbəxtçiliyi seçsin. Bu, məntiqə sığmayan bir işdir. Çox çətin olar ki, ağıllı və bilikli bir şəxs öz dininə, məktəbinə və insani dəyərlərinə qarşı çıxsın. Buna görə də xanım Fatimə(ə) buyurur: Sizdən bu iş gözlənilməz. Sizə nə olubdur?! Nəyə görə belə bir ağılsız və düzgün olmayan işi seçmisiniz?!
Niyə özünüzü istəmirsiniz? Niyə alçaldıcı köləliyi asanlıqla qəbul edirsiniz? Nə hədəfindən xəbəriniz var və nə də ki, onun yolu sizə mə'lumdur. Hansı üzdən belə bir qərara gəldiniz?! Necə oldu ki, dininizə və əqidənizə zidd olan bir hadisənin köməkçiləri oldunuz?!
Məgər, sizin bu fitnələrdən azad olmağınız üçün aydın yol göstərəniniz yox idi?!
Doğru yol və onun müəyyən etdiyi hədəf sizə göstərilmədimi ki, belə sür'ətlə səhv yola düşmüsünüz?!Üçüncü: Məgər, Qur'an sizin səmavi kitabınız deyilmi ki, bütün məsələləri aydın şəkildə sizin ixtiyarınızda qoymuş və bütün nigarançılığınızı aradan qaldırmışdır?
Əgər biri Allahın bu kitabına hörmətsizlik etsə, məs'uliyyət hiss edib onu qorumayacaqsınızmı?!
Şübhəsiz ki, hər bir müsəlman Qur'anı müdafiə etməyi öz vəzifəsi bilir. Amma bu məsələyə diqqət etməlidir: Əgər bir şəxs Qur'anın cildinə və kağızına hörmətsizlik edərsə, ya dəstəmaz və qüsl kimi bir hökmə e'tina etməzsə və başqa bir şəxs isə hər əsrdə höccət olan Qur'anın hökmünün əsasını aradan apararsa və Qur'anın tələblərini ayaq altına qoyarsa, bunlardan hansının günahı böyükdür?
Cavab: Birinci şəxs günah etmiş sayılır. Tövbə ilə bağışlanacağına heç bir şəkk-şübhə yoxdur. Ancaq ikinci şəxs elə bir böyük bir günah işlətmişdir ki, bağışlanılası deyil.
Məsələn: Qur'anda Peyğəmbərə(s) itaət etmək, Allaha itaət etməklə eyni həqiqət kimi bəyan olunmuşdur.
مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ
"Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.”
Həzrət Peyğəmbər (s) Qur'anın aydın hökmü əsasında müsəlmanlardan Əhlul-Beytə(ə) məhəbbət göstərmələrini istəmişdir.
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
"De: "Mən sizdən bunun (risaləti və peyğəmbərliyi təbliğ etməyimin) müqabilində Əhlu-Beytimə məhəbbət və sevgidən başqa bir şey istəmirəm.”
Qeyd: Mə'sum İmamlara (ə.s) və həzrət Fatiməyə (ə.s)) məhəbbət bəsləmək həzrət Peyğəmbərin(s) iyirmi üç illik zəhməti ilə bərabər sayılmışdır. Bu ayəyə diqqət etdikdə Allah dərgahında Əhlul-Beytin (ə) əzəmətinin əhəmiyyətli olması aydın olur.
Deməli, əgər bir kəs onların (ə.s) əmrinə itaət etməsə, onlara (ə.s) məhəbbət və sevgi bəsləmək əvəzinə onlara düşmənçilik və kin bəsləyib onlara (ə.s) zülm etsə, belə olan halda siz necə hökm verərsiniz?
Məgər, bu iş Qur'ana və risalətə hörmətsizlik və onu təhqir etmək deyilmi?
Məgər, Qur'anın hökmünü ayaq altına qoymaq küfrə səbəb olmurmu?
Məgər, Qur'anın əmrini kənara atmaq onun hökmlərinin ziddinə əməl etmək demək deyilmi?!
Dördüncü:
وَكِتابُ اللَّهِ بَيْنَ اَظْهُرِكُمْ
İlahi dinə itaət edən hər bir kəs, fitnələr baş qaldırdığı zaman öz səmavi kitabına müraciət edir ki, ondan nümunə götürməklə haqqı tapdalamasın. Həzrət Fatimə (ə) buyurur ki, həzrət Peyğəmbərin (s) iyirmi üç ildə sizə açıqladığı bütün aşkar dəlillərdən sonra və Qur'anın bütün məsələləri aydın, halal və haramları aşkar, hər yerdə hidayət bayraqlarını haqqı tanıyanlara tərəf ucaltmış olduğu halda səmavi kitabınızı nəyə görə kənara atdınız və onun qanunlarının əksinə hökm verdiniz?!
Diqqət olunulası və mühim məsələlər:
Hər bir kəs öz yolunu Qur'ana əsasən tənzimləməlidir.
Müsəlmanlar arasında cürbəcür məzhəblər meydana gəlmişdir. Təkcə bir məzhəb haqdır ki, hər əsrdə və zamanda Allahın kitabı ilə birgə Mə'sum şəxsin olmasına inanır və onun varlığını zəruri bilir.
Öz səmavi kitabımıza baxdıqda aydın şəkildə belə buyurduğunu görürük:
أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
"Görəsən, doğru yola yönəldən kəs itaət olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub?! Necə mühakimə yürüdürsünüz?!"
Xülasəsi budur ki, kamil şəkildə hidayət tapmış və bütün sahələrdə elmə və biliyə sahib olan kəsə itaət edin!
Müsəlman olan bir kəs əxlaq, rəftar, danışıq, geyim, evlənmə, övlad tərbiyə etmə, mühakimə, qonşuluq və s. kimi məsələlərdə Qur'ana müraciət etməli və ondan örnək götürməlidir.
Əgər heç bir məs'uliyyət hissimiz yoxdursa, heç olmasa öz məzhəb və dinimizə qarşı təəssübkeş olmalı və geyimimiz, rəftar və danışığımızı dinlə uyğunlaşdırmaqla dini müdafiə etməliyik.
Bu da Qur'anın aşkar ayəsidir ki, belə buyurur:
وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ
"Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”
Buna görə də Qur'anda bu kimi məsələləri dərk etmək Mə'sum İmama(ə) itaət edən aşiqlərə nəsib olur.
ثُمَّ لَمْ تَلْبَثُوا اِلى رَيْثَ اَنْ تَسْكُنَ نَفْرَتُه
Siz ey camaat, nəinki Qur'ana əhəmiyyət vermədiniz, hətta bir az səbr də etmədiniz ki, bu işin nəticəsinin nə olacağını və hədəfi görəsiniz! Yə'ni fitnəkarlar səslərini həmin gün öz şeytani olan istəklərinə çatmaq üçün ucaltdılar. Əgər sizlər Qur'anı və risalətin örnəklərini nəzərə alsaydınız və bu şeytanları himayət etməsəydiniz, məsələ düzgün şəkildə həll olardı. Lakin dərhal asanlıqla təslim oldunuz.
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah