Mühiti pozan amillər
İslam dinində aşkarda günah etmək, günahı yaymaq, günah işlərə kömək etmək, günah işlərə razı olmaq, "əmr be mə’ruf» və «nəhy əz münkəri» tərk etmək, ilahi hüdudların (cəza tədbirlərinin) icrasını ləğv etmək və bu kimi mühit pozğunluğuna şərait yaradan işlər qadağan olunmuşdur. Eləcə də mühit sağlamlığını məhv edən hicabsızlıq, seks kinoların yayılması, narkotik maddələrin istifadəsi və bu kimi günahların qadağan olunmasından əlavə İslam hökumətində onların qarşısını almaq əmr olunmuşdur. Bundan əlavə müsəlmanlara yaşadığı mühitdə "əmr be mə’ruf və nəhy əz münkər» vacib olunmuşdur. Yə’ni başqalarını yaxşı işlərə də’vət etmək və pis işlərdən çəkindirmək əmri verilmişdir. Çünki bu iki dini vəzifənin müsəlmanlar tərəfindən düzgün icrası mühitin sağlam qalmasında mühüm rol oynayacaqdır. Başqa sözlə insan ictimai bir məxluqdur. Yaşadığı cəmiyyət bir cəhətdən onun evi hesab olunur. İnsan yaşadığı cəmiyyətin ehtiramını, evinin ehtiramı kimi saxlamalıdır. Cəmiyyətin sağlamlığı onun özünün ruhən sağlam olmasına kömək edir, pozğunluğu isə onun şəxsiyyətində mənfi tə’sir qoyur. Elə bu səbəbə görə də islam dinində cəmiyyəti mə’nəvi cəhətdən xarab edən işlər qadağan olunmuşdur. Bu dində ictimai günahın pisliyi, fərdi günahın pisliyindən qat-qat üstündür. Çünki günahın müntəzəm surətdə edilməsi cəmiyyətdə günahın adi şəklə düşməsinə gətirib çıxarır. Misal üçün, evin bir tərəfi od tutub yansa, onun qabağını almaq lazımdır. Yoxsa, onun şö’lələri bütün evi bürüyəcəkdir.
İslam Peyğəmbəri (s) ictimai günahın tə’sirini bir misalda belə izah edir: Bir dəstə adam dənizdə gəmi ilə səfərə çıxdılar. Bütün sərnişinlər öz yerlərində oturmuşdular. Bu vaxt sərnişinlərdən biri özünün oturduğu yeri baltayla yarmağa başladı. Bu vaxt ona «nə edirsən?!» -dedilər. O isə cavabında dedi: «Öz yerimdir, nə istəsəm edə bilərəm». Bu vaxt sərnişinlər baltanı onun əlindən alsalar həm onu, həm də özlərini ölümdən xilas edəcəklər. Amma onu öz başına buraxsalar, o həm özünü, həm də başqalarını həlak edəcəkdir.
Bəhsimizin bu hissəsində mühit pozğunluğuna şərait yaradan günahları, onların mahiyyəti ilə daha dərindən tanış olmaq üçün ayrılıqda araşdırırıq:
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti