Xanım Zəhranın(ə) Fədək xütbəsinin tərcümə və şərhi
(Silsilə 9)
Hökmlərin fəlsəfəsi
1.
فَجَعَلَ اللَّهُ الْايمانَ تَطْهيراً لَكُمْ مِنَ الشِّرْكِ،
Allah imanı sizi şirk çirkabından pak etmək vasitəsi etmişdir.
2.
وَ الصَّلاةَ تَنْزيهاً لَكُمْ عَنِ الْكِبرِ،
Namazı "təkəbbür” kimi qorxulu xəstəlikdən uzaq olmağınız üçün vacib etdi.
3.
وَ الزَّكاةَ تَزْكِيَةً لِلنَّفْسِ وَ نِماءً فِي الرِّزْقِ،
Zəkatı ruhlarınızın (xəsislikdən və həsəddən) paklanması və ruzilərinizin artması və çoxalması üçün vacib etdi.
4.
وَالصِّيامَ تَثْبيتاً لِلْاِخْلاصِ،
Orucu sizin Allaha ixlasınızın möhkəmlənməsi və sabit qalması üçün vacib etdi.
5.
وَ الْحَجَّ تَشْييداً لِلدّينِ،
Həcci, dinin sütunlarını möhkəmləndirmək vasitəsi etdi.
6.
وَ الْعَدْلَ تَنْسيقاً لِلْقُلُوبِ،
Ədaləti və haqqa riayəti qəlblərin bir-biri ilə birləşməsi,
7.
وَطاعَتَنا نِظاماً لِلْمِلَّةِ،
Biz Əhlul-Beytə itaət etməyi cəmiyyətin asayişi və nizam-intizamı,
8.
وَ اِما مَتَنا اَماناً لِلْفُرْقَةِ،
Bizim (Əhul-Beytin) rəhbərliyimizi cəmiyyətin məzhəblərə ayrılmasından, dağılmasından və pərakəndə olmasından amanda qalması,
9.
وَالْجِهادَ عِزّاً لِلْاِسْلامِ،
Cihadı da İslam dininin qüdrətli və izzətli olması üçün qərar vermişdir.
10.
وَالصَّبْرَ مَعُونَةً عَلَي اسْتيجابِ الْاَجْرِ.
Allah səbr və təmkini savabların qəbul olmasına köməkçi etmiş,
11.
وَالْاَمْرَ بِالْمَعْرُوفِ مَصْلِحَةً لِلْعامَّةِ،
Yaxşılığa əmr etməyi cəmiyyətin xeyrinə olduğu üçün vacib etmişdir.
Deməli, Allahın qanun tə'yin edərkən me'yarı Onun insanlara olan xeyirxahlığı və məhəbbəti olumuşdur ki, onlara riayət etməklə özlərini çoxlu xeyir və bərəkətlərlə bəhrələndirsinlər və təhlükələrdən, nəfsin istəklərinin sağalmaz zərbələrindən amanda olsunlar.
ŞƏRH:
Həzrət Fatimə(ə) bu hissədə ilahi əmrlərin və hökmlərin fəlsəfəsini açıqlamağa başlamış və onların mühim xüsusiyyətlərini və nəticələrini geniş şəkildə izah etmişdir. Həmin mövzu onun məqamının böyüklüyünü bildirir.
Birinci:
وَجَعَلَ اللهُ الأِمَانَ تَطْهِيراًلَكُمْ مِنَ الشِّرْكِ
İman nədir ?
"İman” Allaha inam və yəqin tapmaq deməkdir. İman sözünün kökü "Əmənə” (أَمَنَ) olub, aram olmaq, rahat olmaq mə'nasını da ifadə edir. İman qəlbə aid olan işlərdəndir. Çünki insanın qəlbi Allaha inanmalıdır. İnsanın qəlbi Allahın hərəminə çevrilən zaman bədən üzvləri də ona tabe olur və həmin qayda üzrə onların fəaliyyəti və işləri həqiqi imanın nəzəri altında olacaqdır.
Buna görə də iman qəlbin öz yarandığı yerə və ya mərkəzə birləşməsidir. Əqidədə təkallahlılıq və tövhidə inam insanı bütün məsələlərdə, istər sözlərində, istərsə də əməllərində və rəftarında onu eyni bir vəziyyətdə saxlayır və onun ikiüzlü olmasına icazə vermir. Çünki bu xislət(ikiüzlülük) imanın ziddinə və əksinədir. Əgər ikiüzlü olmağın və münafiqliyin zərərinin çoxluğu barədə bir az araşdırsaq görəcəyik ki, ona düçar olmuş insanlar daxilən ikili və ziddiyyətli həyat yaşamalı və onların hər birinə çoxlu enerji sərf etməlidirlər. Məsələn: bəyənilmiş, imanlı və müsbət bir simanın, imandan qidalanan xüsusi mə'nəvi bir gücə ehtiyacı vardır. Əgər biri həqiqətən mömin olmasa, müsbət simasını və öz imanını saxlamaqda güclü ruhi iztiraba və nigarançılığa düçar olacaqdır. Bununla da özünü çətinlikdə sıxılmış bir vəziyyətdə görəcəkdir. Buna görə də vücudu sür'ətlə solub aradan gedəcəkdir. Dini ədəbiyyatda "Şirk” böyük günahlardan, hətta zülmdən də böyük günah kimi tanınmışdır. Şirk edənlər heç vaxt Allahın əfvinə və rəhmətinə nail olmayacaqlar.
إِنَّ الشِّرْكَ لَظُلْم عَظِيم
Allaha şərik qoşma! Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!”
إِنَّ اللهَ لاَيَغْفِرُأنْ يُشْركَ بِهِ
"Allah təala Ona şərik qoşanları bağışlamır.”
Bu, ona görədir ki, şərik qoşmaq bəşərin ürəyini bir-birinə zidd olan iki cəhətdə işlədir və hər an qəlb iki tərəfə baxmalıdır. Belə olan halda o kimsədə kiçik bir rahatlıq ola bilərmi? Çünki ikili həyat hər an insanın ruhunu çəkişmələrə salaraq onu aram olmağa qoymur.
Deməli, iman dini psixologiya baxımdan müsbət bir addımdır ki, insanın qəlbini və ruhunu amansız sıxıntılardan xilas edir, onu öz aramlıq və əmin-əmanlıq kölgəsində saxlayır. Sonra həzrət Fatimə(ə) şirki başqa bir bəyanla təfsir edərək belə buyurur:
"حرّم الله الشّرك اخلاصاًله بالربوبيّة”
Allah tərəfindən şirkin haram olmasının əsl səbəbi budur ki, bəndələrini öz rübubiyyətində xalisləşdirsin. Yə'ni qəlblərində aləmdə tək olan Allahdan başqa heç bir tə'siredici qüvvənin olmadığını bilsinlər, Allahdan başqa bir rəbbin olmadığına dərin qəlbdən inansınlar və Ondan başqa heç bir amilə bağlanmasınlar.
Deməli, imanın xüsusiyyəti insanın qəlbini ikilikdən və Allaha şərik qoşmaqdan xilas etməkdir. Buna görə də mö'min olmaq bütün həqiqətləri qəbul etmək və batil olan şeylərdən isə uzaq olmaq deməkdir. Deməli, insanın qəlbinə iman daxil olduqda o, azğınlığın və şirkin əsl amillərindən pak olur.
İkinci: Namaz ruhu müalicə edir. Allahın bu əmri öz hissələri ilə birgə insanın qürurunu və təkəbbürlüyünü kökündən kəsir. Çünki belə rəftarların psixoloji kökü vardır. Nəfsani "mən”ə qulluq edən kəslər, üstün "Mən”dən yə'ni öz Yaradanından xəbərsizdirlər. Belə şəxslər günü-gündən zillətlər quyusuna batmış, bütün insani və dini dəyərlərdən məhrumdurlar. Onlar Qiyamət günü qorxulu və yırtıcı bir heyvan şəklinə düşərlər. Lakin namaz insanı bu kimi böhranlı vəziyyətdən xilas edir. Hər bir rükusu və səcdəsi onun nəfsani "mən"ini sındırır və çirklənmiş ruhunu təmizləyərək aqil olmağa tərəf təkan verir.
Namazın başqa xüsusiyyətləri:
1-Vaxtı tanımaq;
2-Vəzifəni tanımaq;
3-Gigiyena və paklıq;
4-Bir gündə neçə dəfə dünyəvi fəaliyyətləri dayandırmaqla ruhi yorğunluqlara son qoymaq;
5-İnsanın zehnini dünyəvi fikirlərdən azad etmək ;
6-Ünsiyyət bağlamaq üçün zəmin yaratmaq;
7-Müqəddəs anlar yaratmaq;
8-Bütün ağıl sahibləri və ləyaqətli şəxslərlə bir sırada olmaq;
9-Halal və harama riayət etmək;
10-Ən əhəmiyyətlisi isə Allahı xatırlamaq və yad etmək,
وَأقِمِ الصَّلاة لذكري
Üçüncü:
"وَ الزَّكاةَ تَزْكِيَةً لِلنَّفْسِ”
Burada zəkat " ödənilməsi dində vacib olan mal" mə'nasınadır və xumsə də aid olur. İnsan öz sə'yi və çalışqanlığı ilə əldə etdiyi bir çox qazanc və mala xüsusi bağlılığı olduğunu hiss edir. Hətta onun bir miqdarını belə başqasına verməyə hazır deyildir. Bu vəziyyət də onun ruhunda öz tə'sirini qoyur və belə güman edir ki, mal və sərvətin amili təkcə özüdür. Lakin Allahın yaratdığı minlərlə müftə imkanların əl-ələ verərək ona bu sərvəti və malı çatdırmaqda köməyinin olmasından xəbərsiz və qafildir.
Buna görə də zəkatın və xümsün ödənilməsi onun ruhunu bu kimi bağlılıqdan təmizləyir və Allahın ona olan yaxşılıqlarına və ehsanlarına cavab verməsinə vadar edir. O, vacib olan hüquqların verilməsi ilə heç vaxt Allahın ne'mətlərinin çoxalacağından xəbərsiz olmamalıdır. Bu üzdən şükür etmək ne'mətlərin çoxalmasına səbəb olur . Həzrət Fatimə(ə) buyurur ki;
وَنِماءً فِي الرِّزْقِ
yə'ni şəriətdə qoyulan vergilərin ödənilməsi şükr etməyin bir növü sayılır və Allah "ne'mətlərə şükr etsəniz, onları sizlər üçün çoxaldacağam” deyə və'd vermişdir.
Dördüncü:
وَالصِّيامَ تَثْبيتاً لِلْاِخْلاصِ
Oruc turmaq insanın əqidəsinin Allaha xalis olmasını göstərən ən mühim əməllərdəndir. Çünki hər hansı bir şəxsin orucu pozmasına maneə törədəcək bir amil yoxdur və o, istədiyi yerdə iftar edə bilər. Ancaq bir şəxs zahirdə və batində yemək içməkdən və s. əl çəkib, aclığın və susuzluğun acısına dözürsə, bu onun Allaha olan inamının əlaməti və nişanəsidir. Çünki xəlvətdə və aşkarda öz Allahının onu gördüyünə inanır. Buna görə də oruc, ixlası möhkəmləşdirir.
Beşinci:
وَالْحَجَّ تَشْيِيداً لِلدّينِ
Bədənin sağlamlığı, mal və sərvət baxımından imkanı olanlar həccin vacib əməllərini yerinə yetirməlidirlər. Çünki bu yer müsəlmanlar üçün "qiblə” tə'yin olunmuşdur ki, namaz qıldıqları zaman diqqətlərini oraya yönəltsinlər. Qiblə Allahın təkliyini və müsəlmanlar arasında vəhdətin olmasını bildirən bir işarədir. Bu mərkəz həcc günlərində hacıların təvaf etdikləri bir yerdir. Allahı xatırlamaq üçün cəmiyyətin sel kimi axaraq Kə'bə ətrafında yeddi dəfə təvaf etməsi həqiqətdə Allahla bəndə arasında olan əhd-peymanın təzələnməsi anlamındadır. Allah onların bəndəçiliyini nümayiş etdirir. Bu mərasimin əzəməti İslam dini üçün güclü bir dayaqdır.
Altıncı:
وَالْعَدْلَ تَنْسيقاً لِلْقُلُوبِ
(تَنْسيقا)
"tənsiqən", birlik və gücləşmək mə'nasındadır. Əgər insanların fərdi və ictimai münasibətlərində ədalət hökm sürərsə və hamı birgə haqqa riayət etməyi hədəf seçməklə yaşayarsa, qəlblər bir-birinə daha da yaxınlaşar, onlarda bir-birinə qarşı xüsusi məhəbbət yaranar. Bununla da heç bir kəs zülmə, oğurluğa, ikiüzlülüyə, nifaqa, hiyləyə və aldatmağa, xəbərçiliyə, qiybətə, böhtana, iftiraya, soyğunluğa, rüşvətə, ribaya, hərisliyə və tamahkarlığa, düşmənçiliyə və ədavətə, başqalarına şeytanlıq etməyə, məhrumların hüquqlarına e'tinasızlığa və s. meyilli olmayacaqdır. Ədalət hamıya bir gözlə baxdığı üçün və heç kəsin hüququnun aradan getməyini qəbul etmədiyi üçün ədalətə əməl olunduğu təqdirdə camaatın bu kimi əyri işləri yerinə yetirməsinin heç bir mə'nası olmayacaqdır. Buna görə də insanların qəlblərində olan ədavət və haqsızlığın əsas amilləri ədalətsizlikdir. Çünki əgər cəmiyyətə başçılıq etməyi öhdəsinə alan kəslər camaata ədaləti insafla və haqqa riayət edərək tanıtdırsalar və onlara adil olmağı öyrətsələr, dünyada pis və çirkin sözlərə və rəftarlara üz gətirən insan tapılarmı? Deməli, ədalət birliyin və qəlblərin güclənməsinin yeganə amilidir. Bu da yuxarıdan (hakimdən) başlamalıdır.
Yeddinci:
وَاِمامَتَنا اَماناً لِلْفُرْقَة وَ طاعَتَنا نِظاماً لِلْمِلَّة
Muhəmməd Peyğəmbərdən (s) sonra, insanların biz Əhlul-Beytə(ə) itaət etməsi cəmiyyətə nizam-intizam və asayiş bəxş edir. Bizim rəhbərliyimiz camaatın parçalanmasının və təfriqəsinin qarşısını alır.
1-İnsanlar arasında nizam-intizam yaratmaq istəyən şəxs o zaman buna nail ola bilər ki, özü nizam-intizama riayət edən olsun. Yə'ni bütün sahələrdə kamilliyə ləyaqəti özündə daşımalıdır ki, ona müraciət edənlər əli boş qayıtmasınlar.
2-Nizam-intizam elə dəqiq bir mühəndislik işidir ki, camaatın psixologiyasını, onların maddi və mənəvi ehtiyaclarını dəqiq müəyyənləşdirən zaman əmələ gəlir.
3-Nizam-intizam bütün cəmiyyəti iztirab və nigarançılıqdan xilas edə bilən kamil bir elmin məhsuludur. Buna görə də əgər bir mühitdə bir cəmiyyət çox bilikli və ləyaqətli bir mütəxəssislə yaşasa, ağlın və təcrübənin hökmünə əsasən onun sözlərinə və əməllərinə itaət etməlidirlər. Şübhəsiz ki, belə olduqda rahatlığa və nizam-intizama nail olacaqlar.
Hər əsrin ləyaqətli və bilikli ilahi mütəxəssisləri isə Mə'sum İmamlarıdır(ə). Onlar günəş kimi insanlar arasında işıq saçırlar. Hər kəs onların nurlu şualarına yaxınlaşarsa və onların bütün sözlərinə və əməllərinə itaət edərsə, öz insanlıq həyatına qədəm qoymuş sayılır.
Bu, inkar olunmaz bir həqiqətdir ki, camaat tikinti və me'marlıqda mühəndisə, xəstələnən zaman həkimə itaət edirlər. Bu səbəbə görə yaşayışları nizamlı və rahat olur. Peyğəmbər(s) ailəsi elmin ən uca zirvəsində yer tutur. Bütün istəklərə ləyaqətli cavab verirlər. Bu üzdən, onlara(ə) itaət etmək cəmiyyətin inkişafına, rahat yaşamasına və nizamlı olmasına səbəb olur.
Xanım Fatimə(ə) buyurur ki, bizim rəhbərliyimiz vəhdət yaradır. Çünki cəmiyyət böyük bir ailə kimidir. Əgər cəmiyyətə ürəyi yanan və onun işlərindən xəbərdar olan bir başçı olmasa, həmişə müharibə və münaqişələrlə üzbəüz olacaq, Mə'sum İmamın(ə) tam rəhbərliyi altında isə bu münaqişələr heç zaman baş verə bilməz. Çünki o, həm cəmiyyətin hakimidir, həm də insanlar üçün örnək və nümunədir. Onun Allah bəyənən işlərdə qabaqcıl olması nəticədə insanları bu yola rəğbətləndirəcəkdir. Deməli, əgər bəşər nəsli Əhlul-Beytin(ə) imamət bayrağının altında toplaşarlarsa, vəhdət yaranacaqdır.
Qeyd etmək lazımdır ki, bəşərin Xaliqi bu məs'uliyyətləri ləyaqətli şəxslərin öhdəsinə qoymuş və Onun camaatdan da istəyi budur ki, ayıq və şüurlu şəkildə Mə'sum İmamların ətrafına toplaşsınlar və onlara itaət etsinlər.
Səkkizinci:
وَالصَّبْرَ مَعُونَةً عَلَي اسْتيجابِ الْاَجْر...ِ
Səbr dinin və ağlın istəklərinə əsasən nəfsi ram etmək deməkdir. Bu məsələ həyatın bütün sahələrində vardır. Çünki bəşərin gündəlik acı və şirin anlarında nəfs öz çərçivəsindən çıxır və ağılsız, şəriətdə düzgün sayılmayan işlərə əl atır. Məsələn: fəqir ehtiyac üzündən günaha və harama tərəf gedir, yaxud sərvətli olan bir kəs riba verməyə, dini vergiləri ödəməməyə, rüşvət verməyə, yaxud ölkənin və ya idarənin başçısı zülm etməyə və qorxu yaratmağa, ədalətsizliyə, camaatın və məhrumların hüququna təcavüz etməyə və s. üz tuturlar. Lakin əgər səbrli olmağa adət etsələr və Allahın bəyəndiyi işlərə diqqət yetirsələr böyük savablara yetişəcəklər. Çünki səbrli olmaq mühim savablara çatmaq üçün insanın ləyaqət qazanmsına kömək edir.
Doqquzuncu:
وَالأَمْرَ بِالْمَعْرُوفِ مَصْلِحَةً لِلْعَوام...،
Bütün insanların (الْعَوام) əmr be mə'ruf qanunlarının həyata keçirilməsinə ehtiyacları vardır. Çünki əgər onların arasında belə bir hiss (qanunlarının həyata keçirilməsinə ehtiyac hissi) olmasa, heç vaxt rahatlıq və asayiş görməyəcəklər. Buna görə ki əmr be mə'ruf hamının bir-biri barədə diqqətli olması və şəfqətidır. Allah bu işin yerinə yetirilməsinə əmr etmişdir. İnsanlar da onu düzgün yerinə yetirməlidirlər. Çünki ayıq şəxslərə yol göstərmək və əmr be mə'ruf etmək Allahın qəti qanunlarından biridir. Mö'minlər də bu qanunlara razıdırlar. Ancaq camaatın çoxu o qədər də onu istəmir. Buna görə də hər gün ümumi yaşayışda narkomaniya, cinayətlər və s. kimi ciddi təhlükələr ortalığa çıxır. Ümumiyyətlə, insan başqalarına ürək yandırdığını göstərmək üçün nə etməlidir? Görəsən, onları yaxşılığa çağırmaq və pisliklərdən çəkindirmək özü məhəbbət və şəfqət deyildirmi?!
Əgər insanlar "əmr be mə'ruf”un yaşamasına icazə verməsələr, görəsən, bu, pisliyin artmasına səbəb olmayacaqdır?!
Görəsən, böyük və seçilmiş insanlara və alimlərə hörmətsizlik etmək, sərvətləri qarət etmək, başqalarının hüquqlarına təcavüz etmək, zülm, tüğyan, terror, asayişin pozulması, qətl, zina və fahişəlik və s. kimi əyri və pis işlər olduğu halda rahatçılıq və asayiş hiss etmək olarmı?!
Buna görə də mö'minlərin bir sıra əlamətləri vardır. Onların ən mühimi budur ki, mö'min başqa insanların "əmr fe mə'ruf" və "nəhy əz munkər" ilə onu islah etməsinə icazə verir.
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah