Günahın mənası
Günah müxalifət mə’nasınadır. İslam dinində Allah-təalanın əmrinə zidd olan əməllərə günah deyilir. Günah kiçik də olsa belə, Allahın fərmanı ilə zidd olduğu üçün böyük sayılır. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurur:
لا تَنْظُرْ اِلى صِغَرِ الْخَطيئَةِ وَلكِنْ اُنْظُرْ اِلى مَنْ عَصَيْتَهُ
«Etdiyin günahın kiçik olmasına baxma; əksinə, kimin fərmanından boyun qaçırdığına bax.»
Qur’anda, eləcə də Peyğəmbərimiz (s) və İmamlarımızın kəlamlarında müxtəlif ibarələrlə günaha işarə olunub ki, onlardan hər biri günahın ziyanlarının müəyyən bir cəhətini açıqlayır, onun neçə növ olmasını bildirir. Qur’anda günah mə’nasında işlənən kəlmələr aşağıdakılardır:
«Zənb» - lüğətdə «ardıcıllıq» mə’nasınadır.
Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha «zənb» deyilir. Bu kəlmə Qur’anda 35 dəfə təkrar olunub.
2. «Mə’siyət» - Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mə’nasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Qur’anda 33 dəfə gəlmişdir.
3. «İsm» - süstlük etmək, geridə qalmaq və məhrum olmaq mə’nasında işlənir. Bu kəlmənin günah mə’nasında işlənməsi onu göstərir ki, günahkar heç vaxt özünü bacarıqlı hesab etməsin, əksinə o, geridə qalan bir şəxsdir. "İsm” kəlməsi də Qur’anda 48 dəfə təkrar olunub.
4. «Səyyiə» - Bu söz insana qəm-qüssə gətirən pis əməllərə deyilir. Ərəb dilində "səyyiə” sözü xoşbəxtlik mə’nasını verən "həsənə” sözünün antonimidir. Bu ifadə də Qur’anda 165 dəfə təkrar olunub. Qeyd etmək lazımdır ki, səyyiə kökündən olub, pis mə’nasını daşıyan «su’u» sözü də Qur’anda 44 dəfə gəlmişdir.
5. «Cürm» - əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mə’nasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə təkamüldən saxlayan əməllərə «cürm» deyilir.
6. «Haram» - Qadağan olunmaq mə’nasını verir. Məsələn: Haram sözündən alınmış və hacılara məxsus geyim növü olan «ehram» paltarı (insanın həcc və ümrə əməllərini yerinə yetirən zaman geydiyi «ehram» paltarı) ona bir sıra işləri qadağan edir. Eləcə də İslamda müharibənin qadağan olunduğu aylara haram aylar deyilir. (Məsələn: Məhərrəm ayında müharibə etmək, dinimizdə haram və qadağan işlərdən biridir. Allahın evinin özünəməxsus ehtiramı olduğu üçün ona Məscidül-haram adı verilmişdir. Elə buna görə də kafirlərin onun içinə daxil olması qadağandır. Bu ifadə Qur’anda 75 dəfə təkrar olunub.
7. «Xətiiə» - Adətən, insanın ixtiyarsız halda mürtəkib olduğu günahlara deyilir. Lakin bə’zi vaxtlar, o cümlədən «Bəqərə» surəsinin 81-ci və "Əlhaqqə» surəsinin 137-ci ayəsində olduğu kimi, bu kəlmə böyük günahlar mə’nasında işlənmişdir. Əslində isə "xətiiə” sözü günah nəticəsində insanın ruhunda yaranan elə vəziyyətdir ki, bu vəziyyət onu nicat yolundan saxlayır, hidayət nurunu onun qəlbindən silir. Bu kəlməyə də Qur’anda 22 dəfə rast gəlirik.
8. «Fisq» - əslində xurma dənəsinin qabıqdan çıxmasına deyilir. Bu kəlmənin günah mə’nasında işlənməsi insanın günah edərkən Allaha bəndəçilik və itaətdən xaric olmasına işarədir. Günahkar insan öz əməli ilə Allahın əmrini pozur və Onun hörmətinə xələl gətirir. Bu kəlmə ilə Qur’anda 53 dəfə günaha işarə olunmuşdur.
9. «Fəsad»- İnsanın həyatda normal vəziyyətdən çıxmasına deyilir ki, insanın fitri iste’dadlarının hədərə getməsi və məhv olması ilə nəticələnir. Fəsad sözü Qur’anda 50 dəfə gəlmişdir.
10. «Fücur»- İnsanın abır, həya və mə’nəviyyat pərdələrinin parçalanmasına deyilir ki, bunun da nəticəsi rüsvayçılıqdan başqa bir şey deyildir. Bu söz Qur’anda 6 dəfə təkrar olunub.
11. «Münkər» - İnkar sözündən olub uyğunlaşmayan mə’nasını verir. İnsanda olan sağlam ağıl və fitrətin pis işlərlə uyğun gəlməməsinə görə günaha münkər deyilir. Adətən, bu söz «nəhy əz münkər» (başqalarını pis işlərdən çəkindirmək) ünvanında işlənir. Qur’anda bu kəlmə ilə 16 dəfə rastlaşmaq olar.
12. «Fahişə» - Pisliyində heç kəs şübhə etməyən nalayiq sözlərə və pis əmələrə deyilir. Bə’zi vaxtlarda isə həddindən artıq pis və nifrət yaradan əməllər haqqında da işlənir. Bu söz Qur’anda 24 dəfə təkrar olunub.
13. «Şərr»- Adətən, insanların nifrət etdiyi və xoşlamadığı işlərə şərr deyilir. Bunun əksi müqabilində xeyir sözüdür ki, bu da camaatın əksəriyyətinin bəyənib əməl etdiyi işlərə deyilir. Həmçinin, insanların daxili hissləri və fitri duyğuları ilə zidd olan günaha şərr deyilir. Bu kəlmə çox vaxt insanın başına gələn bəlalar haqqında da işlənir. Lakin bə’zi yerlərdə günaha şərr deyilir. O cümlədən Qur’ani-kərimin «Zilzal» surəsinin 8-ci ayəsində «şərrən» ifadəsi günah məqsədini bildirmək üçün işlədilmişdir.
14. «Ləməm» - Günaha yaxınlaşmaq mə’nasınadır. Eləcə də «az» mə’nasını da daşıyır. Bu səbəbdən də kiçik günahlara «ləməm» deyilir. Bu kəlmə Qur’anda təkcə bir yerdə («Nəcm» surəsinin 32-ci ayəsində) gəlmişdir.
15. «Vizr»- Ağırlıq mə’nasınadır. Vəzir hökumətin ağır işlərini öhdəsinə götürən şəxsə deyilir. Günahkar insan öz günahları ilə, ağır bir yükü öz üzərinə götürür. (Mə’lumdur ki, bə’zi insanlar bunu öz təcrübələrində müşahidə ediblər.) Lakin o, bu həqiqətdən qafildir! «Vizr» sözü Qur’anda 26 dəfə gəlmişdir. Qur’anın bə’zi ayələrində yenə də ağırlıq mə’nasını verən «siql» sözü də günah mə’nasında işlənib. "Ənkəbut» surəsinin 13-cü ayəsi bu nümunədən biridir.
16. «Hins» - əslində batil və qəbahətli sayılan işlərə meyilli olmaq mə’nasını verir. Lakin söz verdikdən sonra əməl etməməyə də "hins” deyilir. İnsanın dinə, öz sözünə əməl etməməsi, əhdinə vəfasız çıxması böyük günahlardan sayılır. Bu kəlmə Qur’anda iki dəfə gəlmişdir.
Saydığımız bu 16 ifadənin hər biri günahın zərərli tə’sirlərindən yalnız müəyyən bir hissəsini açıqlayır və insanları bu işlərdən uzaqlaşmağa çağırır.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti