Xanım Zəhranın (s.ə) Fədək xütbəsinin tərcümə və şərhi
(Silsilə 17)
Nə tez şeytanın yolunu getdiniz?
1. فَأَلْفاكُمْ لِدَعْوَتِهِ مُسْتَجيبينَ
Şeytan gördü ki, onun çağırışına cavab verir və heç bir e'tiraz olmadan onun rəhbərliyini qəbul edirsiniz,
2. وَلِلْغِرَّةِ فيهِ مُلاحِظينَ
Onun yalan və hiylələrini gözləyirsiniz.
3. ثُمَّ اسْتَنْهَضَكُمْ فَوَجَدَكُمْ خِفافاً
Sonra yoxlamaq üçün sizi qaldırdı və gördü ki, içi boş və çox yüngülsünüz.
4. وَاَحْمَشَكُمْ فَاَلْفاكُمْ غِضاباً
Bir neçə kəlmə və şüarla sizi təhrik edərək qəlblərinizdə intiqam atəşini alovlandırdı və gördü ki, tez qəzəblənirsiniz.
5. فَوَسَمْتُمْ غَيْرَ اِبِلِكُمْ
Nəticədə başqasının də'vəsinə əlamət qoydunuz.
6. وَاَورَدْتُمْ غَيْرَ شِربِكُمْ
Öz bulağınıza yox, başqasının bulağına getdiniz.
7. هذا، وَ الْعَهْدُ قَريبٌ
Hökuməti qəsb etdiniz. Sizin dindən belə ayrı düşməyiniz, azmağınız və dəyişməyiniz, Peyğəmbərin(s) buyurduqlarını ayaq altında qoymağınız nə tez baş verdi?! Halbuki, Peyğəmbərin(s) sizdən aldığı əhddən çox zaman keçməyibdir.
8. وَالْكَلْمُ رَحيبٌ، وَ الْجُرْحُ لَمَّا يَنْدَمِل
Müsibətimizin yaraları böyükdür və ürəyimizin yarası hələ sağalmamışdır.
9. وَالرَّسُولُ لَمَّا يُقْبَرُ، اِبْتِداراً زَعَمْتُمْ خَوْفَ الْفِتْنَةِ
Peyğəmbərin(s) cənazəsi hələ dəfn olunmamışdı ki, fitnədən qorxmaq bəhanəsi ilə tələsik səhnəni tez dəyişdiniz.
10. ﴿ أَلاَ فِي الْفِتْنَةِ سَقَطُوا، وَ اِنَّ جَهَنَّمَ لَمُحيطَةٌ بِالْكافِرينَ
﴾Yox, belə deyildir. Görün nə qədər böyük bir fitnəyə düşdünüz. Həqiqətən cəhənnəm kafirləri əhatə etmişdir.
Şərh:
Birinci:
Heç vaxt nifaqa və çoxüzlülüyə meyllənməyin və belə fikirləşən insanlardan uzaq olun. Buna görə ki, insanı çox tez şeytana və nəfsə qul edir və ondan insan məqamının dəyərini asanlıqla alır. Əgər dini psixologiya əsasında küfr və nifaqı bir-biri ilə müqayisə etsək, şübhəsiz küfrün ziyanverici nəticəsinin nifaqınkından çox az olduğunu görərik. Burada nifaqın ziyanlarına işarə edirik: Münafiq heç bir əqidəyə bağlı olmadığına görə, özünə inamdan məhrumdur. İkiüzlü olmaq insani dəyərləri məhv edib onu ümumi cəmiyyətin inamından məhrum edir. İkiüzlü şəxs ruhi problemlərə düçardır. Çünki öz istəklərinin seçimində bacarıqsızdır. Həmişə naümiddir. Çünki bütün şeylər hətta din və mə'nəviyyat onun üçün oyuncaqdır. Düşüncəsində sabitlik yoxdur. Çünki daim bir-birinə zidd olan və münasib olmayan məsələlərlə üzləşir. Başqaları ilə rabitədə ancaq öz mənfəətini güdür və ona çatmaq üçün hər bir cinayətə əl atır. Öz hədəfi yolunda əhd və peymanı, insafı, ədaləti, sədaqəti, düzgünlüyü, doğru danışmağı və s. qurban verir. Fürsət axtarır və qulağı səsdədir. Hər bir rəngə özünü sala bilir. Zülm və qəddarlıq, cinayət, təhqir, özünü satmaq, dini satmaqda qarşısında heç bir maneə yoxdur və tam sərbəstdir. O, quduzlaşmış it kimi çox qorxulu bir xəstədir. Hamını hətta özünü də belə asanlıqla qapır.
İkinci:
وَاَطْلَعَ الشَّيْطانُ رَأْسَهُ مِنْ مَغْرَزِهِ، هاتِفاً بِكُمْ
Bu zaman şeytan başını öz yaxasından və ya gizləndiyi yerdən çıxardı ki, sizləri özünə tərəf çağırsın. Yə'ni insanın daxili şeytanın əlində olarsa və Allahın evi olan insanın qəlbi şeytanın yuvasına çevrilərsə, onda şeytan onun bütün bədənini öz itaətində saxlayacadır. Bu halda şeytan onun sözləri, rəftarı, idarəçiliyi və mühakiməsi ilə iş görəcəkdir. Necə ki, həzrət Əli (ə) buyurur:
أتَّخَذُواالشَّيْطَان لِأمْرِهِم مِلاكاً....فَنَظَرَبِأعْيِنِهِمْ وَنَطَقَ بِألْسِنَتِهِمْ...
Bir dəstə insanlar şeytanı hər şeydə özlərinə nümunə seçdikləri və tam şəkildə şeytana alət olduqları zaman şeytan onların sinələrində yumurtlayıb cücə çıxardı. Onların qəlblərində cücələrini bəsləyir və böyüdür. Böyümüş cücələri insanın vücudunun hər tərəfini bürüdüyü zaman şeytan onların gözləri ilə baxar və dilləri ilə danışmağa başlayar. İnsanı əyriliklərə, səhvlərə, cinayətlərə elə qərq edir ki, hər batili dilinə gətirir və əməllərində də göstərir.
Üçüncü:
فَأَلْفاكُمْ لِدَعْوَتِهِ مُسْتَجيبينَ
Şeytan, sizlərin fikirləşmədən və düşünmədən onun də'vətini qəbul etdiyinizi gördü. Onun hiylələrinə aldandınız. Yə'ni əgər özünüzü daha yaxşı tanısaydınız və daha ayıq olsaydınız, hər verilən şuarın sizin xeyrinizə və məsləhətinizə olmadığını bilərdiniz. Əksinə, onlar öz hədəflərinin fikrindədirlər. Ancaq ayıq olmayan insanları azdırmaqla onları öz itaətinə keçirirlər. Dördüncü:
ثُمَّ اسْتَنْهَضَكُمْ فَوَجَدَكُمْ خِفافاً
Bir neçə bəzəkli şuarla sizləri imtahan üçün ayağa qalxmağa də'vət etdi. Gördü ki, sizlər çox içiboş və yüngülsünüz.
وَاَحْمَشَكُمْ فَاَلْفاكُمْ غِضاباً
Neçə kəlmə və şüarla sizi təhrik etdi, qəlblərinizdə intiqam atəşini və onun şö'lələrini çoxaltdı. Gördü ki, tez əsəbiləşir və onun xeyrinə şüar verənsiniz. Mühim xatırlatma: Bu mətləblərin məzmunu həddindən artıq çoxdur. Həzrət Fatimə(ə) insanların iste'dadlarını inkişaf etdirmək, onları ayıltmaq və başa salmaq istəyir ki, insanlar gənclik dövründə bu tövsiyələrə əhəmiyyət versinlər: Heç vaxt sadəlövh olmayın və tələsik qərar qəbul etməyin! Eşitdiyiniz hər şeyi ağılla ölçün. Yaxşı qulaq asmaqla sözlərin məğzini dərk edin. Başqalarını yamsılamayın və şüursuz şəkildə onlara təslim olmayın! Bacardığınız qədər, hətta əgər biri sizə hörmətsizlik etsə belə, öz əsəbinizi saxlayın. Çünki əsəbiləşmək şeytanın alətidir. Onun vasitəsi ilə sizi özünə xidmət etdirir. Şüara yoxa, şüura tabe olun! Bacardığınız qədər öz şəxsiyyətinizin hörmətini saxlayın. Zəif nöqtələrinizdən xəbərdar olun ki, düşmənlər sizi təhrik edə bilməsin! Başqalarının dünyəvi istəklərinin baş tutmasına xidmət etməkdən çəkinin! Həzrət Fatimə (ə) kinayə ilə mühim məsələlərə işarə edir.
وَوَرَدْتُمْ غَيْرَ شِربِكُمْ , فَوَسَمْتُمْ غَيْرَ اِبِلِكُمْ
O zaman camaat arasında belə bir adət vardı ki, öz də'vələrinə damğa vurmaqla əlamət qoyardılar ki, itməsin və yaxud başqası ona sahib çıxmasın. Həzrət(ə) buyurur: Sizlər əsəbiləşməyinizin nəticəsində başqasının də'vəsinə əlamət vurdunuz, təmiz su içmək üçün münasib və lazım olan bulağa gəlmədiniz. Başqasının heyvanlarının su içdiyi yerdə çadır qurdunuz və əvvəldən sizin olmayan xilafəti qəsb etməyə getdiniz. Mühim xatırlatma: Sizi azğınlığa və bədbəxtliyə salan kəsi unutdunuz və başqalarına hücum etdiniz. Öz mə'rifət də'vənizə minmədiniz ki, xeyrinizə olsun. Əksinə, hədəfinizi tanımayan başqa dəvəyə mindiniz . Bulanmış bir çeşməyə girdiniz. Ondan içmək sizin insanlıq məqamınıza münasib deyildi. Hansı ki, İslam Peyğəmbəri(s) Qur'an və Əhlul-Beyti(ə) özündən sonra sizlərə zülal çeşməsi tə'yin etmişdir ki, sağlamlığı sizə hədiyyə olaraq gətirirdi.
وَالْكَلْمُ رَحيبٌ، وَ الْجُرْحُ لَمَّا يَنْدَمِلُ هذا، وَ الْعَهْدُ قَريبٌ،
Dini bu qədər dəyişmək, təhrif və məhv etmək hamısı qısa bir zamanda baş verdi. Hələ Peyğəmbərin(s.ə.a.v) vəfatından o qədər də zaman keçməmişdi ki, ürəklərimizin yarası böyüdü. "əl-Kəlmu” (الكلم) yara, "rəhibun” (رَحِيبٌ) genişlənmiş mə'nasındadır. Bu yara hələ də sağalmamış və Peyğəmbər(s) dəfn olmamışdı ki, məntiqsiz və doğru olmayan hərəkətiniz başladı. Sizin şüarınız çox aldadıcı idi. Çünki fitnənin baş qaldırmasından qorxduğunuza görə bu işi gördüyünüzü söyləyirdiniz. Düşünmədən sürücülükdən başı çıxmayan birini sükan arxasında əyləşdirərək onu Allahın dininə başçı etdiniz. Çox pis və ölçülüb-biçilməmiş bu hərəkətinizlə böyük bir fitnəyə düşdünüz. Bilin ki, cəhənnəm kafirləri hər tərəfdən bürümüş və əhatə etmişdir!
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah