Kərbəla türbətində Ruh qüvvəsinə aid olan qeybi təsirlər
İmam Hüseynin (ə) türbətində Cəbrailin (ə) həmin türbəti
Peyğəmbərə (s.ə.s.) daşıdığına görə Təharət qüvvəsi ilə əlaqədar qeybi
təsirlər olduğu kimi, Ruh qüvvəsi ilə də bağlı təsirlər mövcuddur. Çünki
əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi, Cəbrail (ə) "Ruhul Quds”dur, yəni
Təharət ruhudur.
Həmin bu təsirləri aşkar edib tanımaq üçün Qurani-Kərimin söhbət
açdığı Samiri ilə bağlı hekayəni xatırlayaq:
"Musa dedi: "Ey Samiri, sənin
(bu böyük qəbahəti etməkdə) məqsədin nə idi”
Dedi: "Mən onların
görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət
etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə, həmin
elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu
(buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona
ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl
göstərdi.”
Hədislərin dediyinə görə, Samiri həmin bir ovuc torpağı Mələyin
ayağının altından götürüb, çünki o özü etiraf edir ki, insanların
görmədiklərini görür (yəni görür ki, Mələyin ayaq qoyduğu quru və ölü
yerlər canlanıb yaşıllaşır).
Bəzi təfsir alimləri də qeyd edir ki, Samiri həmin torpağı Mələyin
atının ayağı altından götürür.
Belə bir sual meydana çıxır: əgər Cəbrailin (ə) atının ayağı altından
götürülən torpaq ölmüş bitki və əldə düzəldilmiş buzov heykəlini hərəkətə
gətirib canlandırılmasında təsir qoyursa, onda Cəbrailin (ə) əli ilə Kərbəla
türbətini daşıyıb Peyğəmbərə verməsi bu türbətdə hansı fiziki və qeybi
təsirlərə səbəb ola bilər?! Halbuki Samirinin niyyəti insanları haqq yoldan
yayındırmaq idi. Kərbəla türbətinin daşınması isə ilahi əmrlə baş verərək Kərbəladan Mədinəyə gətirilib İslam Peyğəmbərinə (s.ə.s.) təslim edildi ki,
məxluqatın ağasının əlinə dəyərək qeybi xüsusiyyətlər qazansın.
Deməli, bu türbət qəlblərin dirildilməsində təsəvvürə sığmayan
miqdarda təsirə malikdir! Cəbrailin (ə) bu türbəti daşımasında, Ruh
qüvvəsi ilə Təharət qüvvəsinin birləşməsində açıq-aşkar nişanələr və
möcüzələr vardır: "Şübhəsiz, bunda (bu əhvalatlarda, oyaq) qəlbi olan və
ya (həqiqətlərə qəlbi ilə) şahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət
vardır.” Bununla da, Allah-taala mömin bəndəyə Kərbəla türbəti vasitəsi ilə şəfa və əmin-amanlığı feyz edir.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni