Peyğəmbərin (s.ə.s) nəzərində Kərbəla türbətinin məkana xas xüsusiyyəti
Peyğəmbərdən (s.ə.s.) gələn çoxsaylı hədislər məkana xas xüsusiyyət
cəhətindən Kərbəla türbətinin şərafətini bəyan etmişdir. Bu bəyan bir çox
xüsusi hadisələr zamanı mələklərin Kərbəla türbətini daşıyıb onu
Peyğəmbərin qarşısına qoymaqla təkrarlanmışdır. Buna görə də bu hədislər
bəzən yağış mələyinin, bəzən isə Cəbrailin Kərbəla türbətini gətirməsinə
işarə edir:
1) Əhməd ibn Hənbəl öz müsnədində Sabitdən, o isə Ənəs ibn Malikdən
rəvayət edir ki, yağış mələyi Peyğəmbərin yanına gəlmək üçün
Rəbbindən icazə alır. Peyğəmbər Ummu Sələməyə tapşırır ki, qapıya
nəzarət edib heç kimi yanına buraxmasın. Bu zaman Hüseyn (ə) gəlir. Ümmu Sələmə ona mane olsa da, Hüseyn (ə) atılaraq otağa daxil olur
və Peyğəmbərin belində, çiynində və boynunda oturur. Yağış mələyi
Peyğəmbərdən soruşur:
– Onu sevirsənmi?
– Bəli! – deyərək Peyğəmbər cavab verir.
Yağış mələyi: – Sənin ümmətin onu qətlə yetirəcək. Əgər istəyirsənsə, onun qətlə
yetiriləcəyi məkanı sənə göstərim? – Bu zaman əli ilə vuraraq qırmızı
rəngdə torpaq gətirir. Ümmu Sələmə torpağı götürüb baş yaylığına
bükür.
Bu hədis açıq-aşkar yağış mələyinin türbəti gətirməsi və möminlərin anası Ümmü Sələmənin həmin türbəti götürüb öz yaylığına qoymasına işarə edir.
2) Təbərani Mütəllib ibn Abdullah ibn Həntəbdən, o isə Ümmu
Sələmədən rəvayət edir: "Peyğəmbər bir gün mənim evimdə
oturmuşdu. Mənə əmr etdi ki, heç kimi onun yanına buraxmayım.
Mən də gözlədim. Bu zaman Hüseyn (ə) Peyğəmbərin yanına daxil
oldu. Birdən Peyğəmbərin fəryad edərək ağladığını eşitdim.
Hadisədən hali olmaq üçün otağa daxil oldum. Gördüm ki, Hüseyn
(ə) Peyğəmbərin qucağında əyləşib başını sığallayır, Peyğəmbər isə
ağlayırdı.
Dedim: – And olsun Allaha onun, içəri daxil olmasını görmədim.
Peyğəmbər buyurdu: Cəbrail evdə idi və məndən soruşdu ki, onu
sevirsənmi?
Cavabında : – Bəli!– dedim.
Cəbrail mənə xəbər verdi ki, sənin ümmətin Kərbəla deyilən bir yerdə
onu qətlə yetirəcək. Həmin torpaqdan götürüb mənə göstərdi.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni