«Təhqir»-günahın daha bir amili
Tərbiyənin ən mühüm şərtlərindən biri də insanların, ələl-xüsus uşaqların şəxsiyyətinə hörmət etməkdir, yə’ni onu bir şəxs kimi tanımaqdır. Bu əsasla uşağın təhqir edilməsi onun düzgün tərbiyəsinə mane olan səbəblərdəndir.
Ata və ana öz övladları ilə müəyyən pərdə daxilində davranmalı, onların bütün yaş dövürlərini və xüsusiyyətlərini nəzərə almalıdırlar. Valideyn bir sözlə uşağın şəxsiyyətinə toxunan sözlərdən və işlərdən çəkinməli və həmişə övladlarına yaxşı nümunə olmalıdırlar. Eyni zamanda yaşlı adamların da qüruruna toxunan hərəkətlərdən qaçılmalıdır. Bütün insanların ehtiramı lazımi qədər saxlanmalıdır ki, onlar özlərində həqarət hissi keçirməsinlər. Çünki mənliyi tapdalanan, şəxsiyyəti təhqir olunan insanlarda qəzəb həddini aşır və kin güclənir. İnsanlarda yaranan bu hisslər isə çoxlu günahların törənməsinə gətirib çıxarır.
İmam Hadi (ə) buyurur:
مَنْ هانَتْ عَلَيْهِ نَفْسُهُ فَلا تَأْمَنْ شَرَّهُ
«Özünü şəxsiyyətsiz hesab edən adamın şərrindən uzaq olun».
İmam Əli (ə) buyurur:
مَنْ كَرُمَتْ عَلَيْهِ نَفْسُهُ لَمْ يُهِنْها بِالْمَعْصِيَة
«Özünü şəxsiyyətli hesab edən adam heç vaxt öz şəxsiyyətini günahla məhv etməz».
İslam Peyğəmbəri (s) buyurur:
لا يَكْذِبُ الْكاذِبُ اِلاّ مِنْ مِهانَةِ نَفْسِهِ
«Yalançı adam özünə şəxsiyyət verməmək səbəbindən yalan danışır».
Nəticə alırıq ki, heç bir insanı təhqir etmək olmaz. Çünki bu vaxt o öz şəxsiyyətini əskik bilir və bunun üçün çoxlu günahlara qurşanır.
İslam Peyğəmbəri (s) və Mə’sum imamlar uşağı tərbiyə edərkən heç vaxt onun şəxsiyyətini təhqir etmirdilər. Əksinə onların ehtiramını saxlamaqla onlardan güclü şəxsiyyət formalaşmasına nail olurdular.
İslam Peyğəmbəri (s) buyurur:
اَكْرِمُوا اَوْلادَكُم وَاَحْسِنُوا اَدَبَهُمْ يَغْفِرْ لَكُمْ
«Övladlarınıza ehtiram qoyun və onları gözəl tərbiyə edin ki, Allah sizin günahlarınızı bağışlasın».
Bundan əlavə, islam dinində uşaqların tərbiyə prosesində bir neçə mərhələnin də yerinə yetirilməsi vacib sayılır. Məsələn: Onların arasında fərq qoymayın, onların arasında bərabərliyə riayət edin, onlara yaxşı sözlər danışın, pis ad qoymayın, pis ləqəblərlə çağırmayın və s. Sadalananların əksi də uşaqlarda mənfi hallar yaradar və nəticəsi həm ailə, həm də cəmiyyət üçün pis olar.
Maraqlı bir hadisə
İmam Sadiq (ə) buyurur:
Peyğəmbər (s) günorta namazını camaatla birlikdə qıldı. Lakin gözlənilmədən namazın axırıncı iki rək’ətində tələsdi. Namaz qurtarandan sonra camaat o Həzrətdən namazda tələsməsinin səbəbini soruşdular.
Peyğəmbər (s) buyurdu:
اَما سَمِعْتُمْ صُراخَ الصِّبِيُّ
«Siz uşaq ağlaması səsini eşitmədinizmi?»
Mə’lum oldu ki, o Həzrət uşağı sakitləşdirmək üçün namazı tələsik qıldı.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti