Təvəkkül Allaha imanın şərtidir
Bir çox peyğəmbərlərin də’vətinin sərlövhəsini Allaha iman və ona təvəkkül təşkil etmişdir. Allaha imanın xüsusiyyətlərindən biri budur ki, insan ona təvəkkül etsin. Allahın rübubiyyətini qəbul edən insan inanır ki, bütün varlıq aləminə məhz o hakimdir və pərəstişə layiq olan yeganə mə’bud Odur. Belə bir e’tiqada malik olan insan başqalarına ağız açmır, kömək istəmir. O xəstələndikdə Allahdan şəfa diləyir, çətinliyə düşdükdə Allah dərgahında çarə axtarır. Qur’ani-kərimdə müxtəlif məqamlarda Allaha təvəkkül iman xüsusiyyəti kimi təqdim olunur. Ayələrdən birində oxuyuruq: "İmanlı insanlar yalnız Allaha təvəkkül edər.” İmanlı insanlar Allaha təvəkkül və e’timad vasitəsi ilə onunla bağlılıqlarını möhkəmləndirir və kamala doğru hərəkət edirlər. Çünki ruhi və mə’nəvi kamillik yalnız ilahi eşq sayəsində hasil olur. Dəyərsiz bir zərrə Allaha e’timad və eşq sayəsində günəş tək parlayır və kiçik bir damcı sonsuz dərya tək coşub daşır. Hafizin tə’birincə:
Özünü zərrədən əskik bilmə sən,
Parlaq günəşin də ilki zərrədən.
Zərrə tək dəyərsiz olsam da bax gör,
Eşqin sayəsində torpaq oldu dürr.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi