1. İnsanın şəxsiyyəti
İnsan varlıq aləmindəki yaranmışların ən qiymətlisidir. Allah-təala heç bir məxluqu insandan üstün yaratmayıbdır. İnsan həm ruhi, həm də cismani cəhətdən yaradılmış başqa məxluqlardan fərqlənir. Onda olan ruhi iste’dadlar və cismi bacarıqlar bir-birindən maraqlıdır.
«İsra» surəsinin 70-ci ayəsində oxuyuruq:
«Şübhəsiz, biz Adəm övladlarını (insanları) əziz etdik, quruda, dənizdə onları həml etmiş, onlara təmiz-təmiz şeylərdən ruzilər vermişik və onları yaratdığımızın çoxundan üstün tutmuşuq.»
İnsanın Allah dərgahında əziz olması iki növdür:
1. Allahın ona bəxş etdiyi əzizlik. «İsra» surəsinin 70-ci ayəsində bu cür əziz olmağa işarə olunur. İnsan Allahın ona verdiyi bu əzizliyə görə bütün məxluqlardan, hətta mələklərdən də üstündür. Başqa sözlə, bu cəhət insana elə bir iste’dad verir ki, başqa məxluqlar bu iste’daddan məhrumdurlar.
2. İnsanın özünün qazandığı əzizlik. İnsanın Allah dərgahında bu cür əziz olması onun təqvalı olub, yaxşı işlər görməsindən asılıdır.
«Hücürat» surəsinin 13-cü ayəsində oxuyuruq:
«Şübhəsiz, Allah dərgahında sizlərdən ən möhtərəm olanı - daha təqvalı olan kəsdir».
İnsan elə bir yüksək dərəcəyə malikdir ki, Allah-təala mələklərə, Adəm peyğəmbərə səcdə etmələrini əmr etdi. Onların bu səcdəsi Allaha şükr səcdəsi idi ki, ilahi, belə bir üstün məxluq yaratmısan.
Qur’an və hədislərdə insanı tərbiyə və hidayət etmək məqsədi ilə həmişə onun əzəmətli şəxsiyyəti xatırladılır. Misal olaraq aşağıdakı hədislərə diqqət yetirək:
1. İmam Əli (ə) buyurur:ا
«(Ey insanlar!) Sizin qiymətinizə təkcə behişt layiqdir. Onu behiştdən aşağı bir şeyə satmayın».
Başqa bir hədisdə o Həzrət buyurur:
«(Ey insan!) Sən elə güman edirsən ki, balaca bir məxluqsan? Sənin vücudunda böyük bir dünya vardır!».
2. O Həzrət buyurur:
«Öz qədir-qiymətini bilməyən şəxs həlak olubdur».
3. İmam Əli (ə) başqa bir hədisdə belə buyurur:
«Alim odur ki, öz qədir-qiymətini bilsin, cahil isə o şəxsdir ki, öz qədrini bilməsin».
4. Əmirəl-mö’minin (ə) daha bir hədisdə buyurur:ُ
«Özünə qiymət verən və öz həddini anlayan şəxs ən gözəl bəndədir».
2. İnsan şəxsiyyətinin təhqir edilməsi
Günaha zəmin yaradan amilləri sayarkən dedik ki, bu amillərdən biri də insan şəxsiyyətinin təhqir edilməsidir. Burada da qısa şəkildə bu mövzunu araşdırmağa çalışaq.
İnsan özünün böyük və əzəmətli şəxsiyyətini dərk etsə heç vaxt onu dəyərsiz və puç yollarda məhv etməz. Misal üçün, insan heç vaxt bir parça qızılı bir daş parçası ilə dəyişməz.
İmam Səccad (ə) buyurur:
«Öz şəxsiyyətinə qiymət verən şəxsin gözündə maddi maraqlar dəyərsiz olar».
İmam Səccadın (ə) bu hədisindən belə nəticə alırıq ki, insan şəxsiyyətinin təhqir edilməsi onun dünya malına həris olmasına və əyri yollara çəkilməsinə səbəb olur. Amma şəxsiyyətin qorunması insanı dəyərsiz işlərə əsir etməz. İnsan şəxsiyyətinin təhqir edilməsi nəticəsində onda yaranan həqarət hissi insanı təbii olaraq müxtəlif günahlara və çirkin işlərə yönəldir.
İmam Əli (ə) bu barədə buyurur:ِ
«İnsanın iki üzlü (riyakar) olması onun özündə həqarət hissi keçirməsindən irəli gəlir». İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur:
«Yalnız öz şəxsiyyətinin alçaldığını hiss edən şəxs yalan danışar.»
İmam Sadiq (ə) buyurur:
«Özündə həqarət və kiçiklik hissi keçirən şəxs təkəbbürlü olar və özünü hamıdan üstün tutar». (Çünki belə bir şəxs özündə çatışmayan bir şey hiss edir və bu çatışmazlığın yerini təkəbbürlə doldurmaq istəyər.
İmam Sadiq (ə) başqa bir hədisdə belə buyurur: «Allah-təala mö’minə aid olan işləri onun öz öhdəsinə qoydu. Lakin ona bir şeydə ixtiyar vermədi. O bir şey də mö’minin özünü başqaları qarşısında zəlil edib alçaltmasıdır. Allahın buyurduğu sözə diqqət yetirmədikləri üçün buyurulur:
«İzzət və şərəf yalnız Allaha, Onun Rəsuluna və mö’minlərə məxsusdur».
Sonra o Həzrət buyurdu:
«Mö’min əziz və şərəfli olmağa layiqdir, zəlil olmağa yox!»
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti