«Təvəlli» Allah dostları olan yaxşı insanları qəlbdən istəmək və onların cəmiyyətdə gördükləri yaxşı işləri təsdiq etməkdən ibarətdir.
«Təbərri» isə Allahın düşmənləri, zalım və qəddar adamlarla düşmənçilik etməyə deyilir.
İslam dinində mövcud olan bu böyük vəzifələr hər bir müsəlmanı yaşadığı mühitdə laqeyd olmaqdan çəkindirir və onları günahla mübarizə edib cəmiyyəti saflaşdırmağa də’vət edir.
Günah qarşısında sükut etmək
Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. Allah-təala İslam Peyğəmbəri (s) zamanında yaşayan yəhudilərə belə xitab edir: «Siz qatilsiniz». Çünki onlar öz əcdadlarının keçmişdə peyğəmbərləri qətlə yetirmələrinə razı idilər. (Onlar özləri qatil olmasalar da, qatil əcdadlarının çirkin işlərinə razı olduqları üçün qatil hesab olunurlar.)
Hədislərin birində oxuyuruq: İmam Sadiq (ə) öz zamanında İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsinə razı olan adamlara qatil adı verdi.
İmam Sadiq (ə) «Ali-İmran» surəsinin 183-cü ayəsinə istinad edərək buyurdu:
«Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.»
Başqa bir misal:
Saleh peyğəmbərin dəvəsini öldürən bir nəfər olsa da, Allah-təala bütün Saleh və Səmud qövmünü öz əzabına düçar edəcəyini bildirib və onların hamısını o dəvənin qatili hesab edir.
İmam Əli (ə) bu mövzunu belə şərh edir:
وَاِنَّما عَقَرَ ناقَةَ ثَمُودَ رَجْلٌ واحِدٌ فَعَمَّهُمْ اللهُ بِالْعَذابِ لَمّا عَمُّوهُ بِالرِّضا
«Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».