Cəbrailin (ə) Kərbəla türbətinin Peyğəmbərə (s) gətirməsinin hikməti
Mələkut aləmi Allahın xəlq etdiyi digər aləmlərlə əlaqəli olmasına
baxmayaraq, insanı əhatə edən varlıq aləmindən tamamilə fərqlənir. Lakin
bu aləm mahiyyət və şəriət təkliflərinə görə digər aləmlərdən fərqlənir.
Mələklər maddi və mənəvi ruziləri bütün aləmlərə çatdıran vasitəçilərdir.
Lakin onların ruzisi digər xəlq olunmuş aləmlərin ruzisindən fərqlənir.
Onların ruziləri, həyatları və varlıqları Allahın zikri və təsbihidir. Mələklər insan gözünün – istər müasir cihazların vasitəsi ilə olsun,
istərsə də heç bir vasitə olmadan – müşahidə etdiyi bütün əşyalar arasında əlaqə yaradır. Bütün bunlar bizə məlum olan varlıq aləminə aiddir. Bizə
məlum olmayan varlıq aləminə gəlincə isə onu yalnız və yalnız aləmlərin
rəbbi Allah-taala bilir.
Qurani-Kərimdə bu barədə belə buyurulur: "... sizin
bilmədiyiniz şeyləri də yaradır.”
Qurani-Kərim, çoxsaylı aləmlərin arasındakı rabitəyə işarə edərək
mələklər barəsində belə buyurur: "(And olsun) dünyanın işlərini idarə edən
mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə
olunar).”
Deməli, Allah-taalanın iradəsi ilahi qüvvə ilə bütün məxluqata yetişir
– belə ki ruzi, ölüm, həyat, bəla, xəstəlik, şəfa və bu kimi digər işlər bütün
aləmlərə nüfuz edir. Bizim barəsində bir şey bilmədiyimiz varlıq aləmini –
onun ehtiyaclarının sonsuz olmasına baxmayaraq, yalnız aləmlərin Rəbbi
tanıyır. Bu həqiqət Əlidən (ə) mələklərin vəsfi barəsindəki hədisdə belə
bəyan olunmuşdur:
"...Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə
doldurdu. (Onların birinci dəstəsi elə mələklərdi ki,) onlardan bəziləri
səcdə halındadır, ruku etmir, bəziləri isə ruku halındadır, ayağa qalxmır, bir
dəstəsi isə cərgə ilə dayanıb, öz yerlərindən kənara çıxmır və bəziləri də
yorulmadan təsbih edəndir. (Mələklərin heç bir növü maddi olmadığına
görə) onların gözlərinə yuxu, ağıllarına yanlışlıq gəlməz, onlarda nə
süstlük, nə də unutqanlıq baş verər. Onların başqa bir dəstəsindən olanlar
(ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri
uçün danışıq vasitəsi və tərcumanlarıdır, Onun hökm və fərmanlarını
yetirmək üçün get-gəl edir. Onların bir dəstəsində olanlar isə (üçüncü
hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridir.
Onların başqa bir hissəsində olanların (mələklərin dördüncü dəstəsinin)
ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları
ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin
dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına
bürüyüb. Həmin mələklər və onlardan daha aşağıdakılar arasında izzət
hicabları və qüdrət pərdələri çəkilib. (Həmin mələklərin Allahı tanımağı elə
bir səviyyədədir ki,) Allahı xəyallarında canlandırmaz, məxluqatın
xüsusiyyətlərini Ona aid etməz, Onu məkanla məhdudlaşdırmaz, bənzər və
misli olanlarla Ona işarə etməz.”
Həmçinin o həzrət belə buyurmuşdur: "... Allah-taala onları cürbəcür
surət və şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünə və
ucalığına həmd etsinlər. Pərvərdigarın məxluqatda yaratdığının aşkar və
aydın olanlarını (nişanələrini) özlərinə aid etmirlər (insan kimi Allahlıq
iddiasında bulunmurlar). Xaliqi və yaradıcısı yalnız Allah olan bir şeyi
yaratdıqlarını iddia etmirlər. (Bütləri Allaha şərik qoşan bütpərəstlərdən
fərqli olaraq özlərini Allaha şərik bilməzlər.) Onlar sözlərində Allahdan
önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli
bəndələrdir... Mələklərin bir dəstəsi yağış dolu buludların arasında, böyük
və uca dağlarda, yolların itirildiyi zülmətin qaranlığında yerləşib.
Mələklərin bəzilərinin ayaqları torpağı deşərək yerin ən son nöqtələrinə
gedib çıxıb. Ayaqları hava və boş yerin arasındakı ağ bayrağa bənzəyir.
Ayaqlarının altında onları çatdıqları və yerləşdikləri yerdə saxlayan
xoşətirli külək vardır. Allaha ibadət və itatət onları hər şeydən saxlayıb və
imanın həqiqətləri onlarla Allahı tanıma arasında vasitəçi olmuşdur.
(Əqidələrinin gözəlliyi Allahı tanıyıb ibadət etmələrinə səbəb
olmuşdur)...”
Əli (ə) onların çoxluğuna işarə edərək belə buyurmuşdur: "...Göy
qatlarında bir qabıq yeri (qədər belə yer) yoxdur ki, orada səcdə edən bir
mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən
mələk olmasın. Allahlarına ibadətin və itaətin çoxluğu nəticəsində elmlərini və yəqinliklərini artırırlar. Allahlarının izzəti və qüdrəti
qəlblərindəki əzəmət və böyüklüyü çoxaldır.”
Başqa bir hədisdə isə İmam Sadiq (ə) buyurmuşdur: "And olsun
nəfsim əlində olan Allaha, göylərdə olan Allahın mələkləri yer üzündə olan
qum dənəciklərinin sayından çoxdur. Səmanın hər bir nöqtəsində Allahı
təsbih edən və ona təzim edən mələk vardır. Yer üzündə hər bir ağac və
daşda ona vəkil olunmuş mələk vardır.”
Buna görə də mükəlləf olduqları əmrin heysiyyətinə uyğun olaraq
mələklər arasında təkliflər, vəzifələr, xüsusiyyətlər və məqamlar qərar
verilmişdir. Bundan əlavə, mələklər Allah-taalanın dərgahından çıxan hər
bir iş və əmri yerinə yetirmək üçün xəlq olunmuşdur.
Bu barədə Qurani Kərim
buyurur: "Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə,
söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə
müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri
ilə iş görərlər.”
Yəni bir hədisdə Cəbrail (ə), digər hədisdə yağış mələyi, üçüncü
hədisdə isə başqa bir mələyin Kərbəla türbətini daşıyıb, onu Peyğəmbərin
hüzuruna gətirib təqdim etməsi əbəs bir iş olmayıb, sonsuz dərəcədə
Allahın hikməti ilə bağlı olan bir hərəkətdir. Çünki bu iş aağıdakı
məqamlarla əlaqəlidir:
1) Bu iş Allah-taalanın əmri ilə olmuşdur;
2) Kərbəla türbətini daşıyan və nəql edənin seçilməsi – belə ki bu
mələklərin Cəbrail (ə) və Mikail (ə) olması müəyyən bir məqsədə
görədir.
3) Bu mələklərin nazil olduğu şəxs – o, bütün məxluqat aləminin ağası
Muhəmməd (s.ə.s.) peyğəmbərdir
4) Risalətin çatdırılması – Kərbəla torpağında Cənnət cavanlarının
ağası İmam Hüseynin (ə) qətlə yetirilməsi.
Bu məqamları nəzərə alsaq, üç əsas mehvəri əldə edə bilərik:
"Göndərən, səmavi elçi və Allahın yer üzərindəki xəlifəsi”
Bu risalətdən sonra hansı təsirlər əmələ gəldi? Sözügedən risalət ilahi
əmr aləminin üçündən də keçmişdir: müqərrəb mələklər, nübuvvət və
risalət aləmləri. Bu türbətə aid olan qeybi təsirlər nədir? Və ondan əmələ
gələn təsirlər hansılardır?
Üç aləmdən, "İlahi Əmr aləmi, Ruhul Əmin aləmi və risalətin xətm
aləmindən” keçən Kərbəla türbəti ilə bağlı olan qeybi təsirləri tanımaq
üçün labüd olaraq bu üç aləmi tanımalıyıq. Belə ki bu aləmlərin hansı
təsirlərə malik olduğunu bilmək lazımdır.
Yəni əgər insan hər hansı bir sultan və yaxud dövlət başçısından
hakimiyyət orqanının əmin olduğu bir şəxs vasitəsilə risalət (missiya)
alarsa və risalətin göndərildiyi şəxs sultan və yaxud dövlət başçısının
hörmət etdiyi, sevdiyi bir insan olarsa, belə olan halda bu risalətin məqamı
və şəni necə olmalıdır? Bəs ona aid olan təsirlər və yaxud onun tərəfindən
bildirilmiş hökmlər hansılardır?!
Birinci aləm: İlahi əmr aləmi, yəni Allah-taala Cəbrailə (ə) müqəddəs
Kərbəla türbətini əziz İslam Peyğəmbərinə daşımasını vəhy edir.
İkinci aləm: Ruhul Əmin və yaxud Ruhul Quds, yəni Cəbrailin (ə)
məqamı.
Bu barədə İmam Zeynülabidin (ə) müqərrəb mələklər və ərşi
daşıyanlara öz salavatında belə buyurur:
"...və Cəbrail ki, sənin vəhyinin əmanətdarıdır, səmalar əhlinin içində ona itaət olunur, sənin yanında
mənzilət sahibi və dərgahında müqərrəbdir...
Bu kəlmələrdə olduqca geniş məna, əzəmətli məqamlar vardır: İlk
növbədə, Cəbrail (ə) vəhyin əmini olduğu üçün digər mələklərdən bir çox
xüsusiyyətlərlə fərqlənir. Buna görə də Kərbəla türbətini daşımağa
səlahiyyətli olmuşdur. Bu türbət iki qüvvədən ibarətdir: Ruh və Qüdsiyyət.
Qüdsiyyət, paklıq və təharət deməkdir. Dilşünas alim Əl Əzhəri belə
deyir:
"Allah-taalanın malik olduğu sifətləri içərisində "Quddus”, yəni
qudsiyyət və paklıq sifətindən başqası gəlməmişdir.
İbn Kəlbi belə deyir:
"Quddus” təharət və paklıq deməkdir.”
Bütün bunları nəzərə alsaq, görərik ki, "Ruhul Qudus” "Təharət ruhu”
anlamına gəlir. Bu iki qüvvədən ibarət olan məqamın əzəmətli təsirləri
vardır. Bu təsirləri "Ruh” və "Təharət” məfhumlarının çoxsaylı
mənalarından anlamaq olar. Ruhun mənasını aşağıdakı məqamlar vasitəsilə
anlamaq mümkündür:
1) Hər hansı bir şeyin ruhu onun əsası, mahiyyət və həqiqəti deməkdir,
yəni İmam Hüseynə (ə) paklığın əsası verilmişdir
2) Əşyanın ruhu dedikdə onun məğzi və cövhəri anlamına gəlir.
3) Ruh, yəni nəfs; ürfan əhlinin nəzərincə nəfs heyvani xüsusiyyətə
malik olan yemək-içməkdən imtina etmək mənasına gəlir.
Təharət məfhumuna gəlincə isə onun mənasını aşağıdakı məqamlardan
əldə etmək mümkündür. Artıq əvvəldə danışdıq ki, "Quddus” kəlməsinin
mənası nöqsanların inkar edilməsidir. Nöqsanın da əsas səbəbi ölümdür. İnsan ömrünün nöqsanı – ölümün tezləşməsi, bitkilərin nöqsanı – onların
solmasıdır. İnsan bədənindəki hüceyrələrin nöqsanı, yəni onların ölməsi və
yeniləri ilə əvəz olunmamasıdır və s.
Deməli, Təharətin mənası, ölümün uzaqlaşdırılması deməkdir.
Mənanın daha da aydın olması üçün bir misal çəkək. Xəstəni müalicə edən
həkim iki növ Təharət qüvvəsindən istifadə edir:
Birinci məna: "Mütəhhirat”dan (pakedicilərdən) istifadə olunması,
yəni hüceyrələrin viruslardan sterilizə edilməsi, onların paklanması, başqa
sözlə desək, diri hüceyrələrə ölümün yol tapmasına imkan verməmək.
İkinci məna isə – antibiotiklərin istifadə edilməsi, yəni hüceyrənin
yaşaması üçün münbit şərait yaratmaq, başqa sözlə desək, kənar qüvvə ilə
ölümü uzaqlaşdırıb hüceyrəyə həyatı qaytarmaq.
Bu iki mənanı nəzərə alıb demək olar ki, Allah-taala Cəbrailə (ə) həyat
ruhu ilə minnət qoymuşdur, yəni Cəbrailə (ə) həyatın özünü verərək
qüdrətli etmişdir. Çünki "Ruh” və "Təharət” hər ikisi həyat deməkdir. Əsas
sirr bundadır ki, Cəbrail (ə) vəhyin əmanətdarıdır, vəhy isə kafiri ölümdən
həyata apardığı üçün "həyat” adlandırılmışdır. Sanki onun insanlara nisbəti
ruhun insan cəsədinə olan nisbəti kimidir. İmam Zeynülabidin də (ə) öz
duasında bu mənaya işarə etmişdir.
Deyilənlərə əlavə olaraq söyləyə bilərik ki, bu, Qurana xas bir
həqiqətdir. Allah-taala Musanın (ə) qövmündə olan Samirinin əhvalatında
onu bəyan etmişdir. Samiri Bəni-İsrailin zinət əşyalarından buzov
düzəldərək onun içərisinə Cəbrailin (ə) atının dırnağı dəydiyi torpaqdan
tökür. Bu torpaq dənəcikləri həmin heykələ həyat qüvvəsi bəxş edir.
Beləliklə, buzov səs çıxartmağa başlayır. Bunu müşahidə edən Bəni- İsraildən bir dəstə bu fitnəyə uyaraq yolunu azır.
Qurani-Kərim bu hadisəni
Musanın (ə) Samiri ilə söhbətində belə bəyan edir:
"Musa dedi: "Ey
Samiri, sənin (bu böyük qəbahəti etməkdə) məqsədin nə idi?”
Dedi: "Mən
onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının
hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə,
həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı
ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə
gözəl göstərdi.”
Bu ayələrdən görürük ki, Allah-taala Cəbrailə (ə) cansız əşyalara
həyat verə biləcək bir vücudi xüsusiyyət bəxş etmişdir; belə ki hətta onun
atının dırnağının torpağı da həyat bəxş etmək qüdrətindədir.
Qurani-Kərim
buyurur: "...həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc
götürdüm...”
Götürülmüş torpaq Cəbrailə (ə) aid edildiyinə görə həyat bəxş edə
biləcək xüsusiyyət qazanmışdır, sonda isə həmin torpaq dənəcikləri bu
təsiri buzova nəql edir və onun böyürməsinə səbəb olur: "...onlar üçün
böyürən buzov hazırladı...”
Elə isə Cəbrailin (ə) Kərbəla türbətini daşımasında nə kimi təsirlər
vardır?! Kərbəla türbəti Allahın izni ilə "təharət qüvvəsi” və "ruh qüvvəsi”
qazanmışdır. Deməli, bu türbət özündə qeybi təsirlər daşıyır. Bu təsirləri
Peyğəmbər və onun pak Əhli-beyti hədislərdə bəyan etmişdir.
Digər bir sual da meydana çıxır: Cəbrail (ə) vasitəsilə Peyğəmbərə
nəql edilən zaman, o da öz növbəsində onu göz yaşlarına qərq etdikdə, bu
türbət, hansı xüsusiyyəti əldə etmişdir?! Burada bir balaca ehtiyatlı
olmalıyıq ki, quluv (Peyğəmbər və yaxud hər hansı imamın
ilahiləşdirilməsi) ilə ittiham olunmayaq. Buna görə də bu suala iki üslubla
cavab veririk:
Birinci üslub:
Bu məsələdə bizim dəlilimiz Qurani-Kərimin ayələridir. Çünki
Qurani-Kərim bir çox ayələrdə müsəlmanlara Əhli-beytin rütbəsini və
məqamını xəbər verərək bəyan edir. Bu məqama münasib olan ayə isə
"Təthir” ayəsidir. Yəni Allah-taala Cəbraili (ə) "Ruhul Əmin”, "Ruhul
Quds” və yaxud "Təharət ruhu” qərar verərək Əhli-beyti (ə) bu ayənin
məzmununa əsasən, pak və mütəhhər etmiĢdir. Beləliklə, Kərbəla türbəti
"Paklıq ruhunun” (Cəbrail) əli ilə pisliklərdən təmizlənmiş Pakların
yanında əmanət qoyulur. Başqa sözlə desək, Paklıq və Təharət Ruhu ilə
pak və mütəhhər olan peyğəmbərlərin ağası arasında müqəddəs Kərbəla
türbəti rabitə rolunu oynayır. Allah "...İstəyir” "pislikləri Sizdən aparsın”
"Sizi pak və mütəhhər etsin” , "Tamamilə pak”
İkinci üslub:
Sağlam düşüncə sahibini belə bir fikir maraqlandıra bilər: Allah-taalanın
Cəbraili (ə) bu üstünlüklərlə seçib, onu öz rütbəsinə görə bütün
məxluqatın ağası və Allahın həbibinin xidmətinə müşərrəf etməsi o
deməkdir ki, əziz İslam Peyğəmbərinin elə xüsusiyyət və məqamları vardır
ki, ona heç bir müqərrəb mələk, hətta Cəbrail də (ə) yetişə bilməz.
Deməli, Cəbrail (ə) İmam Hüseyn türbətini Kərbəladan Mədinəyə İslam Peyğəmbərinə göstərmək üçün gətirmir, əksinə, onun məqsədi hər iki
aləmin ağası olan peyğəmbərdən təbərrük götürmək idi. Çünki Peyğəmbər
(s.ə.s.) həmin türbəti daşınmadan görüb, qoxulayıb öpərək gözlərinin
yaşına qərq edə bilərdi. Şübhəsiz Allah-taala bu türbətin Peyğəmbərin
(s.ə.s.) məqamından baş verən vücudi təsirləri qazanmasını istəmişdir.
Bütün məxluqatın ağası dedikdə, bu o deməkdir ki, Allah-taala
Peyğəmbəri (s.ə.s.) bütün yaradılmışlardan üstün və fəzilətli edərək heç bir
bəndənin ucala bilmədiyi bir sıra xüsusiyyətlərə malik olmasını istəmişdir.
Allah-taala kərimlərin kərimi olduğu üçün Həbibullah məqamında olmayan
bir məxluqu ucaldaraq kəramətli etməz, baxmayaraq ki, bu rəbbani sifətin
mənası bu məqamda olan şəxsə həddən artıq əta etməsi anlamına gəlir və
bu, eynilə Kərimin fəzilət bəxş etməsi deməkdir.
Buna görə də Cəbrailin (ə) İslam Peyğəmbərinin (s.ə.s.) malik olmadığı
xüsusiyyətlərə sahib olması mümkün deyildir. Bundan əlavə, Allah-taala
bəzi peyğəmbərlərə ölmüş cisimlərə həyat bəxş etmə nemətini əta
etmişdir. Buna misal olaraq, Xızır peyğəmbərin adını çəkmək olar.
Hədislərdə gəlmişdir ki, o həzrət (ə) hər hansı bir qurumuş ağac gövdəsinin
üzərində otursaydı o, yaşıllaşardı və ayaqları hansısa ölmüş torpağa
dəysəydi, canlanıb yaşıllığa çevrilərdi.
İkinci bir misalı Qurani-Kərim İsanın (ə) halını açıqlayaraq bəyan etmişdir.
Bu barədə Allah-taala
buyurur: "...o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə
bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və
iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri)
çıxarırdın...”
Bu deyilənlər, yalnız nübuvvət məqamına aid deyildir. Belə ki
Məryəm (s.ə) İsanı (ə) dünyaya gətirdikdən sonra qurumuş xurma ağacı
canlanıb təzə-tər və yetişmiş xurmalarla dolur: "... təzə yığılmış xurma” Lakin xurma ağacının bu canlanması Məryəmin (ə) əli ilə baş verir.
Adətən, bir xurma ağacının yetişib bar verməsi üçün altı-yeddi ay lazımdır.
Həmin bu müddət Allahın izni ilə Məryəmin (ə) vasitəçiliyinin nəticəsində
qısalıb bir ana çevrilir.
Deməli, hər iki aləmin peyğəmbəri və ağası olan Əziz İslam
Peyğəmbərinin (s.ə.s.) müqəddəs Kərbəla türbətini öpüb göz yaşlarına qərq
etməsinin mənası, öz balası Hüseyni Aləmlərin Rəbbinə qurban verməsidir.
O həzrət (s.ə.s.) bu qurbanın vasitəsi ilə Allahın seçib bəyəndiyi İslam
dininə yenidən həyat bəxş edir.
Allah-taala buyurur: "Şübhəsiz
(peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri
həqiqi) din Allah yanında həmin İslamdır...”, bundan ötrü, "Və Biz ona
böyük bir qurbanlıq fəda etdik.
İkinci bəhs: Cəbrailin (ə) toxunuşu nəticəsində Kərbəla türbətinin
daşıdığı təsirlər
Allah-taalanın əmri ilə Cəbrailin (ə) Kərbəla türbətini Mədinə şəhərinə, İslam Peyğəmbərinə (s.ə.s.) daşıması, o həzrət də (s.ə.s.) öz
növbəsində qoxulayıb, öpüb və İmam Hüseynin (ə) qanı ilə aludə
olmamışdan əvvəl göz yaşları ilə onu aludə etməsi əbəs deyildi. Nə Cəbrail
(ə) malik olduğu məqama görə bihudə iş görməz, nə Aləmlərin Rəbbi, nə
də bütün məxluqatın ağası olan İslam Peyğəmbəri (s.ə.s.) səhv edə
bilməzdi. Deməli, bu məsələ Allahdandır və Ona da qayıdır.
Beləliklə də, Kərbəla türbəti bütün bu məqamlardan əlavə, fiziki və
qeybi təsirlərə malik olub bütün fiziki və qeybi qanunları açdı. Bunlar Əhlibeytdən
(ə) nəql olunan hədislərdə öz əksini tapmışdır.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni